Naxçıvan şəhər Gənclik Mərkəzində "Naxçıvan"
Universiteti tələbələrinin məzun gecəsi keçirilib.
Tədbir Azərbaycanın Dövlət himni ilə başlanıb. Tədris
işləri üzrə prorektor, tarix üzrə fəlsəfə doktoru,
dosent İbrahim Kazımbəyli tədbiri açaraq məzunları
təbrik edib və universitetin fəaliyyəti ilə bağlı
məlumat verib. Bildirilib ki, bu gün "Naxçıvan"
Universiteti sözün əsl mənasında inkişaf mərhələsini
yaşayır. Təhsil ocağına göstərilən qayğının nəticəsidir
ki, artıq ötən ildən universitetin maddi-texniki
bazasını gücləndirmək məqsədilə bir neçə əsaslı tədris
və inzibati korpuslar tikilib. Bunlara əsas tədris
korpusu, tələbə yataqxanası, xarici dillər korpusu,
inzibati bina, sosial mərkəz, kitabxana və yay, qış
idman kompleksi daxildir. 2014-2015-ci tədris ilinə
qədər 27 ixtisas üzrə tədris aparan "Naxçıvan"
Universiteti 2015-2016-cı tədris ilindən daha 4 yeni
ixtisas üzrə kadrlar hazırlayacaqdır. O da vurğulanıb
ki, bu il universitetdə bakalavr pilləsi üzrə 158 nəfər
tələbə məzun olur.
Ali təhsil ocağının tərbiyə işləri üzrə prorektoru Əli
Yusifov, pedaqoji fakültənin dekanı Məftun İsmayılov
çıxışlarında məzunlara gələcək fəaliyyətində
nailiyyətlər, mənsub olduqları xalqın, dövlətin adını
ləyaqətlə, daim uca tutmağı arzulayıb, təhsil aldıqları
ali məktəbin adını doğruldacaqlarına inamlarını ifadə
ediblər.
Məzunlar çıxışlarında universitetdə təhsil aldıqları
müddətdə əhatə olunduqları yüksək diqqət və qayğıya,
onlar üçün yaradılmış şəraitə görə minnətdarlığını
bildiriblər.
Sonda universitetin ictimai və mədəni həyatında
fərqlənən bir qrup məzuna "Təşəkkürnamələr", diploməvəzi
arayışlar təqdim edilib. "Dəniz" vokal instrumental
ansamblı üzvlərinin ifasında səslənən bir-birindən
maraqlı musiqi nömrələri tədbir iştirakçıları
tərəfindən alqışlarla qarşılanıb.
Nuray ƏSGƏROVA |