İyunun
30-da təhsil naziri Mikayıl Cabbarov Göygöl şəhərindəki
Heydər Əliyev Mərkəzində Göygöl, Samux, Daşkəsən,
Goranboy rayonlarında, Gəncə və Naftalan şəhərlərində
yaşayan vətəndaşları qəbul edib.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci
ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların
qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda
vətəndaşlar əsasən müəllimlərin işə qəbulu və ya iş
yerinin bir məktəbdən, həmçinin, bir rayondan digərinə
dəyişdirilməsi, işə bərpa olunma, təhsil sənədlərinin
tanınması, ali və orta ixtisas məktəbləri tələbələrinin
bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil
haqqı və bir sıra digər məsələlərlə əlaqədar müraciət
ediblər.
142 nəfərin qeydiyyatdan keçdiyi qəbulda vətəndaşların
müraciəti dinlənilib və əksər məsələlər yerindəcə
həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin
müvafiq qurumlarına tapşırıqlar verilib.
Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid
olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə
müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və
nəzarətə götürülüb. |