Bu günlərdə Sumqayıt şəhərində maraqlı, kövrək bir
görüş oldu. Qərbi Azərbaycanın Krasnoselo rayonu Gölkənd
orta məktəbinin 1965-ci il buraxılışının məzunları bir
araya gəldi.
XX əsrin əvvəllərində göstərilən məkanın ünvanının
Yelizavetpol quberniyası, Qazax qəzası, Dilican
nahiyəsinin Gölkənd kəndi olması özlüyündə hər şeyi
deyir. Zaman-zaman bizdən alınaraq ermənilərə verilmiş
torpaqlardan biri də məhz bu məkan - Qaraqoyunlu dərəsi
və onun kəndləri olmuşdur. Sovet hakimiyyətinin ilk
illərində Ermənistan Respublikası yaradılması bəhanəsilə
Azərbaycandan alınaraq Ermənistana verilmiş bu
torpaqlara ermənilər köçürülərək məskunlaşdırılmışdır.
1988-ci ildə isə yerli azərbaycanlılar tamamilə öz
ata-baba yurdlarından qovuldular. Artıq 27 ildir o gözəl
diyarımız düşmən əlindədir.
Görüşə Gölkənd orta məktəbinin sabiq direktoru, 29 il bu
məktəbə rəhbərlik etmiş, filologiya elmləri namizədi,
hazırda Azərbaycan Texniki Universitetinin dosenti
Ş.Kərimov, fəaliyyəti ilə hamının rəğbətini qazanmış
riyaziyyat müəllimi R.Tağıyeva dəvət olunmuşdu. Məktəbin
35 məzunundan 13 nəfər görüşdə iştirak edirdi.
Görüş iştirakçıları tərəfindən ötən illər ərzində
dünyasını dəyişmiş müəllimlər minnətdarlıq hissi ilə yad
edildi, həyatdan vaxtsız getmiş 13 sinif yoldaşları
xatırlandı.
İştirakçılar ayrı-ayrı illərdə ibtidai, yeddiillik və
orta məktəb kimi fəaliyyət göstərmiş, 100 ildən artıq
yaşı olan Gölkənd orta məktəbinin məzunlarından 20-dən
çoxunun müxtəlif elm sahələri üzrə elmlər doktoru,
100-dən çoxunun elmlər namizədi adını alaraq Azərbaycan
Milli Elmlər Akademiyasında, müxtəlif ali məktəblərdə,
xarici ölkələrdə işləməsi, ümumilikdə 20 nəfərin məktəbi
qızıl və gümüş medalla bitirməsi, hər il məzunların
böyük əksəriyyətinin ali məktəblərə qəbul olunması,
rayon üzrə keçirilən fənn olimpiadalarında məktəbin
yetirmələrinin qaliblər sırasında çoxluq təşkil etməsini
məktəbin nailiyyəti kimi qeyd etdilər və bunların
ermənilər tərəfindən qısqanclıqla qarşılanmasını xüsusi
vurğuladılar.
Vətənpərvərlik tərbiyəsi sahəsində aparılmış məqsədyönlü
işin nəticəsidir ki, məktəbin 20-yə yaxın yetirməsi
müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyü
uğrunda düşmənlərimizə qarşı döyüşlərdə şəhidlik
zirvəsinə ucalıb. Tədbirdə şəhidlərə rəhmət oxunaraq
əbədi xatirələri yad edildi.
Məzunlar 35 sinif yoldaşlarından 4 nəfərin elmlər
namizədi alimlik dərəcəsi almasını, 20-yə yaxınının ali
təhsil alaraq həkim, mühəndis, müəllim və digər sahələr
üzrə yüksək ixtisaslı kadr kimi yetişmələrində məktəb
pedaqoji kollektivinin, valideynlərinin əməyini yüksək
qiymətləndirərək minnətdarlıq hisslərini görüşdə iştirak
edən müəllimlərinə - Ş.Kərimov və R.Tağıyevaya
bildirdilər.
Görüşdə Prezident İlham Əliyev tərəfindən aparılan
daxili və xarici siyasət nəticəsində Azərbaycanın
dinamik inkişafı yüksək qiymətləndirildi, ərazi
bütövlüyümüzlə bağlı ədalətin bərpa ediləcəyinə əminlik
bildirildi.
Görüşü Ş.Kərimov yekunlaşdıraraq bitirdiyi məktəbin,
doğulub boya-başa çatdıqları elin şərəfini uca
tutduqlarına görə məzunlara razılığını bildirərək
müstəqil Azərbaycan Respublikasının işıqlı sabahına
böyük inam ifadə etdi.
Əlixvan MƏMMƏDOV,
Sumqayıt şəhəri 27 nömrəli tam orta məktəbin direktoru
|