Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 İyun 2015 - №23

 

"Oksford Universitetinin şərqşünaslıq fakültəsinin ilk azərbaycanlı tələbəsi"

 

Böyük Britaniyanın Oksford Universitetinin doktorantı  Leyla Nəcəfzadə ilə söhbət 

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
 o.mustafayev@muallim.edu.az
 

Leyla Nəcəfzadə 1983-cü ildə Bakıda anadan olub. 2000-ci ildə Bakıdakı 46 nömrəli tam orta məktəbi əla qiymətlərlə başa vurub.  2004-cü ildə Ali  Diplomatiya  Kollecini beynəlxalq münasibətlər ixtisası üzrə  bitirərək bakalavr  dərəcəsi alıb. Daha sonra Böyük Britaniyanın Birmingem Universitetində ali təhsilini davam etdirib.  2012- 2014-cü illərdə Böyük  Britaniyanın Oksford Universitetində magistr təhsili alıb. Müxtəlif  illərdə müvafiq olaraq Azərbaycan və İngiltərədə dövlət və özəl sektorunda çalışıb.  Hazırda "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində  Böyük  Britaniyanın  Oksford Universitetində şərqşünaslıq ixtisası üzrə doktorantura təhsili alır. Ailəlidir.

Leyla Nəcəfzadə orta məktəbdə bütün fənlərə maraq göstərib. Söhbətimizə də  elə bununla başladıq:  

- Orta məktəb illərində bütün fənlərə diqqət yetirməyə çalışırdım. Ancaq humanitar fənlərə, o cümlədən xarici dillərə, xüsusilə ingilis dilinə marağım  daha böyük olub. Məktəb proqramından kənar ingilis və fars dillərini öyrənirdim. Tələbəlik illərində fransız dilini də bu siyahıya əlavə edib öyrənməyə başladım. Lakin  ingilis dilini daha dərindən öyrənmək istədiyim üçün ABŞ Dövlət Departamentinin tələbə-şagird mübadiləsi proqramına müraciət etdim və qəbul olundum. Nəticədə ABŞ-ın Texas ştatında bir il ingilis dilində təhsil aldım və proqramı uğurla bitirərək vətənə qayıtdım. 

- Bəs sizdə  xaricdə təhsil almaq arzusu nə vaxt yarandı?

- Hələ orta məktəb illərindən xaricdə təhsil almaq arzusunda olmuşam. Ailə üzvlərim xaricdə təhsil almaq istəyimi elə ilk gündən müsbət qarşılayıb və bunun üçün mənə dəstək verib. Ümumiyyətlə, bizim ailədə təhsil almaq, elm öyrənmək deyərdim ki, hər şeydən əvvəl gəlir.

- Dövlət Proqramında iştirakınızı necə xatırlayırsınız?

- Dövlət Proqramına müraciət və iştirakımla bağlı prosesə başladığım elə ilk gündən təəssüratlarım müsbət olub.  Öz təcrübəmdən deyə bilərəm ki, istər sənədlərin qəbulu, istərsə də tələbələrin seçim prosesi zamanı yalnız şəffaflığın və obyektivliyin şahidi olmuşam.  Sözsüz ki, mənim kimi yüzlərlə, minlərlə azərbaycanlı gəncin Dövlət Proqramı vasitəsilə xaricdə təhsil alması və ümumiyyətlə Azərbaycan dövlətinin belə bir təşəbbüsü olduqca mütərəqqi haldır və hər kəs tərəfindən təqdirlə qarşılanır. Konkret olaraq təhsil aldığım Oksford Universitetində Dövlət Proqramı vasitəsilə təhsil aldığımı deyərkən, istər professorlar,  istərsə də tələbə heyəti tərəfindən bunun xüsusi məmnunluq və qibtə hissi ilə qarşılandığını görmüşəm. Belə ki, Oksford Universitetetində belə hallara (xüsusilə dövlət hesabına təhsil almaqla bağlı) nadir hallarda rast gəlmək olur. Bu isə o deməkdir ki, dövlət proqramının həyata keçirilməsi ilə bağlı   irəli sürülən təşəbbüs olduqca müdrik və gələcəyə hesablanmış bir addımdır.

Böyütmək üçün seçin- Təhsil sistemimizdə aparılan islahatlara münasibətiniz?

- Xüsusilə, Oksford Universitetində təhsil almağa başlayarkən Azərbaycan təhsil sistemi ilə buradakı təlim-tədrisin fərqini tədricən hiss etməyə başlayırsan. Bizim ali təhsil sistemində ümumi xarakter daşıyan fənlərə üstünlük verildiyi halda, burada daha çox dərin və dar ixtisaslaşmaya xüsus diqqət yetirilir. Lakin bu dərin ixtisaslaşmanın həyata keçirilməsinin özü də bir neçə və çox yüksək peşəkarlıq və bacarıq tələb edən mərhələlərdən keçməlidir. Hesab edirəm ki, Təhsil Nazirliyinin son iki il ərzində təhsil sahəsində apardığı islahatlar və yeniliklər milli təhsilimizin inkişafı və onun dünya standartlarına uyğunlaşdırılmasına hesablanıb və tərəqqiyə doğru aparır. Ümumiyyətlə, təhsil sistemi dinamik bir sistemdir və daim yenilik və islahatlar tələb edir. Bu gün dünyanın qabaqcıl təhsil ocaqlarından hesab edilən və öz mühafizəkarlığı ilə seçilən Oksford Universitetində də təlim-tədris prosesi yerində dayanmır, daim islahatlara və yeniliklərə məruz qalır.

- Tələbə həyatınızdan məmnunsunuzmu?

- Oksfordda tələbə həyatı olduqca maraqlı, dinamik, təlim-tədris baxımından rəngarəng və deyərdim ki, müəyyən mənada gərgindir. Təhsil yükü ilə bağlı olan gərginlik xüsusilə tədris semestrinin sonunda imtahanlar ərəfəsində daha da yüksəlir. İmtahanlara qoyulan tələb yüksək olduğundan bütün tələbələr səylə, gərgin şəraitdə çalışırlar. Belə ki, hamı imtahanlardan yaxşı nəticə əldə etmək istəyir. Təbii ki, çalışqan, gecə-gündüz səylə çalışan tələbələr zəhmətlərinin bəhrəsini imtahanlardan yüksək nəticə əldə etməklə alır. İmtahan nəticələrini isə universitet tələbələri xüsusi zövq, çal-çağır və canfəşanlıqla qeyd edirlər. Belə "imtahan bayramları" bəzən bir neçə gün davam edir.

Az da olsa boş vaxtlarım təbii ki, olur. Adətən boş vaxtlarımı mütaliəyə və Oksford Universitetinin məktəbəqədər təlim-tərbiyə müəssisəsinə gedən 3 yaşlı qızıma həsr edirəm.

- Ölkənin ən qədim universiteti barədə nə deyə bilərsiniz?

- Bildiyiniz kimi, təhsil aldığım ali məktəb İngiltərənin Oksfordşir qraflığında olan Oksford şəhərində yerləşir. Tarixi qədim olan Oksford şəhərinin demək olar ki, böyük qismi universitetin tərkib hissəsi olan kolleclərdən ibarədir. 38 kollecdən ibarət olan Oksford Universitetinin hər bir kollecinin öz yaranma tarixçəsi var və bunlar bir-birindən maraqlıdır. Bəzi kolleclər vaxtilə dini, teoloji təhsil vermək məqsədilə yaradılsa da,  tədricən zamanın tələbi ilə dünyəvi təhsil verməyə başlayıb. Oksford Universitetinin Şərqşünaslıq İnstitutunda islamşünaslıq sahəsi üzrə elmi tədqiqat aparıram. Doktorluq işimin mövzuzu Azərbaycanla bağlıdır və erkən orta əsrlər dövründə İslam dininin bölgəyə gəlişi ərəfəsində Qafqaz Albaniyasında ictimai-siyasi vəziyyət haqqındadır. Elmi tədqiqat işimlə bağlı hazırda universitetin Şərqşünaslıq İnstitutunun yüksək ixtisaslı müəllimlərindən ərəb dilini öyrənirəm.

- Oksfordda tədris mühiti necədir?

- Oksford Universitetində tədris mühiti və prosesi elmi fikir baxımından sərbəst olduğu qədər tələbkar olması ilə seçilir. Mühazirələrə qatılmaq məcburi xarakter daşımasa da, həmin mühazirələr nəticəsində əldə ediləcək biliyin qiymətləndirilməsi baxımından davamiyyət olduqca vacib hesab edilir. Belə ki, mühazirələrin materialını sonradan da əldə etmək olar, lakin  həmin materialların öyrənilməsinin metodları və praktiki tətbiqini yalnız dərs prosesində iştirak etməklə mənimsəmək mümkündür. Əks halda,  həmin materiallar böyük həcmdə olduğundan lazımi nəticəni imtahanlarda göstərməyə bilərsən. İmtahanlar bir qayda olaraq mərkəzləşdirilmiş qaydada keçirilir və müxtəlif ixtisasların tələbələri eyni vaxtda universitetin "İmtahan Məktəbi" adlı xüsusi binasında sınağa çəkilir. İmtahan günü universitet üçün möhtəşəm və yaddaqalan andır. Tələbələr imtahan keçirilən binaya böyük izdihamla və onları kənarda seyr edən yaxınlarının xeyir-duaları ilə böyük məsuliyyət və həyəcan hissilə  daxil olurlar. Xüsusi ayrılmış zallarda imtahan prosesi çox ciddi nəzarət altında keçirilir. Deyərdim ki, imtahan həyəcanı Oksford tələbəsinin həyatının bəlkə də ən çətin və məsuliyyətli anıdır. Amma bütün bu gərginliklə yanaşı Oksford Universitetinin ən maraqlı xüsusiyyəti ondadır ki, burada tələbələrə (xüsusilə doktorluq dərəcəsini almaq istəyən tələbələrə) çox böyük azadlıq verilir. Burada professorlar (elmi rəhbərlər) öz tələbələri ilə vaxtaşırı qeyri-formal mühitdə söhbətlər aparır,  biliklərin daha dərindən mənimsənilməsini, eləcə də elmi fikir azadlığını təşviq edirlər. Bu da, öz növbəsində,  ruh yüksəkliyi yaradır və tələbələrin tədqiq etdikləri mövzuya sevgi hissini daha da artırır.

- Tələbələrin elmi tədqiqatlarda iştirakı barədə...

- Bir qayda olaraq,  universitetdə tələbənin elmi tədqiqat aparması üçün bütün zəruri texniki imkanlar yaradılır və xidmətlər göstərilir. Elmi rəhbərlər tələbəyə elmi yaradıcılıq sərbəstliyi versələr də, müntəzəm surətdə  məsləhət və tövsiyələrini təqdim edir və demək olar ki, istənilən vaxt  tələbənin onunla ünsiyyət yaratmasına şərait yaradır və bunu təşviq edir. Belə ki, tələbənin dəyərli və sanballı elmi tədqiqat aparması elmi rəhbərin universitetdə və ümumiyyətlə elmi ictimaiyyət arasında nüfuzunun artmasına olduqca müsbət təsir edən amildir.

- Britaniya təhsil sistemində hansı xarakterik yenilikləri qeyd edə bilərsiniz?

- Ümumiyyətlə,  Britaniya təhsil sistemində təlim-tədris prosesi tələbəyə xidmət üzərində qurulub. Bir növ,  hamı və hər şey tələbəyə xidmət üçündür. Hesab edirəm ki, Oksford Universiteti timsalında Britaniya təhsil sistemində xüsusi qeyd edə biləcəyimiz  müsbət xarakter  bu  və  ya  digər  elmi problemin dərindən, obyektiv  və  köklü surətdə araşdırılması zamanı tətbiq edilən kriteriyalardır. Belə ki, araşdırma tənqidi,  təhlil xarakteri  daşımalı  və  ən  əsası  isə  bu  və  ya  digər ideologiyanın təsirindən hər vəchlə kənarda saxlanılmalıdır. Başqa sözlə, Oksford təhsil sistemi araşdırmalar zamanı yalnız həqiqəti üzə çıxarmağı qarşısına məqsəd qoyur.  Həqiqəti  və  elmi  tarazlığı  heç  bir  şeyə  qurban vermir. Başqa sözlə, Oksfordun verdiyi bilik yalnız həqiqətə söykənməlidir.

- Britaniyada tələbələr kreditlərdən yararlana bilirlər?

- Oksford Universitetinin nümunəsində deyə bilərəm ki, yerli britaniyalı tələbələrin tələbə kreditləri alması geniş xarakter daşıyır. Bir qayda olaraq,  xüsusi istedad və bacarıqlara malik olan əcnəbilər universitetin müxtəlif təqaüd proqramlarından yararlana və burada təhsil ala bilərlər.

- Gənclərimizin xaricdə təhsil almaq səylərinə necə baxırsınız? 

- Azərbaycanlı gənclərin xaricdə təhsil almaq səylərini alqışlayıram və mümkün qədər belə imkanlardan yararlanmağa çağırıram.  Bu,  ən azı bizim milli təhsil sistemi ilə xaricdəki təhsil arasında müqayisə aparmağa, müsbət cəhətləri mənimsəməyə imkan yarada bilər. Bu həm də nəticə etibarilə ölkəmizin elmi potensialının beynəlxalq aləmə çıxarılması istiqamətində geniş imkanlar aça bilər. Hesab edirəm ki, xaricdə təhsilin üstün cəhətlərindən bəhrələnmək üçün gərək tələbə fərd olaraq həmin prosesi keçsin.

Böyük Britaniyada Azərbaycan diasporasının keçirdiyi tədbirlərdə fəal iştirak edən L.Nəcəfzadə söhbətimizin bu yerində   Oksford Universitetinin dahi  Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzinin fəaliyyətinə də toxundu.

- Yeri gəlmişkən, Azərbaycanla bağlı tədbir və təşəbbüslərdən söz düşmüşkən artıq bir müddətdir ki, oxuduğum Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzinin fəaliyyətini qeyd edərək ondan bəhs etmək istərdim. Ötən il M.V.Lomonosov adına MDU-nun Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü,  professor  Nərgiz  Paşayeva  Oksford Universitetinə səfər edərək belə bir Mərkəzin yaradılması təşəbbüsü ilə çıxış etdi və universitetin rəhbərliyi ilə anlaşma memorandumu imzaladı. Mən də Mərkəzin fəaliyyətə başlaması münasibətilə keçirilən açılış tədbirində iştirak edərək özümü universitetin  şərqşünaslıq fakültəsinin yeganə azərbaycanlı tələbəsi kimi professor N.Paşayevaya təqdim etdim. Belə bir təşəbbüsün həyata keçirilməsinin sevindirici hal olduğunu söylədim. Belə ki, Mərkəzin fəaliyyətə başlamasına qədər universitetdə ölkəmiz və yerləşdiyimiz Qafqaz bölgəsi dərindən öyrənilmirdi. Beləliklə, Mərkəz vasitəsilə azərbaycanşünaslıq da bundan sonra ayrıca elmi tədqiqat istiqaməti kimi öyəniləcək. Bu,  çox müsbət və ölkəmiz üçün qürurverici haldır. Həmçinin sevindirici haldır ki, artıq universitetin tərkib hissəsi kimi fəaliyyətə başlayan Mərkəzin rəsmi vebsaytı  bir müddətdir  fəaliyyət göstərir. Yeri gəlmişkən, iyun ayının 6-da Mərkəz universitetdə ilk tədbirini - elmi-praktiki konfrans keçirdi və orada Britaniya ilə yanaşı, Avropanın bir sıra aparıcı universitetləri, o cümlədən Azərbaycandan olan tanınmış alim və professorlar iştirak edirdi. Konfransın mövzusu isə yeni elmi tədqiqat istiqaməti olan azərbaycanşünaslığa aid olduğundan böyük maraqla qarşılanmışdı.

- Sizcə, təhsildə uğur əldə etməyin sirri nədədir? 

- Zənnimcə, təhsildə uğur əldə etməyin əsas sirri həvəs və çalışqanlıqdan ibarətdir. Əlbəttə ki, ailədən gələn dəstək də vacib məsələdir. Yaxın ailə üzvlərim mənə daim dəstək olublar. Bu dəstək təbii ki, insanı ruhlandırır və elmə, təhsilə həvəsi artırır. Belə olan halda hər bir sahədə, o cümlədən təhsildə də uğur əldə etmək olar.

- Gələcək planlarınız?

- Əlbəttə ki, ilk növbədə, ən böyük arzum Oksford Universitetində başladığım doktorantura təhsilimi başa vurmaq və Dövlət Proqramı vasitəsilə mənə verilmiş etimadi doğrultmaqdır. Bundan əlavə,  gələcəkdə peşəkar bir şərqşünas alim kimi Azərbaycanı layiqincə təmsil etməyi arzulayıram.

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov