Sentyabrın
15-də Bakıda İ.M.Seçenov adına I Moskva Dövlət Tibb
Universitetinin filialı fəaliyyətə başlayacaq. İlk
tədris ilində filialda dövlət sifarişi əsasında 100
tələbə müalicə işi ixtisası üzrə təhsil alacaq.
I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının
yaradılması haqqında qərar Prezident İlham Əliyevin
imzaladığı müvafiq sərəncam əsasında qəbul edilib.
Rusiya Səhiyyə Nazirliyi də universitetin Bakı
filialının yaradılması haqqında müvafiq əmr imzalayıb.
Filialın yaradılmasında məqsəd Azərbaycan
Respublikasında tibb təhsilinin təkmilləşdirilməsi və bu
sahədə dünyanın nüfuzlu ali təhsil mərkəzləri ilə
əlaqələrin genişləndirilməsi, həmçinin ölkə
vətəndaşlarının Rusiya Federasiyasının tibb təhsili
müəssisələrində oxumaq arzusunun təmin olunmasından
ibarətdir.
İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universiteti
Bakıda yaradılan filialın kadrlarla təminatına və tədris
prosesinin təşkilinə metodoloji dəstək göstərəcək.
Tədris əsasən, universitetin professor-müəllim heyəti
tərəfindən yeni nəsil Rusiya dövlət təhsil
standartlarına uyğun aparılacaq. Eyni zamanda, tədris
prosesinə dünyada tanınmış Rusiya alimləri cəlb
olunacaq. Filialda həkim-mütəxəssislərin hazırlanması
zamanı innovativ təhsil texnologiyalarının tətbiqi və
master-klasların keçirilməsi nəzərdə tutulur.
Bakı filialının yaradılmasını əhəmiyyətli hadisə
adlandıran İ.M.Seçenov adına I Moskva Dövlət Tibb
Universitetinin rektoru Pyotr Qlıboçko rəhbərlik etdiyi
ali təhsil müəssisəsinin Azərbaycanla ənənəvi və zəngin
əlaqələrinin olduğunu vurğulayıb. Azərbaycanın davamlı
iqtisadi və sosial inkişaf mərhələsi keçdiyini
xatırladan rektor ölkə rəhbərliyinin təhsil sahəsinə
diqqətini yüksək qiymətləndirib. Bu amillər
universitetin filialının məhz Bakıda yaradılması
haqqında qərarın verilməsinə səbəb olub. |