Nərminə
İsmayılova 2000-ci ildə Bakıda musiqiçi ailəsində
anadan olub. Musiqi sədaları altında böyüyən qızcığaz
fortepianoda ilk dərslərini 5 yaşından almağa başlayıb.
2007-ci ildə o, Bülbül adına Orta İxtisas Musiqi
Məktəbinin fortepiano şöbəsinin I sinfinə daxil olub.
Hazırda məktəbin VIII sinfində təhsil alır. Bu illər
ərzində müxtəlif müsabiqə və festivallara qatılaraq
uğurlu çıxışlar nümayiş etdirib.
2009-cu ili Nərminə üçün daha əlamətdar saymaq olar.
Çünki məhz həmin ildə o ilk uğuruna imza ataraq Gənc
ifaçıların N.Əliverdibəyov adına Respublika
müsabiqəsinin laureatı olub. 2013-cü ildə isə
ümummilli lider Heydər Əliyevin anadan olmasının 90
illik yubileyinə həsr olunmuş gənc ifaçıların II
Respublika müsabiqəsində I dərəcəli diploma layiq
görülüb. 2014-cü ilin mayında ulu öndər Heydər Əliyevin
anadan olmasının 91-ci ildönümü və Heydər Əliyev
Fondunun yaradılmasının 10 illiyinə həsr olunmuş
konsertdə Azərbaycan bəstəkarlarının əsərlərini
səsləndirib. 2015-ci ilin aprelində zəmanəmizin
görkəmli pianoçusu Denis Matsuyevin təşkilatçılığı ilə
Astana şəhərində keçirilən gənc pianoçuların "Astana
Piano Passion" III Beynəlxalq müsabiqəsində də
Nərminənin məharətli çıxışı diploma layiq görülüb.
Hazırda gənc istedad xalq artisti Teymur Göyçayevin
rəhbərliyi ilə Azərbaycan Dövlət Gənclər Simfonik
Orkestrinin solistidir. Anası, əməkdar artist Nərgiz
Kərimova Azərbaycan Dövlət Musiqili Komediya Teatrının
solistidir. Bu səbəbdən gənc fortepianoçu bir çox
konsertlərdə səhnəni anası ilə birgə bölüşdürür. Artıq
o, fortepianoda vokal əsərlərini professional musiqiçi
kimi ifa edir. |