Şabranda
klassik ədəbiyyatımızın görkəmli nümayəndəsi Xaqani
Şirvaninin yaradıcılığına həsr olunmuş poeziya gecəsi
keçirilib. Rayon təhsil şöbəsindən məlumat verilib ki,
tədbir iştirakçıları əvvəlcə şairin abidəsini ziyarət
edib, qarşısına gül dəstələri düzüblər.
Şabrandakı Xaqani Şirvani adına poeziya evində keçirilən
gecədə şairin yaradıcılığından danışılıb, şeir və
qəzəlləri səsləndirilib.
Şairlər Səlim Babullaoğlu, Tofiq Nurəli, yazıçı Elçin
Hüseynbəyli çıxışlarında Azərbaycanın dünyada
filosofların, alimlərin, şairlərin vətəni kimi
tanındığını qeyd ediblər. Xalqımız Xaqani Şirvani kimi
ədəbiyyat xadimləri ilə fəxr edir və bu irsi daim
qoruyub saxlayır.
Bildirilib ki, Xaqani Şirvani klassik Şərq poeziyasının
bütün janrlarında yüksək sənətkarlıq nümunələri yaradıb.
Bu səbəbdən də əsərləri tezliklə Yaxın və Orta Şərq
ölkələrinə yayılaraq müasirlərinin diqqətini cəlb edib.
Bədxah saray şairlərinin haqsız hücumlarına məruz qalan
Xaqani Şirvani 1156-cı ildə Məkkəyə ziyarət bəhanəsi ilə
Şirvanı tərk etməyə məcbur olub. Xaqani Şirvani gizli
surətdə Şirvandan getməyə cəhd göstərərkən həbs olunaraq
Şabran qalasına salınıb və 7 ay burada saxlanılıb.
"Şabran şəhəri" Tarixi Qoruğunda aparılan qazıntılar
zamanı Xaqani Şirvaninin saxlanıldığı həbsxana da aşkara
çıxarılıb. Artıq dörd ildir ki, ənənəvi olaraq Şabranda
Xaqani Şirvaninin yaradıcılığına həsr olunmuş poeziya
gecələri keçirilir. |