Bu müddət ərzində onları qane edən və etməyən
məsələləri tələbələrin öz dilindən eşidək
Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi"
"Savadlı", "bacarıqlı", "hazırlıqlı" sözləri
bütünləşdi və Azərbaycan təhsilində seçilmiş
tələbələrin SABAH-nı yaratdı. Pilot layihə
olaraq start verilən SABAH fərqliliyi ilə qısa
müddətdə tələbə və müəllimlərin diqqətini çəkə
bildi. SABAH-ın digər qruplardan fərqi həm
müəllimlərin, həm də tələbələrin xüsusi qaydalar
əsasında seçilməsi idi. Sosial həyatda fəal və
akademik göstəriciləri yüksək olan tələbələr
müəyyən mərhələlərdən ibarət müsahibədən keçərək
"SABAH-ın tələbəsi" adını qazandı. Artıq SABAH
qruplarına seçilən tələbələrin tədrisinin bir
ili arxada qalıb. Bəs bu SABAH qruplarında
təhsil onlara nə verib? Müxtəlif ali təhsil
ocaqlarının SABAH qruplarında oxuyan bir neçə
tələbə ilə əlaqə saxlayıram. Onlardan birillik
SABAH təhsilindən nə əldə etdiklərini, adi
qruplarda oxuduqları zamandan hansı fərqlər
olduğunu və SABAH-da hansı yenilikləri görmək
istədiklərini soruşuram.
Yeganə İbadlı,
Bakı Dövlət Universitetinin coğrafiya
fakültəsinin III kurs tələbəsi
- Universitet təhsilimdə iki, SABAH qruplarında
bir ili geridə qoydum. Bu tədris ili mənim üçün
çox yaddaqalan oldu. Bunun əsas səbəblərindən
biri SABAH qruplarına qəbul olmağım idi.
İxtisasımla bağlı SABAH qrupunun açılacağını
öyrənəndə ətraflı məlumat topladım və qərara
gəldim ki, müsahibədə iştirak edim. Nəticələr
açıqlananda qəbul olduğumu öyrəndim və çox
sevindim. Bəli! Mən artıq SABAH tələbəsi idim.
Birinci gündən etibarən SABAH bizi öz üstün
cəhətləri ilə qarşıladı. Burada daha təcrübəli
müəllimlərlə dərslər daha keyfiyyətli və səmimi
olmağa başladı. Daha tez öyrənmək və
öyrəndiklərimizi tətbiq etmək imkanımız oldu.
Lakin SABAH tələbəsi olmaq sadəcə dərsləri yaxşı
oxumaq demək deyil. Dərslərdən geriyə qalan
zamanlarda bizim üçün müəyyən inkişafetdirici
təlimlər, ingilis dilini möhkəmləndirmək üçün
konverseyşnlər, məlumatlandırıcı tədbirlər
keçirilir. Bunun üçün xarici qonaqlar, tanınmış
şəxslər (yazıçılar, şairlər, alimlər və s.)
dəvət olunur. Biz də öz növbəmizdə bu
tədbirlərdə aktiv iştirak etməklə vətənimizin
gələcəyi üçün yararlı şəxslər olmağa çalışırıq.
Bu mənada sosial fəaliyyətimizin ən
önəmlilərindən biri könüllülük hərəkatıdır. Bir
çox SABAH tələbəsi bu hərəkata qoşulmaqla
akademik təhsildən ayrılmadan özünün inkişaf və
idarəçilik qabiliyyətini yüksəltməyə çalışır.
"SABAH-ın könüllüsü" olaraq bir çox işlər
görmüşük. Məsələn, "Bakı-2015" I Avropa
Oyunlarına dəstək verən bir çox tədbirlər və
müsabiqələr keçirmişik.
Zənnimcə, gələcəyimiz üçün SABAH-da müəyyən
dəyişikliklərin də olması zəruridir. SABAH
kitabxanasının yaradılması, tələbələrin birgə
çalışması üçün oxu zallarının təşkili,
laboratoriya və çöl işi təcrübə mərkəzlərinin
yaradılması yaxşı olardı. Eyni zamanda təhsildə
interaktiv metodların tətbiqi tələbələrin dərsi
öyrənməklə yanaşı, öyrəndiklərini uzun müddət
yadda saxlaması və tətbiq edib, müqayisələr
apara bilməsi üçün müsbət nəticələr verər.
Sonda bir də demək istəyirəm ki, SABAH tələbəsi
olmaq mənə çox şey verib və SABAH ailəmi
sevirəm. |
|
Nilgün Aslanova,
Azərbaycan Dövlət İqtisad
Universitetinin III kurs tələbəsi
- Gələcəyə dair böyük planlarım var, ona görə
də universitetdə baş verən hər bir yeniliyi
maksimum dərəcədə izləməyə çalışırdım, bu
seçimdə də ən böyük dəstəyim atam oldu.
Bəli, bir il adi qruplarda təhsil almışam,
həmişə universitetimizdən razı olmuşam. Lakin
özümü orada görmürdüm, düşünürdüm mənə uyğun
deyil. Amma SABAH-da axtardığımı tapdım. Tam
fərqli mühit, ingilis dilində dərslər, aktiv
sosial fəaliyyət və gözəl yataqxana həyatı.
SABAH mənə dünyagörüşlü, ingilisdilli insanlarla
ünsiyyət qurmaq üçün fürsət yaratdı.
Təhsilimizin, həyatımızın yazdığımız
mühazirələrdən ibarət olmayıb, dar düşüncələrdən
çıxıb, daha geniş düşünməyi öyrətdi.
|
|
Natiq Məmmədov,
Azərbaycan Dövlət Neft Akademiyasında
neft-qaz mədən fakültəsində neft-qaz
mühəndisliyi ixtisası üzrə III kurs tələbəsi
- I kursun sonunda Təhsil Nazirliyindən bizim
universitetə nümayəndələr gəlmişdi. Akademiyada
tədbir keçirildi və burada SABAH qrupları
haqqında məlumat verildi. Buna görə də məndə
SABAH qruplarına çox böyük maraq yarandı və
nəticə olaraq bu qruplara sənəd verdim. Artıq
bir ildir ki, bu qruplarda təhsil alıram və bu
qruplarda təhsili seçdiyimə görə çox məmnunam.
SABAH qruplarının digər qruplardan fərqi-
təhsilin yeni üsullarla tədris olunması, xarici
dil biliklərinə üstünlük verilməsi, yeni və
əlavə vəsaitlərdən istifadə edilməsi və bizə
dərs keçən müəllimlərin kompüter biliklərinə
əsasən multimedia sistemində fənləri bizə tədris
etmələridir. Bu qruplarda bütün imtahanlar
şəffaf şəkildə keçirilir. Bundan əlavə onu da
demək olar ki, tələbələrin sosial aktivliyini
artırmaq üçün "SABAH-ın könüllüsü" proqramı da
fəaliyyət göstərir və mən də bu proqramın
iştirakçılarından biriyəm. SABAH qruplarında
oxuduğum bir il ərzində tələbələr pulsuz
yataqxana, gündə 3 dəfə yemək və əlavə təqaüdlə
təmin olundu ki, bu da biz tələbələrə böyük
maddi kömək oldu. SABAH-da birillik təhsil mənə
çox şey verdi, lakin ən əsası da mənə böyük bir
ailə- SABAH ailəsi verdi. Etdiyim bu seçimə görə
çox xoşbəxtəm və buna görə SABAH ideyasını
ortaya atıb reallaşdıranlara öz təşəkkürümü
bildirirəm. |
|
Şahin Xəlilov,
Azərbaycan Texniki Universitetinin III kurs tələbəsi
- Təhsil və qeyri-təhsil həyatımda yenilik,
innovasiya, fərqlilik, zənginlik axtarışında
olan biriyəm. I kursun ikinci semestrində isə
belə bir layihə haqqında eşitdim və araşdırdım.
Gördüm ki, axtardıqlarımın hamısı bu layihədə
var. SABAH-a seçildim, amma maraqlı gəlirdi ki,
məni nə gözləyir. SABAH-la adi qruplar arasında
inanılmaz fərqlər var. Ən bariz nümunə hər bir
tələbənin istədiyi kimi müəllim ilə ünsiyyət
qura bilməsidir. Müəllimlər bizimlə övladları,
dostları kimi davranırlar. Dərs sistemi də çox
fərqlidir. Ən son və yeni dərsliklərlə, müasir
avadanlıqlarla təmin olunmuşuq. İngilis dili
"British Council" tərəfindən tədris olunur.
Bu qruplara qəbul olduqdan sonra bütün həyatım
dəyişdi. İngilis dilim son dərəcə inkişaf etdi.
Sosial həyatda aktiv olmağı öyrəndim.
İmtahanlar yüksək səviyyədə və nəzarət altında
keçirilir. Hamımız imtahana var gücümüzlə
hazırlaşırıq.
SABAH-dakı mövcud şərait yüksəkdir. Əlavə olaraq
isə tələbələrin təcrübə proqramlarına daha sıx
yiyələnməsi, hər bir kitab üzrə dərslik və
lazımi avadanlıqlarla təmin olunmasını, SABAH-in
öz kitabxanası və peşəkar, gənc müəllim
kadrlarının olmasını ürəkdən istərdim.
Sonda onu da qeyd edim ki, mən həm də "SABAH-ın
könüllüsü" olaraq "Bakı - 2015" I Avropa
Oyunlarında fəaliyyət göstərirəm və bununla
qürur duyuram. |
|