Təhsil
Nazirliyinin tabeliyində olan Abşeron Uşaq-Gənclər İdman
Məktəbinin yetirməsi, Avropa Oyunlarının bürünc
medalçısı Hacı Əliyevlə söhbət
Böyüklərdən ibarət sərbəst güləş üzrə Azərbaycan
yığmasının üzvü, 3 dəfə ölkə çempionu, dünya və Avropa
çempionatlarının qalibi Hacı Əliyev Bakıda keçirilən I
Avropa Oyunlarında 61 kq çəki dərəcəsində bürünc medala
layiq görülüb. O, həm də Gənclər və İdman Nazirliyinin,
eləcə də Azərbaycan Güləş Federasiyasının nominasiyası
üzrə İlin idmançısı seçilib.
- Hacı, I Avropa Oyunlarında əldə etdiyin uğura görə
səni təbrik edirik. İstərdim ki, özün haqda məlumat
verəsən. İdmana necə gəldiyindən danışasan.
- 1991-ci ildə Naxçıvan şəhərində anadan olmuşam.
Uşaqlıqda çox dəcəl idim, bir yerdə durmazdım. Güləşlə 8
yaşımdan məşğul oluram. Bu idman növünə marağı məndə
atam oyadıb. O, bir müddət Naxçıvanda fiziki tərbiyə
müəllimi işləyib. Eyni zamanda sərbəst güləşlə məşğul
olub. Atam qardaşım Yaşarı da, məni də körpəlikdən
güləşə yönəldib. Valideynlərimə çox minnətdaram. Atamın
da, anamın da bizim tərbiyəmizdə, əsl vətəndaş kimi
yetişməyimizdə
və
formalaşmağımızda böyük əməyi vardır. Atamın arzusu
olub ki, mən və qardaşım sərbəst güləş üzrə məşhur,
tanınmış idmançı olaq. Bu gün biz onun arzusunu
reallaşdırmaq uğrunda çalışırıq. O, bizim uğurlarımıza
çox sevinir. Mən 4-5-ci siniflərdə oxuyanda ailəmiz
Naxçıvandan Bakıya köçdü. Paytaxta köçdükdən sonra
qardaşım Yaşar da, mən də Abşeron Rayon Uşaq-Gənclər
İdman Məktəbinin sərbəst güləş bölməsinə yazıldıq.
Mənim ilk məşqçilərim Elman Əzimzadə və Qırxlar
Bədəlovdur. Peşəkar idmanda qazandığım nailiyyətlərə
görə mən bu insanlara minnətdaram. Güləşdə uğur
qazanmağımda məşqçilərimizin çox böyük rolu var. Yaşar
da, mən də 14 ildən çoxdur ki, bu insanların yanında
məşq edirik.
- Neçə yaşından uğurlara imza atdın?
- 17 yaşımda yeniyetmələr arasında Avropa çempionatının
ikincisi olmuşam. Amma sevincim çox çəkməyib. Çünki bir
müddət iştirak etdiyim yarışlarda medalçılar sırasına
düşə bilməmişəm. Nəhayət, 2011-ci ilin iyununda gənclər
arasında Avropa çempionatının gümüş medalına layiq
görüldüm və bundan sonra karyeramda, demək olar ki,
yüksəliş dövrü başladı.
- Ailədə neçə övladsınız?
- Ailədə iki övladıq. Mən və qardaşım Yaşar Əliyev. O da
sərbəst güləşlə məşğul olur. Biz uşaqlıqdan gözümüzü
açıb evdə ancaq güləş görmüş və güləşçilər haqqında
söhbət eşitmişik. Atam körpəlikdən qardaşımla məni evdə
biri-birimizlə güləşdirib və bizə güləşin sadə
fəndlərini öyrədib. Həmişə atamla evdə televizorun
qarşısında oturub güləş yarışlarına tamaşa edirdik. Anam
evdar qadındır. Düzdür, qardaşımla mən yarışlarda
iştirak edəndə anam çox narahat olur, özünə yer tapmır.
Amma bilir ki, bu iş bizim ürəyimizcədir. Məndən iki yaş
böyük olan qardaşım Yaşar 57 kq çəkidə çıxış edir. Heç
yadımdan çıxmır. 2013-cü ildə Avropa çempionatına
gedəndə hamı məndən qələbə gözləyirdi. Amma elə oldu ki,
Yaşar bu yarışda bürünc medal qazandı, mən isə medalsız
qaldım. Yaşar 2014-cü ildə keçirilən Azərbaycan
çempionatının qalibidir.
- Hacı, kimi özünə ideal seçmisən?
- Bizim yaşımızda olan uşaqlar cizgi filmlərinə baxanda
Yaşarla mən güləş yarışlarını, Azərbaycan güləş
ustalarının çıxışlarını izləyirdik. Atlanta-1996
Olimpiadasının gümüş, Sidney-2000 Olimpiadasının isə
qızıl mükafatçısı Namiq Abdullayev bizim idealımız idi.
Onun iştirak etdiyi yarışları video ilə izləyir,
Olimpiya çempionumuza bənzəməyə çalışırdıq. Namiq
Abdullayevin bir idmançı kimi məşq rejimi məni həmişə
özünə çəkib. Həmişə Olimpiya çempionumuzu özümə örnək,
nümunə götürmüşəm. O, müstəqil Azərbaycanın ilk Olimpiya
çempionlarındandır.
- Güləşdən başqa, hansı idman növlərinə maraq
göstərirsən?
- Futbolu çox sevirəm. Güləşçi olmasaydım, çox güman ki,
futbolu seçərdim. Boş vaxtımız olanda uşaqlarla həvəslə
futbol oynayırıq. Yeri gəlmişkən deyim ki, məhz Kriştano
Ronaldoya görə "Real Madrid"ə azarkeşlik edirəm.
- İlk Avropa Oyunlarında iştirak edəndə hansı hissləri
keçirirdin?
- Avropa Oyunlarında mən çox həyəcanlı idim. Şübhəsiz,
oyunların özü çox maraqlı idi və bu oyunların ölkəmizdə
keçirilməsi hər bir idmançı kimi mənim də məsuliyyətimi
birə-beş artırırdı. Eyni zamanda bu oyunların Bakıda
keçirilməsi olduqca qürurvericidir. Mən bir idmançı kimi
dövlətimlə, xalqımla fəxr edirəm. Dövlət başçısı cənab
İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti,
"Bakı-2015" I Avropa Oyunlarının Təşkilat Komitəsinin
sədri Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə
ölkəmizin bu oyunlara uğurla ev sahibliyi etməsi çox
sevindirici oldu. Sevinirəm ki, medalsız qalmadım. Mənim
bu yarışda qızıl medal qazanmaq şansım çox böyük idi.
Ancaq nədənsə belə alındı. İnşallah, qarşıdan gələn
yarışlara, xüsusən də dünya çempionatına hazırlaşacağıq.
Çalışacağıq ki, burada buraxdığımız səhvləri orada
buraxmayaq və qızıl medal qazanaq.
- Oyunlarda qızıl medal qazana bilməsən də erməni
idmançısı üzərində qələbən səni xeyli populyarlaşdırdı.
Bu necə oldu?
- Erməni idmançıya qalib gəlməyimi elə özüm üçün də
böyük uğur sayıram. Bu oyunlara qədər iki dəfə erməni
idmançısıyla
üz-üzə gəlmişəm. Bu görüşlərin ikisi də ötən illərdə
olub. Bolqarıstanda keçirilən Avropa çempionatının
yarımfinalı və Almaniyada təşkil edilmiş Qran-pri
yarışlarının finalında. Onların hər ikisinə qalib
gəlmişəm. İkinci görüş daha çox yadımda qalıb. Belə ki,
yarışda çəkimdən artıq çıxış edirdim. Erməni rəqibim
Avropa və dünya birincisi idi. Məşqçilərim yarışdan
əvvəl çəkimi aşağı salmağa icazə vermədilər və mənə
dedilər ki, uduzsan da, eybi yoxdur, onunla mübarizə
apar. Düzü, bu sözlər mənə çox ağır gəldi. Güləş xalçası
üzərinə çıxıb erməni rəqibimin əlini sıxanda əmin oldum
ki, onu mütləq məğlub edəcəyəm. Belə də oldu. Ona 7:2
hesabı ilə qalib gəldiyim an gözlərimin önünə düşmən
tapdağı aldında qalan torpaqlarımız, evindən,
elindən-obasından didərgin düşən soydaşlarımız gəldi. Bu
dəfə də həmin hissləri keçirərək erməni güləşçisi
Valodya Franqulyanı 7:0 hesabı ilə məğlub etdim.
Qardaşım Yaşar da bu yarışlarda erməni idmançısı ilə
güləşib və onu məğlub edib. Bu bizim üçün böyük
uğurdur. Yarımfinalda rus idmançısına uduzmağımın
səbəbi də ondan zəif olmağım deyil. Mən bundan əvvəl də
həmin rus idmançısı ilə başqa çempionatlarda
qarşılaşıb qalib gəlmişəm. Amma bu dəfə sağlamlığımda
müəyyən problemlər oldu, ona görə, xüsusən, dizimdən
zədə aldığım üçün möhkəm ağrıyırdım. Bu da özünü
görüşdə göstərdi. Əlbəttə, qarşıdakı çempionatlarda
bunun əvəzini çıxmağa çalışacağam.
Fürsətdən istifadə edib bir şeyi də qeyd etmək istərdim.
Biz idmançıların yetişməsinə yaradılan bu şəraitə görə
ölkə başçısı cənab İlham Əliyevə öz təşəkkürümü
bildirirəm. İdmançı kimi formalaşmağımda məşqçi
müəllimlərimin zəhməti böyükdür. Buna görə Qırxlar
Bədəlov və Elman Əzimzadəyə minnətdaram. Gərək biz
idmançılar da etimadı doğruldaraq daha böyük qələbələrə
imza ataq.
- Bildiyimə görə ölkə başçısı ilə
görüşmüsən. O görüşü necə xatırlayırsan?
- Prezidentlə mən bir deyil, bir neçə dəfə görüşmüşəm.
Onunla görüşü və o həyəcanı, keçirdiyim o hissləri indi
də sözlə ifadə edə bilmirəm. Ömür boyu o anlar mənim
yadımdan çıxmayacaq. Mən ölkə başçımız İlham Əliyevlə
görüşəndə çox xoşbəxt və sevincli idim. Keçən il mən
böyüklər arasında Avropa və dünya çempionu oldum. Bu
uğurlarıma görə cənab Prezident mənə mənzil hədiyyə
etdi. Bu il isə mənə pul mükafatı təqdim etdi. Qarşıdan
bizi Braziliyada təşkil ediləcək XXXI Yay Olimpiya
Oyunları gözləyir. Olimpiya çempionu olmaq ən böyük
arzumdur. İnşallah, bu hədəfə doğru gedirəm.
- İdmana gəlmək istəyən yeniyetmələrə
nə tövsiyə edərdin?
- Böyük uğurlar və nailiyyətlər əldə etmək üçün
ölkəmizdə hər cür şərait yaradılıb. Cənab Prezident
İlham Əliyevin diqqət və qayğısı sayəsində bütün
sahələrdə olduğu kimi idmanda da böyük irəliləyiş var.
Azərbaycan Güləş Federasiyasının rəhbərliyi öz köməyini
bizdən əsirgəmir, məşq etməyimiz və yarışlarda yaxşı
nailiyyətlər qazanmağımız üçün əlindən gələni edir.
İdman bazası var, məşqçi var, hər bir şərait yaradılıb.
İdmançıya bundan artıq daha nə lazımdır? Yeniyetmə
idmançılara onlar üçün yaradılan şəraitdən yaxşı və
səmərəli istifadə etməyi tövsiyə edərdim. Əziyyət
çəkməkdən qorxmasınlar. Unutmasınlar ki, Allah zəhmət
çəkən insanı geci-tezi qiymətləndirir. İdmanda böyük
nailiyyətlər qazanmaq üçün zəhmət çəkmək lazımdır. Mən
inanıram ki, Azərbaycan idmançıları ildən-ilə idmanın
bütün növləri üzrə böyük qələbələr qazanaraq medalların
sayını artıracaqlar.
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |