Sona MƏMMƏDOVA,
Sumqayıt şəhər humanitar, təbiət-riyaziyyat təmayüllü
"İstedad" liseyinin müəllimi
Riyaziyyat fənni. IV sinif
Mövzu: "İkirəqəmli ədədi ikirəqəmli ədədə
vurma".
Məzmun standartı:
1.2.4. Birrəqəmli, ikirəqəmli, üçrəqəmli ədədlərə yazılı
vurma və bölmə alqoritmlərini nümayiş etdirir.
1.3.4. Hesablamaların nəticəsinin yoxlanılmasında
əməllər arasındakı əlaqədən istifadə edir.
Dərsin məqsədi:
1) ikirəqəmli ədədlər üzərində vurma əməlini vurmanın
yerdəyişmə, qruplaşdırma, paylama xassələrini tətbiq
etməklə yerinə yetirir.
2) ikirəqəmli ədədlər üzərində vurma əməlini şəbəkə
üzərində modelləşdirir.
3) ikirəqəmli ədədlər üzərində vurma alqoritmini yazılı
yerinə yetirir.
4) vurma əməlinin yerinə yetirilməsini tələb edən
situasiyaları məsələnin şərtində ayırır.
5) məsələ həll etmək bacarıqlarını nümayiş etdirir.
İnteqrasiya: Həyat bilgisi: 2.1.4;
3.1.1
İnformatika: 1.1.2
Dərsin tipi: İnduktiv.
İş formaları: Bütün siniflə iş, böyük
qruplarla iş, fərdi iş.
İş üsulları: Beyin həmləsi, problemli
situasiyanın təhlili, modelləşdirmə.
Resurslar: Dərslik, iş vərəqləri,
film biletləri, hesablama çötkəsi, kompüter, proyektor
və s.
Motivasiya: Müəllim dərsə qabaqcadan
hazırlanmış səhnəciklə başlayır. Səhnəcik Xocalı
faciəsinin qurbanlarının xatirəsinə həsr olunur. Xocalı
faciəsinin qurbanları 1 dəqiqə sükutla yad edilir.
Tədqiqat sualı: Müxtəlif məsələlərin
həllində ikirəqəmli ədədi ikirəqəmli ədədə vurma əməli
necə tətbiq olunur?
Tədqiqatın aparılması: Tədqiqatı aparmaq
üçün müəllim şagirdləri qruplara ayırır. Qruplar müəllim
tərəfindən qabaqcadan hazırlanmış şəkli seçməklə
adlandırılır. Bunun üçün müəllim hər masadan bir şagirdi
lövhəyə çağırır. Şagirdlər onlara təqdim olunmuş şəkli
seçib əyləşir. Bütün qrup seçdiyi şəkil haqqında məlumat
toplayır.
Qrup tapşırıqları:
"Arximed" komandası: Bir gün ərzində 70 inəyin hər
birindən 13 l süd sağıldı. Sağılan südlə 21 ədəd 45
l-lik bidonu doldurmaq olarmı? Niyə?
"Aristotel" komandası:
Birinci sahədən 17 kisə, ikinci sahədən isə 13 belə kisə
olmaqla iki sahədən cəmi 1200 kq soğan yığıldı. Birinci
sahədən yığılan soğan ikinci sahədən yığılan soğandan nə
qədər çoxdur?
"Tusi" komandası:
Bir bağdan 84 səbət üzüm, o biri bağdan isə 90 belə
səbət üzüm yığıldı. İkinci bağdan yığılan üzüm birinci
bağdan yığılandan 150 kq çoxdursa, hər bağdan nə qədər
üzüm yığılmışdı?
"Pifaqor" komandası:
Fəhlə hər günə bərabər sayda olmaqla 20 gün ərzində 640
detal hazırlamağı nəzərdə tutmuşdu. Lakin o, hər gün
nəzərdə tutduğundan 6 detal çox hazırladı. Fəhlə 20 günə
neçə detal hazırladı? Məsələni iki üsulla həll et.
Yarışma: Müəllim bir az dincəlmək
məqsədilə yarışma keçirir. Yarışmanın şərti belədir:
verilən hər suala görə komanda 1 bal qazanır. Sonda ən
çox bal qazanmış komanda yarışın qalibi hesab olunur.
Onu da qeyd edim ki, yarışda ən tez vaxtdan istifadə
etmiş komanda 1 bal qazanır. Suallar şifahi hesablamaya
aiddir.
Nəticə: Müəllim slaydların
köməyilə nəticəyə gəlir. Slaydlar ikirəqəmli ədədin
ikirəqəmli ədədə vurulmasına aid olan məsələ və misallar
şəklində verilir.
Yaradıcı tətbiqetmə: Şagirdlərə
tapşırıqlar verilir və onlar bu tapşırıqları hesablama
çötkələri ilə aparırlar. Sonda hər qrup bir nümunəni
maqnit çötkədə göstərir. Şagirdlər əvvəlcə ilk hesablama
aləti haqqında məlumat verirlər. Sonra şagirdlərə hazır
verilmiş ikirəqəmli ədədləri çötkə ilə hesablamaq
tapşırılır. Ən tez hesablayan komandadan bir nəfər gəlib
lövhədə izah edir.
Qiymətləndirmə:
Qiymətləndirmə meyarlar əsasında aparılır:
Ev tapşırığı: Dərslikdən səh. 108-də 4
və 5-ci məsələləri həll etmək.
Şagirdlər dərsin əvvəlində sözügedən "Xoca" filmi
haqqında dərsin sonunda məlumat verirlər.
Müəllim: İstəməzdim dərsimin
sonluğu hüznlə bitsin, amma onu deməliyəm ki, hər dəfə
fevral ayının ilk günündən biz Xocalı soyqırımının
qurbanlarını anmaya bilmərik. Xocalı faciəsi bizim hər
birimizin matəminə çevrilməli, 26 fevral günü isə bu
faciənin qurbanlarını hüznlə yad etməliyik. Bu faciə
haqqında biz gələcəyimiz olan şagirdlərə də hər dəfə
məlumat verməliyik. |