Vidadi BƏŞİROV,
Azərbaycan Dillər Universitetinin pedaqogika
kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru
Bu gün ali və orta ixtisas təhsili müəssisələrində
pedaqoji prosesi səmərəli etməyin mühüm amillərindən
biri də təhsilalanların ideya-siyasi, əxlaqi-mənəvi
hazırlıq səviyyəsini, intellektual bacarıq və
vərdişlərini, peşə-ixtisas səriştəliliyini yüksəltmək
üçün onlara fundamental nəzəri-elmi bilik və yüksək
davranış mədəniyyəti aşılamaqdan ibarətdir.
Ali təhsillə bağlı son illər qəbul olunmuş bir sıra
sənədlərə, eləcə də Nazirlər Kabinetinin müvafiq
qərarları ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin
dövlət standartları və proqramı"na, "Bakalavriat
təhsilinin məzmunu və təşkili Qaydaları"na,
"Magistratura təhsilinin məzmunu, təşkili və "magistr"
dərəcələrinin verilməsi Qaydaları"na və Avropa Kredit
Transfer Sisteminə uyğun olaraq hazırlanmış və
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il
24 dekabr tarixli 348 saylı qərarı ilə təsdiq edilmiş
"Ali təhsil müəssisələrinin bakalavriat və magistratura
səviyyəsində kredit sistemi ilə tədrisin təşkili
qaydaları"na əsasən imtahanların tətbiqi ilə əlaqədar
mühüm didaktik tələblər sisteminin hazırlanması indi
pedaqoji ictimaiyyətin diqqət mərkəzindədir.
Bu sənədlərdə tələbələrin ali məktəbdə qazanmış
olduqları bilik, bacarıq, vərdişlər və mənəvi
keyfiyyətlərin səmərəli tətbiqi istiqamətində təlimin
(ümumilikdə pedaqoji prosesin) təşkili forması olan
imtahanlara yeni münasibət, bu sahədə əsaslı
dəyişikliklərin nəzərə alınması prioritet istiqamət kimi
öz bariz ifadəsini tapmışdır.
İmtahan prosesinin təşkili ilə bağlı şərhlər onu deməyə
əsas verir ki, hazırda bu işin elmi əsasları, nəzəri
qanunauyğunluqları, praktik istiqamətləri, sosial həyati
mündəricəsi maksimum səviyyədə humanist qayələr
əsasında, ədalətli mövqe seçimi, obyektivlik prinsipi
baxımından tam demokratik və şəffaf mühitlə hasilə
gəlməlidir.
Bu gün ali təhsil ocaqlarının əksəriyyətində
imtahanların açıq olması, şəffaf aparılması geniş
ictimaiyyət arasında böyük maraq doğurur. Bu işə ictimai
nəzarət gücləndirilmiş, xüsusən imtahanların valideyn
müşahidəsi ilə, ictimai qurumların səy və qayğıları ilə
əhatə olunmasına böyük diqqət yetirilir.
Bu cəhətdən imtahanlara yeni yanaşma baxımından dəyər
verilməsi zərurəti yaranır. İmtahan tədris prosesinin
elə bitkin kəsiyidir ki, bu zaman imtahan verənlərin
təhsil mərhələlərində qazanmış olduqları biliklər
sistemi daha səmərəli və effektiv nəticələrlə özünü
büruzə vermiş olur. Xüsusən imtahan zamanı tələbələrdə
təlaş, həyəcan, stres, psixi gərginlik yaranması
səbəbindən onlarda "imtahan xofu" sindromu əmələ gəlir.
İmtahan gedişində tələbənin öz psixoloji vəziyyətini
tənzimləməyi bacarmaması təlim əməyini heç də səmərəli
etmir. Nəticə olaraq bu işin təşkili prinsipləri nə
qədər mükəmməl texnologiyalar və təşkilati prosedurlar
əsnasında qurulsa da, yenə də "xof" deyilən bir hal
tələbə psixologiyasında "lövbər" saldığı üçün o, özündə
bu ziddiyyətli məqamları aradan qaldırmaq üçün daxili
təpər hiss etmir.
Çox vaxt tələbələr tərəfindən pedaqoji fəaliyyətin
imtahan prosesinə qanunauyğun olaraq təlimdə
müvəffəqiyyətinə nəzarət, onun yoxlanılması,
qiymətləndirilməsi və hesaba alınması üsulu kimi proqnoz
verilmədiyindən, hazırlıq məqamlarında iradi səy azalır,
vahimə buludu ətrafda sanki, qorxunc meyil, sağlam
olmayan mənəvi-psixoloji mühitin yaranmasına gətirib
çıxarır.
Dəfələrlə şahidi olmuşuq. Tələbə adətən imtahan
ərəfəsində özünü daha çox səfərbər etməklə bu prosesə
hazırlaşmağı qət edir. İmtahanlar üçün zəruri şərtin
ideya və mənəvi istiqamətini gündəlik hazırlıqla yox,
yalnız bu "finiş"də sınaqdan çıxarmaq üçün, sanki bu
niyyət ilə öz iradəsini cilovlayır.
Bəs əslində imtahana aparan yol üçün həqiqi hazırlıq
mərhələsi nədən nəşət götürməlidir?
Əlbəttə, adi bir həqiqətdir ki, fənn üzrə biliklər
mövcud proqram səviyyəsində məşğələ zamanı və gündəlik
hazırlıq yolu ilə nə qədər məqsədyönlü, ardıcıl, planlı
qaydada mənimsənilərsə, tələbələrə imtahanda bir o qədər
asan olar.
Lakin bəzən tələbələr arasında imtahan prosesində "bilik
yeganə meyardır" prinsipinə əməl etməyərək müxtəlif
yollara əl atmağa çalışanlar da olur. Bunun da ən
mühüm səbəbi, bizcə onların bu prosesə əksər hallarda
xoflu məqam, gərginlik məkanı, təzadlı situasiya mühiti
kimi qeyri-dəqiq halətlərlə yanaşmalarından irəli gəlir.
Tələbələr arasında imtahan xofu hətta bu zaman bəzi
üzdəniraq əməllərə də əl atmağı onların "iş üsuluna"
çevirir. İmtahan gedişində qulaqçıqlardan istifadə,
telefon ismarıcı göndərmə, "şparqalka əməliyyatı" və
digər bu kimi halların cərəyan etməsi əlbəttə yaxşı hal
deyil. Tələbə imtahana yüksək şövq və nikbin əhvalla
girməlidir. O, il boyu qazanmış olduğu təlim nəticələri
haqqında "dəsti-xəttini" görməli, hazırkı fəaliyyət
məhsulunun xoş uğurundan sevinc, fərəh hissi tapmalıdır.
Əfsuslar ki, ali məktəb astanasında gələcək nəsil
formalaşdırmağın imtahandan keçən yolu xof zabitəsindən
yan keçmədiyi üçün belə hallar tələbə dünyasında tam
səmimiyyəti ilə müşahidə olunmur. Halbuki, imtahan da
hər bir tələbə üçün şərəf və ləyaqət məsələsi olmalıdır.
Məsələnin digər bir tərəfi isə sırf imtahan prosesinə
hazırlığı təmin edən fənn müəlliminin və yaxud digər
iştirakçıların bu prosesdəki aydın və düşünülmüş mövqeyi
ilə bağlıdır. Müəllim üçün imtahan demokratik bir imic
olmalı, onda yüksək məsuliyyət hissi yaratmalıdır. Fənni
tədris edən müəllim imtahan prosesini seyrçi mövqedən
yox, vətəndaş-mütəxəssis münasibətindən həll etməyə
çalışmalı, bu yolda əldə olunan nəticələri gələcək
fəaliyyəti üçün stimul seçməli, çatışmazlıqları
götür-qoy etməklə, öz peşə və sənət paradiqmasına,
ixtisas fəaliyyətinə bir daha nəzər salıb, özü-özünə
mənəvi-hüquqi cəhətdən hesabat verməlidir.
Lakin imtahan imicinin məqsəd və vəzifələrinin icra
olunmasında təkcə müəllim və tələbə münasibətlərindəki
gedişatla da kifayətlənmək olmaz.
Hazırkı şəraitdə "imtahanın xofu və onun demokratiyası"
bu subyektlərin fərdi yanaşma manerasında olan bəzi
çatışmazlıqlar heç də onların bu prosesə
məsuliyyətsizliyindən irəli gəlmir. Avropa dəyərlərinə
istinadən qurulan və yazılı formada həyata keçirilən
imtahan prosesində üzə çıxan anlaşılmazlıqlara ciddi
hüquqi-sosial münasibətin olmaması da, açığını deyək ki,
qənaətləndirici hal deyil. Məsələn, ölkəmizin mövcud
olan ən nüfuzlu ali məktəblərində belə, imtahan xofu,
onu üstələyəcək demokratik təsir imkanları dəqiq
müəyyənləşdirilmədiyindən, imtahan bir qism
müəssisələrdə yazılı, digərlərində şifahi, başqalarında
isə test texnologiyasına istinadən aparılır. Ali
məktəblərarası münasibətlərdə imtahan hazırlığı və
təcrübəsi üçün vahid şəbəkə, koordinasiyaedici qurum
olmadığından bu sahədə müəllim və tələbə həmrəyliyinə də
müəyyən cəhətdən xələl gəlir.
Doğrudur, bu sahədə Azərbaycan Respublikası Təhsil
Nazirliyinin müvafiq islahatçılıq fəaliyyəti mövcud
reallıqlara aydın çıraq tuta bilir, lakin bu iş
ictimai-dövlət qurumlarının digər səlahiyyətli
məmurlarını da hərəkətə gətirməlidir. İmtahan
proseslərinə ümumxalq və ümumdövlət səviyyəsindən,
kütləvi sosial dəyər prizmasından yanaşılmalıdır.
Bilik nümayiş etdirməyin nəzəri-metodiki vəsiləsi olan
imtahan prosesinin yeni milli-pedaqoji xüsusiyyətləri
ilə dünya təcrübəsindəki mütərəqqi texnoloji çalarları
üzvi surətdə vəhdətdə götürməklə, sağlam
mənəvi-psixoloji mühit və maddi-texniki baza yaratmaqla
imtahan ovqatına həm də ədalətli seçim, vicdanlı
münasibət kredosundan yanaşılmalıdır.
Açığını deyək, hələ də bir çox ali təhsil ocaqlarında bu
ümumxalq və ümumdövlət əhəmiyyətli işə novator ideyalar
baxımından yox, köhnə ənənələr, şablon ehkamçılıq
vərdişləri ilə yanaşılır. Tələbə yüksək şövqlə, şüurlu
intizam əsasında, dinamik inkişaf cəhdi ilə imtahan
auditoriyasına daxil olur. Müvafiq qaydada ya şifahi, ya
da yazılı-test formasında təşkil olunmuş imtahan zamanı
onun çöhrəsində sevinc, məmnunluq, nikbin ovqat əvəzinə,
çox vaxt məyusluq, kədər, süstlük, bədgümanlıq müşahidə
edilir. Çox vaxt tələbələri bu prosesdə dolğunlaşdırmaq,
onlara yüksək mənəvi-estetik çalarlara söykənməyi təlqin
etmək əvəzinə, imtahanın təşkilinə xof, həyəcan, həddən
ziyadə qeyri-humanist tələblər şərti kimi baxırıq.
Tələbənin mobilliyi, işgüzarlığı, qətiliyi sanki
buxovlanır. O, cansıxıcı, bürokratik, leqal olmayan
imiclə karıxır, adi təbii hərəkətlərə belə ciddi
"qadağalar" qoyulduğundan, mövcud stresdən çıxa bilmir.
İmtahan isə, qəti inamla demək olar ki, sağlam
mənəvi-psixoloji mühitdən nəşət almalıdır.
Yaxşı xatırlayıram... Qəbul imtahanlarında rəhbər kimi
iştirak edirdim. İmtahan gedən zallardan birinə daxil
olarkən bir nəzarətçi müəllimin abituriyentlə inadlı
mübahisəsinin şahidi oldum. Mübahisənin səbəbini
öyrəndim.
Məktəb məzunu, sən demə, ucqar bir dağ kəndindən
olduğundan, yay vaxtı şəhər mühitində müdhiş istilərə
dözümlü olmadığını əsas gətirib, oturduğu stulun bir az
pəncərə önündən, aralı qoyulmasını nəzarətçi müəllimdən
təvəqqe etmişdir. Nəzarətçi-müəllim sanki, bu "fəhmi"
duyub, belə hərəkətin yolverilməz olduğunu ona
bildirmişdi. Mən hüquqi cəhətdən məsələnin həllində
nəzarətçi-müəllimi qınamadım. Amma mənəvi cəhətdən,
humanist prinsip, heç bir maneə yaratmayan, bütövlükdə
prosesə zərrə qədər xələl gətirməyən bu cür gözlənilməz
hallarla həmkarımın "barışmazlığına" da haqq
qazandırmadım. Xüsusən, bu cür hallarda imtahan
prosesinin xofunu hələ ali məktəb tələbəsi olmağa
çalışan gənc bir yeniyetmənin təbii qarşılanan
"xahişi"ndə nəzərə almamaq, "təlimat buna yol vermir"
təkəbbürü ilə icra etmək aludəçiliyi, əlbəttə, ədalətli
qərar sayıla bilməz...
...Müasir dövrdə ali məktəblərdə imtahan prosesləri
mövcud "Qaydalar"a (Bax: "Azərbaycan müəllimi" qəzeti,
24 yanvar 2014-cü il, №3) əsasən qurulur, müvafiq
normativ-hüquqi sənədlər əsasında tənzimlənir. Bu sahədə
milli və ümumbəşəri təcrübə standartları nəzərə alınır.
İmtahan prosesi güzəştsiz və obyektiv təlim əməyinin
təşkili formasıdır. Onun öz obyektiv və prinsipual
qanunauyğunluqları vardır.
Lakin imtahan prosesindən əldə olunan nəticələri təkcə
quru, bürokratik rəsmiyyətçi mövqeyi baxımından da
dəyərləndirmək düzgün sayıla bilməz.
Bu gün Bolonya prosesi (sistemi yox - V.B.) təcrübəsi
zəminində və kredit sistemi ilə müvazinətlənən imtahan
kəsiyində tələbə-müəllim-mütəxəssis vəhdətinin xoş
məramı, səmimi demokratizmi, humanist qayələri də
unudulmamalıdır.
İmtahan prosesində cərəyan edən hadisələri
ümumiləşdirərkən bu sahənin elmi əsaslarını hazırlayan
milli pedaqogikanın elmi-nəzəri, təcrübi-metodik
istiqamətlərindən də yetərincə faydalanmaq vacibdir.
İmtahan prosesində milli xüsusiyyətlərin, bölgə
prinsiplərinin, yeni ümumbəşəri pedaqoji
texnologiyaların tətbiqi imkanlarını reallaşdıran
amillərə də dəyər verilməlidir.
İndi imtahan məfhumunun sosial mündəricəsi də yeni
pedaqoji təfəkkür imkanları ilə qavranılmalıdır. Bu
yönümdən milli pedaqogikanın gəldiyi qənaət yeni
münasibətlər zəminindən belə aşkarlanır: "İmtahanlar
haqqında Əsasnamə imtahan üçün normal psixoloji mühit
yaradılmasını və şagirdlərdə (həm də tələbələrdə - V.B.)
qorxu hissinin aradan qaldırılmasını tələb edir.
İl boyu şagirdlərin (tələbələrin) təlim əməyinə
məsuliyyətlə yanaşmaları və onların müntəzəm çalışmaları
imtahanda gərginliyi xeyli azaldır.
...İmtahan - fənnin tədrisi başa çatandan sonra
əvvəlcədən tərtib edilmiş biliklər üzrə şagirdlərin
(tələbələrin) bilik və bacarıqlarının səviyyəsini
müəyyənləşdirərək mövcud ballar çərçivəsində
qiymətləndirilməsi prosesidir" (Bax: Nurəddin Kazımov.
Məktəb pedaqogikası. Bakı, "Çıraq", 2011, səh.213).
Göründüyü kimi, imtahan reallığı köklü pedaqoji
problemlərdən biridir. Onun qoyuluş prinsiplərinə təhsil
inkişafı tarixində münasibətlər də elə bu səbəbdən
müxtəlif cür yanaşmalar əsasında olmuşdur.
Tarixən də imtahan zərurəti faktoloji hadisə kimi
şagirdlər, tələbələr arasında vahiməyə, qorxuya səbəb
olmuşdur. Buna görə də pedaqoji ictimaiyyətin qabaqcıl
nümayəndələri imtahan prosesinin keçmiş və müasir
mənzərəsinə də daim ciddi diqqət yetirməyin
əhəmiyyətliliyindən bəhs edən konkret mülahizələr,
pedaqoji düşüncələr üzərində çox dayanmışlar.
Tədrisin təşkili prosesində ali məktəblərdə imtahanların
nümunəvi zəmində, optimal qaydada aparılmasına rəvac
verən didaktik prinsipləri nəzərə almaq, onu
elmi-nəzəri, metodiki-psixoloji meyarlar baxımından
düzgün tənzimləməyin müasir paradiqmalarınıdan biri də
məhz, "Ali təhsil müəssisələrinin bakalavriat və
magistratura səviyyəsində kredit sistemi ilə tədrisin
təşkili Qaydaları" ilə təsbit olunan tövsiyələrdir.
Həmin sənəddə çox haqlı olaraq qeyd olunur ki, "Fənn
üzrə semestr göstəricilərinə və imtahanların nəticəsinə
görə müvəffəq qiymət almış tələbə həmin fəndən kreditlər
qazanmış hesab edilir. Əks təqdirdə, tələbə bu fəndən
kreditləri (yəni təhsil borcunu - V.B.) qazanmır və onun
həmin fənn üzrə akademik borcu qalır.
Fənn (fənlər) üzrə akademik borcu qalan tələbə həmin
fənni (fənləri) yenidən dinləməlidir (xüsusi təyinatlı
ali təhsil müəssisələri istisna olmaqla).
Bu zaman tələbə həmin fəndən (fənlərdən) dərslərdə
iştirak etməklə, onun (onların) mənimsənilməsinə qoyulan
tələbləri tam yerinə yetirməlidir".
Əlbəttə, bu mülahizələrdən irəli gələn nəticə odur ki,
pedaqoji prosesin cövhərinə çevrilən imtahan gələcək
inkişaf üçün daim sönməz məşələ çevrilməlidir. Bunu isə
bizdən həyatın özü tələb edir. |