Beynəlxalq
müsabiqələr laureatı olan 18 yaşlı Emin Eminzadə bir
il ABŞ Dövlət Departamentinin və Təhsil Nazirliyinin
dəstəyi ilə Texas ştatındakı "Marshall High School"da
musiqi təhsili alıb. Amerikada təhsil aldığı bir il
müddətində o, sənədlərini AMDA-ya verib və
imtahanlardan uğur qazanaraq Amerika Musiqili və
Dramatik Akademiyasına daxil olub. Qeyd edək ki,
E.Eminzadə bu məşhur musiqi akademiyasına daxil olan ilk
azərbaycanlı kimi tarixə düşüb. O, Texas ştatında
dəfələrlə Azərbaycan mədəniyyəti və incəsənətinin
təbliği ilə bağlı təqdimatlarda fəallıq göstərərək
Azərbaycan mədəniyyəti ilə amerikalıları yaxından tanış
edib. Bu fəallığına görə E.Eminzadəyə Texas rəhbərliyi
tərəfindən ştatın fəxri vətəndaşı statusu da verilib.
Xatırladaq ki, gənc vokalçı bu günədək İtaliya,
İspaniya, Qazaxıstan və Hollandiyada keçirilən
beynəlxalq musiqi müsabiqələrində böyük istedad nümayiş
etdirərək laureat adına layiq görülüb.
Emin Eminzadənin repertuarında türk, rus, ingilis,
italyan və ispan dillərində mahnılar yer alır. O, bu
dillərdə sərbəst danışır.
Bakıdakı G.Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi
Məktəbinin vokal şöbəsini bitirən gənc vokalçı haqqında
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın
baş redaktoru olduğu və Moskvada nəşr olunan "Baku"
jurnalının 2014-cü il sentyabr-oktyabr nömrəsində
"Bolşie Nadejdı" adlı məqalə də dərc olunub. Həmin
məqalədə Eminin musiqi sahəsində qazandığı uğurlardan
ətraflı bəhs olunub. |