Zərrin
Əliyevanın 14 yaşı var. 2008-ci ildən Q.Qarayev adına
Mərkəzi İncəsənət Məktəbində skripka ixtisası üzrə Bakı
Musiqi Akademiyasının professoru Hökümə Əliyevanın
sinfində təhsil alır. Hazırda paytaxtdakı 279 nömrəli
tam orta məktəbin şagirdidir. Bu illər ərzində
konsertlərdə, tədbirlərdə, respublika və beynəlxalq
səviyyəli müsabiqələrdə, festivallarda uğurla çıxış
edib. 2012-ci ildə bəstəkar N.Paqanininin anadan
olmasının 230 illiyinə həsr olunmuş festivalın laureatı
adını qazanıb. 2013-cü ildə Ü.Hacıbəyli adına IV-V-VI
və M.L.Rostropoviç festivallarının iştirakçısı olub.
Həmin ildə Belçikada keçirilən VI Bravo beynəlxalq
müsabiqəsinin, ümummilli lider Heydər Əliyevin anadan
olmasının 90 illik yubileyi münasibətilə ümumtəhsil və
orta ixtisas təhsili müəssisələrinin şagird və
tələbələri arasında keçirilən gənc ifaçıların II
Respublika müsabiqəsinin laureatı adına layiq görülüb.
2014-cü ildə Praqa Yay Akademiyasının iştirakçısı
diplomu ilə mükafatlandırılıb və o, Akademiyanın
professoru Roman Fedçukdan dərs alıb. Z.Əliyeva
Moskva meriyasının beynəlxalq əlaqələr departamentinin
İ.N.Voronovoy adına "Yeni adlar" fondunun
təqaüdçüsüdür. Yeniyetmə istedadın uğurları bununla
bitmir. Kanada Akademiyasının professoru Taras
Qaboradan ustad dərsi alan Zərrin 2010-cu ildən xalq
artisti və dirijor Teymur Göyçayevin rəhbərliyi ilə
Uşaq-Gənclər Simfonik Orkestrinin solistidir. Eyni
zamanda xalq artisti, BMA-nın professoru Zəhra
Quliyevanın rəhbərliyi ilə yaranmış "İstedad
mərkəzi"nin üzvüdür.
Qeyri-adi istedad sahibi Z.Əliyeva 2015-ci ildə
Moskvada Kreml Sarayının Georgiyevsk zalında dünyanın
8 ölkəsinin iştirak etdiyi 1 İyun-Uşaqları Beynəlxalq
Müdafiə Günü münasibətilə keçirilən "Melodika
pokoleniy" adlı III Beynəlxalq musiqi festivalında
Azərbaycanı təmsil edib və uğurla çıxış edərək
diploma layiq görülüb. Festivalı Rusiya
prezidentinin simfonik orkestri müşayiət edib. Həmin
ildə Samara şəhərində Yuri Başmetin rəhbərliyi ilə
Musiqi Akademiyasının təşkil etdiyi ustad dərslərində və
konsertdə uğurla iştirak edən yeniyetmənin ifaları
maraqla qarşılanıb və yüksək qiymətləndirilib.
Zərrin Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbini
qırmızı şəhadətnamə ilə bitirib. |