Sumqayıt
məktəbliləri üçün təşkil olunan "Yay futbol düşərgəsi"
layihəsinin ikinci mərhələsi başa çatıb. Layihə "Kapital
Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu,
Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil
Şöbəsi, "Azərikimya" İstehsalat Birliyi və "Sumqayıt"
Futbol Klubunun təşkilatçılığı ilə keçirilir.
AZƏRTAC xəbər verir ki, ikinci mərhələnin son günündə
bütün iştirakçılar mükafatlandırılıblar.
"Kapital Bank Arena"nın konfrans zalındakı mərasimdə
"Sumqayıt" futbol klubunun Müşahidə Şurasının sədri
Abdulla Məmmədov, futbol veteranları Telman Salahov və
Ağamusa Bağırov, klubun məşqçi heyəti iştirak edib.
İştirakçılara "Sumqayıt" futbol klubunun idman geyimi,
"Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC və AFFA-nın
müxtəlif hədiyyələri təqdim edilib.
Qeyd edək ki, iyunun 2-də start götürən layihə 3 qrup
üzrə keçirilir. "Yay futbol düşərgəsi" layihəsinin
ikinci mərhələsində 4, 11, 14, 38, 43 və 44 nömrəli orta
məktəblərin şagirdləri iştirak ediblər. Ümumilikdə, bu
layihədə Sumqayıtda yerləşən 52 məktəb və liseyin tədris
ilində fərqlənən 100-dən çox oğlan və qız şagirdi
iştirak edir. |