Heç
kimə sirr deyil ki, təhsil sahəsində aparılan
islahatların gözlənilən səmərəni verməsi, bütövlükdə
təhsilin keyfiyyəti ilk növbədə müəllimdən asılıdır.
Müəllimin fəaliyyətinin səmərəliliyini təmin edən
amillər içərisində isə onun peşəkarlığı, xüsusən də
metodik hazırlığı mühüm yer tutur. Məhz buna görə də
ölkədə təhsil islahatları ilə bağlı sənədlərdə, eləcə də
təhsilin inkişafı üzrə Dövlət Strategiyasında səriştəli
təhsilverənlərin formalaşdırılması üçün müəllimin
elmi-metodik hazırlığının yüksəldilməsi zəruri hesab
edilir və bu istiqamətdə silsilə tədbirlər nəzərdə
tutulur. Belə tədbirlərdən biri də öz metodik ustalığını
artırması və dərslərində istifadə üçün müəllimin yeni
elmi-metodik resurslarla, vəsaitlərlə təmin edilməsidir.
Sevindirici haldır ki, son illər bu istiqamətdə
aparılan işlər güclənmiş, yeni-yeni interaktiv tədris
resursları, metodik vəsaitlər hazırlanaraq müəllimlərin
istifadəsinə verilmişdir. Daha diqqətəlayiqi isə odur
ki, müəllimlər, məktəb rəhbərləri özləri də bu sahədə
axtarışlara qoşulur və yeni tədris resurslarının,
metodik vəsaitlərin yaradılmasında fəal iştirak edirlər.
Bu sahədə növbəti yeni bir təşəbbüs Bakı şəhərindəki 230
nömrəli tam orta məktəbdə göstərilib. Belə ki, məktəbin
direktoru Elşən Qafarov və direktor müavini Ləman
Babayeva müəllimlər üçün "Həmkara dəstək" adlı yeni
vəsait tərtib ediblər. Vəsaitdə bu təhsil ocağında
"Həmkara dəstək" layihəsi çərçivəsində ötən ilin iyun
ayında təşkil olunmuş məktəbdaxili təlimlərdə, eləcə də
vaxtaşırı olaraq metodikadan və İKT-dən keçirilən
monitorinqlərdə istifadə olunmuş materiallar, testlər
toplanıb.
Respublika Təhsil Şurasının dəstəyi ilə bu yaxınlarda
çapdan çıxmış metodik vəsaitin iyunun 19-da Bakı şəhər 6
nömrəli məktəb-liseydə təqdimatı keçirilib.
Təqdimat mərasimində Təhsil Şurası İdarə Heyətinin
üzvləri və fəal, yaradıcı müəllimlər iştirak ediblər.
Mərasimi açan Təhsil Şurasının sədri, professor Əjdər
Ağayev iştirakçıları salamlayaraq hazırda ölkəmizdə
keçirilən ilk Avropa Oyunlarının hər bir Azərbaycan
vətəndaşı üçün böyük qürurverici hadisə olduğunu
bildirib və oyunlarda idmançılarımızın qazandıqları
parlaq qələbələr münasibəti ilə toplantıya qatılanları
təbrik edib. Vətəndaş cəmiyyətinin formalaşmasında
ictimai təşəbbüslərin mühüm rol oynadığını qeyd edən
Ə.Ağayev 230 nömrəli tam orta məktəbin rəhbərliyinin
təşəbbüsünü də yüksək qiymətləndirib və metodik
vəsaitin necə meydana gəlməsi barədə məlumat verib.
Mərasimdə
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin şöbə müdiri Sevinc
Əliyeva, Bakı şəhər 7 nömrəli tam orta məktəbin
direktoru Könül Həsənova, təhsil eksperti, professor
Şahlar Əsgərov və b. çıxış edərək təşəbbüsü
alqışladıqlarını bildirib, metodik vəsaitin
əhəmiyyətindən danışıblar.
Qeyd olunub ki, 10 günlük (60 saat) kurikulum təlimi
materiallarının, terminlərin kitabda sadə, lakonik
şəkildə izahı verilib, cavabları ilə birlikdə 750 test
toplanıb. Metodik vəsaitin müəllimlərin sınaq
qiymətləndirilməsinə hazırlıq və məktəbdaxili təlimlər,
monitorinqlər xarakterli olmaqla müəllimlər üçün nəzərdə
tutulduğu, lakin ondan eyni zamanda müəllimlərin işə
qəbuluna hazırlaşanların və kurikulumu sərbəst
öyrənmək istəyənlərin də istifadə edə bilməsi
vurğulanıb.
Çıxış edənlər habelə təhsillə bağlı bir sıra aktual
məsələlərə də öz münasibətlərini və təkliflərini
bildiriblər.
Təqdimatda ölkəmizdə təhsilin inkişafından bəhs edən
videoçarx nümayiş olunub.
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi" |