Son
illər musiqi və incəsənət məktəblərində təhsil alan
bir çox istedadlı yeniyetmələr beynəlxalq müsabiqə və
festivallarda iştirak edərək uğurlar qazanırlar.
Onlardan biri də T.Quliyev adına 12 nömrəli
onbirillik musiqi məktəbinin fortepiano ixtisası üzrə
5-ci sinif şagirdi Ayan Aslanovadır. O, 2003-cü ildə
Bakı şəhərində anadan olub. 2015-ci ilin iyununda
Türkiyənin İzmir şəhərində keçirilən fortepiano üzrə
"Motsart akademiyası" (Mozartacademy) I Beynəlxalq
musiqi müsabiqəsində kiçik yaş qrupunda iştirak edib
və birinci yerə layiq görülüb.
Qeyd edək ki, paytaxt məktəblisi ilk uğuruna ötən ilin
fevralında imza atıb. Serbiyanın paytaxtı Belqrad
şəhərində keçirilən Davorin Yenko adına gənc
pianoçuların Beynəlxalq müsabiqəsində iştirak edərək I
dərəcəli diploma layiq görülüb və laureat adını
qazanıb. Həmçinin Maltada keçirilən Beynəlxalq
fortepiano festivalında diplomla
mükafatlandırılıb.
Ayan Aslanova qazandığı uğurlarla kifayətlənmir və
özünə qarşı çox tələbkardır, -deyə müəllimi Səbinə
Aslanova Ayanın Belqraddakı uğurlarından söz açdı.
Bildirdi ki, müsabiqə beş yaş qrupu üzrə keçirilirdi.
Ayan 10-12 yaş qrupunda çıxış etdi. O, Y.Haydının
sonatasını və E.Qriqin iki pyesini fortepianoda
məharətlə ifa etdi və tamaşaçılarda xoş ovqat yaratdı.
Söhbət zamanı Ayan Aslanova dedi ki, ailələrində hamı
musiqiçidir. Onların mənə dəstəyi çox böyükdür . Ona
görə də çalışıram ki, valideynlərimin etimadını
doğruldum. Musiqi müəllimim də çox tələbkardır,
dərslərdə bizə görkəmli Azərbaycan və dünya
bəstəkarlarının yaradıcılığı barədə geniş məlumat
verir.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |