Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 İyun 2015 - №23

 

Bakı Slavyan Universiteti

 

"Mənim universitetim" layihəsinin budəfəki hədəfi Bakı Slavyan Universitetidir 

Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi"
r.qurbanova@muallim.edu.az
 

Böyütmək üçün seçin1946-cı ildə SSRİ Xalq Komissarları Sovetinin sərəncamı və Azərbaycan SSR Nazirlər Sovetinin qərarı əsasında ikiillik M.F.Axundov adına Azərbaycan Dövlət Müəllimlər İnstitutu yaradılıb. 1952-ci ildə M.F.Axundov adına Müəllimlər İnstitutu rus dili müəllimləri hazırlığı üzrə dördillik tədris müddətli pedaqoji instituta çevrilib. 1956-1957-ci tədris ilində institut beşillik təhsil sisteminə keçirilib.  1959-cu ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu və Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu bazaları əsasında M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutu yaradılıb. 1972-ci ildə respublikanın rəhbəri Heydər Əliyevin təşəbbüsü ilə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun bazasında eyniadlı Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu bərpa edilib.  Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı ilə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun bazasında Bakı Slavyan Universiteti yaradılıb. 2000-2014-cü illərdə universitetə akademik Kamal Abdullayev rəhbərlik edib. Hazırda universitetdə bakalavriat pilləsi üzrə 33 ixtisasda 2911, magistratura pilləsi üzrə 32 ixtisaslaşmada 179 tələbə təhsil alır. Onlardan 199 nəfəri xarici tələbədir.  Hazırda BSU-da 186 doktorant və dissertant təhsil alır.  Fəlsəfə doktoru proqramı üzrə 126, elmlər doktoru proqramı üzrə təhsil alanlar 46,  əcnəbi tələbələr isə 14 nəfərdir. 2014-cü ildə 863 nəfər tələbə məzun adını qazanıb. 2014-2015-ci tədris ilində BSU-ya 736 tələbə qəbul olunub. Universitetin 1039 əməkdaşı var. 2014-cü ildə universitetin 29 kafedrasında 520 nəfər professor-müəllim heyəti fəaliyyət göstərib. Onlardan 1 nəfəri AMEA-nın həqiqi üzvü, 39 nəfəri elmlər doktoru, professor, 5 nəfəri  elmlər doktoru, dosent, 151 nəfəri  fəlsəfə doktoru, dosent, 53 nəfər fəlsəfə doktoru, 271 nəfər baş müəllim və müəllimdir.  Ali təhsil ocağına 2014-cü ilin martından etibarən  filologiya elmləri doktoru, professor Asif Hacıyev rəhbərlik edir. 

Fakültə və şöbələr 

Böyütmək üçün seçinUniversitetdə tədris prosesi 5 fakültədə (filologiya, pedaqoji, tərcümə, beynəlxalq münasibətlər və regionşünaslıq, jurnalistika və Azərbaycan dili və ədəbiyyatı), qiyabi, magistratura, əlavə təhsil şöbələrində aparılır.

BSU-nun nəzdində Məktəb-Lisey Kompleksi, ictimai əsaslarla fəaliyyət göstərən İctimai-Siyasi Elmlər İnstitutu və Rus Dili İnstitutu mövcuddur.

Mövcud ixtisaslarla yanaşı, növbəti tədris ili üçün  "Təhsildə sosial-psixoloji xidmət" ixtisası üzrə tələbə qəbulu elan edilib.

 Maddi-texniki baza 

Universitetin iki tədris korpusu, 4 yataqxanası var. Kafedralarla yanaşı, 6 elmi-tədqiqat laboratoriyası,  7 tədris-mədəniyyət mərkəzi, idman və akt zalları, tədris otaqları müasir kompüter, elektron lövhə, proyektor və başqa lazımi avadanlıqlarla təchiz  edilib.

Böyütmək üçün seçinElmi-tədqiqat laboratoriyaları ("Türk-slavyan əlaqələri", "Folklor araşdırmaları", "Lüğət mərkəzi", "Ölkəşünaslıq", "Tərcümə problemləri"  və "Azərbaycanşünaslıq tədris-mədəniyyət mərkəzi") öz fəaliyyətini universitetdə aparılan elmi-tədqiqat və tədris-metodiki işlər istiqamətində qurur.

"Türk-slavyan əlaqələri" elmi-tədqiqat laboratoriyası (ETL) 2001-ci  ildə yaradılıb. Laboratoriyanın işində dil və ədəbiyyat məsələləri ilə yanaşı, avrasiyaçılıq tədqiqatları da əsas yer tutur. Türk-slavyan əlaqələri (dil, ədəbiyyat, tarix, mədəniyyət), Şərq-Qərb ədəbi-mədəni dialoqu problemi laboratoriya tədqiqatlarının prioritet istiqamətidir.

"Lüğət mərkəzi" ETL. "Lüğət mərkəzi" elmi-tədqiqat laboratoriyası 1971-ci ildən fəaliyyət göstərir. Fəaliyyəti dövründə bir sıra mühüm layihələr həyata keçirilmişdir ki, bunlardan ilk növbədə  dördcildli "Azərbaycanca-rusca lüğət"in tərtibini göstərmək olar. Ötən il Lüğət mərkəzi respublika əhəmiyyətli layihə olan çoxcildli yeni "Rusca-azərbaycanca lüğət" üzərində işini davam etdirib.

Laboratoriyada ayda bir dəfə leksikoqrafiyadan seminar keçirilir ki, burada lüğətçiliyin nəzəri və praktik məsələləri müzakirə edilir, nəticələr                     "Rusca-azərbaycanca lüğət"in tərtibi ilə əlaqələndirilir. Lüğət mərkəzi elmi-tədqiqat laboratoriyasının hər ayın sonunda keçirilən iclasında ay ərzində görülən işlərə yekun vurulur, əldə edilən nəticələr qiymətləndirilir. Həftədə bir dəfə keçirilən işçi müşavirələrdə isə həftəlik tapşırığın yerinə yetirilməsi nəzərdən keçirilir.

Böyütmək üçün seçin"Tərcümə problemləri" ETL. 2003-cü ildə yaradılıb. Laboratoriya fəaliyyətini müxtəlif elmi istiqamətlər üzərində qurub.

Ötən il laboratoriyanın fəaliyyəti əsasən beş istiqamətdə olub. "Filoloqun kitabxanası-100", "Türkologiya",  "Dünya nəsri" və "Azərbaycanşünaslıq" seriyalarından əsərlərin seçilməsi, tərcümələrin təşkil edilməsi, tərcümələrin yığılması, redaktə olunub çapa verilməsi və Azərbaycan Tərcümə Ensiklopediyasının çapa hazırlanması laboratoriya qarşısında duran əsas məsələlərdir.

2014-cü ildə laboratoriya fəaliyyətini əsasən "Filoloqun kitabxanası - 100" seriyasından olan əsərlərin tərcüməsi üçün müqavilələr bağlanmış kitabların tərcümə və redaktə işlərinin sürətləndirilməsi üzərində qurub. Adıçəkilən seriyadan bir sıra kitabların: F.Nitşenin "Zərdüşt belə söylədi", B.Tomaşevskinin "Ədəbiyyat nəzəriyyəsi", A.Losevin "İntibah estetikası", "XIX əsrin ikinci yarısı - XX əsrin əvvəllərində rus fəlsəfi fikri" toplusu üzərində tərcümə və redaktə işi başa çatdırılıb.

"Ölkəşünaslıq" ETL 2003-cü ildə yaradılıb. Elmi-tədqiqat laboratoriyasının məqsədi slavyan ölkələri, həmçinin Azərbaycan, Türkiyə, Yunanıstan və s. ölkələrə dair sistemli şəkildə məlumat və elmi materiallar toplamaq, onları təhlil etmək, əldə edilmiş nəticəni "Regionşünaslıq" istiqaməti üzrə tədris prosesinə tətbiq etmək, eyni zamanda göstərilən ölkələrin tarixi, mədəniyyəti, beynəlxalq münasibətləri, siyasi sistemi, ictimai-siyasi və fəlsəfi fikri üzrə elmi-tədqiqat işləri aparmaqdır.

"Ölkəşünaslıq" elmi-tədqiqat laboratoriyası BSU-da tədris edilən regionların və ayrı-ayrı ölkələrin coğrafiyasını, iqtisadiyyatını, sosial-mədəni mühitini, konfessional şəraitini, geopolitikasını, daxili və xarici siyasətini, həmin ölkələrin qarşılıqlı əlaqələrini və s. araşdıraraq onları kompleks şəkildə öyrənir. BSU-da "Azərbaycanşünaslıq" ixtisası da tədris edildiyi üçün laboratoriya öz elmi potensialından istifadə edərək müxtəlif ölkələrin xarici siyasətində Azərbaycanın yerini, ölkəmizin digər dövlətlər və beynəlxalq strukturlarla qarşılıqlı münasibətlərini, eyni zamanda Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla Qafqazda baş verən münaqişələri də araşdırır.

Böyütmək üçün seçinLaboratoriya əməkdaşlarının elmi fəaliyyəti müxtəlif region ölkələrinin tarix, etnomədəni, dil, konfessiya, iqtisadiyyat, xarici siyasət, siyasi sisteminin araşdırılması və tədqiqi ilə bağlıdır.  2014-cü ildə laboratoriya 4 elmi-nəzəri seminar keçirib.

"Azərbaycanşünaslıq" tədris-mədəniyyət mərkəzi. Çağdaş Azərbaycanın və azərbaycanşünaslığın öyrənilməsi, təbliği və tədrisi problemləri mərkəzin fəaliyyətinin əsas istiqamətini təşkil edir. Burada Azərbaycan dili, ədəbiyyatı, mədəniyyəti və tarixi problemləri ilə məşğul olan mütəxəssislər müasir azərbaycanşünaslığın elmi prinsiplərini müəyyənləşdirir, tədrisdə tətbiqi yolları üzərində çalışırlar.

"Azərbaycanşünaslıq" tədris-mədəniyyət mərkəzinin əməkdaşları 2014-cü ildə tədris və elmi-tədqiqat sahələrində müvafiq işlər həyata keçirib. 2014-cü ilin fevralında Ural Federal Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılışı olub. Laboratoriyanın bazasında ulu öndərin anadan olmasının ildönümünə həsr olunmuş "Azərbaycanşünaslığın aktual problemləri" V Beynəlxalq elmi konfransı keçirilib. Konfransda 20 ölkədən 70 nəfərə yaxın xarici iştirakçı təmsil olunub.

"Azərbaycanşünaslıq" tədris-mədəniyyət mərkəzi  əməkdaşlarının hazırladıqları "Azərbaycanşünaslığa giriş" tədris vəsaiti Təhsil Nazirliyi tərəfindən təsdiq olunub və nəşr edilib. Laboratoriya BSU-nun xaricdə fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzlərini lazımi elmi, tədris-metodiki və sorğu ədəbiyyatları ilə təmin olunmasına kömək edib.    

Pedaqoji və istehsalat təcrübəsi 

Pedaqoji təcrübə. Universitetin pedaqoji və filologiya fakültələrinin II, III, IV  kurs tələbələrinin pedaqoji təcrübə keçmələri üçün  Bakı  şəhərinin müxtəlif məktəbləri ilə  ikitərəfli müqavilələr bağlanmış və həmin məktəblərdə pedaqoji təcrübə  təşkil olunur.

Artıq uzun müddətdir ki, tələbələrin müəyyən hissəsinin pedaqoji təcrübəsi   qaçqın və məcburi    köçkünlərin  müvəqqəti məskunlaşdıqları müxtəlif  rayonlarda  fəaliyyət göstərən  qaçqın orta məktəblərində aparılır.  BSU-da keçirilən və ulu öndərin xatirəsinə həsr olunan ənənəvi şagird-tələbə elmi konfransına bu il də qaçqın və köçkün məktəblərin istedadlı şagirdləri dəvət olunub və onların elmi konfransa hazırlığında universitetin professor-müəllim heyətinin iştirakı təmin edilib. Pedaqoji təcrübə zamanı orta məktəblərin şagirdlərindən ibarət qrupların Bakı Slavyan Universitetinə ekskursiyaları  təşkil olunur. Onlar universitet həyatında baş verən yeniliklərlə tanış olur, müxtəlif fənlər üzrə  dərslərdə iştirak edir və universitet haqqında geniş məlumat alır, "Heydər Əliyev Məktəbi" Tələbə Teleradio Studiyasında çıxışlar edirlər.

Böyütmək üçün seçinİstehsalat təcrübəsi. Universitetin Tərcümə, beynəlxalq münasibətlər və regionşünaslıq,  jurnalistika  fakültələrinin II və III kurs tələbələrinin müxtəlif müəssisə və təşkilatlarda istehsalat təcrübəsi təşkil olunur. Həmin müəssisə və təşkilatlarla ikitərəfli müqavilə bağlanılır.    

Folklor təcrübəsi. Universitetin Azərbaycan  və rus filologiyası üzrə təhsil alan II kurs tələbələrinin  folklor təcrübəsi  Azərbaycanın müxtəlif bölgələrində təşkil olunur. Toplanmış orijinal  materiallar universitetin "Folklor araşdırmaları"  laboratoriyasında  mütəxəssislər tərəfindən  araşdırılır, yoxlanılır və rəy  verilir.  Filoloq tələbələrin İsmayıllı rayonunun İvanovka kəndində topladıqları folklor nümunələri kitab şəklində nəşrə hazırlanmışdır.   Bağlanılmış müqavilələrə uyğun olaraq tələbələr Türkiyə, Rusiya, Ukrayna, Polşa, Çexiya, Almaniya, Bolqarıstan və digər xarici ölkələrin nüfuzlu universitetlərində də istehsalat təcrübəsi keçirlər.

"Heydər Əliyev Məktəbi" Tələbə Teleradio Studiyası 2008-ci ildə yaradılıb. Studiyanın məqsədi jurnalistika ixtisası üzrə təhsil alan tələbələrin istehsalat təcrübəsinin səmərəli keçirilməsinə, onların əyani vəsaitlərdən istifadə qaydalarına  yiyələnmələrinə və təhsilin keyfiyyətinin daha da yüksəldilməsinə yardım etməkdir.

Radiostudiyanın həftəlik proqramında bir çox verilişlərlə yanaşı universitet xəbərləri yer tutur, klassik və xalq mahnıları, slavyan xalqlarının folklor və estrada musiqisi səsləndirilir.

Radioverilişlərin hazırlanması və efirə verilməsində yalnız jurnalist tələbələr deyil, həm də gələcəyin müəllimləri, tərcüməçiləri, regionşünasları və filoloqları da fəal iştirak edirlər.

Studiya eyni zamanda universitetdə keçirilən görüşlərin və tədbirlərin videolentə alınması, BSU-nun videosalnaməsinin yaradılması, tələbə həyatından bəhs edən filmlərin çəkilişi, müxtəlif janrlı verilişlərin hazırlanması və s. ilə məşğul olur.

Universitetdə keçirilən elmi konfransların, ustad dərslərinin, rəsmi görüşlərin və digər tədbirlərin iştirakçıları, xarici qonaqlar tələbə radiosuna müsahibə verir və öz təəssüratlarını bölüşürlər.

 Elmi-tədqiqat işləri

 Bakı  Slavyan Universitetinin elmi fəaliyyəti və aparılan elmi-tədqiqat işləri bu ali məktəbin profilinə uyğun  bir sıra mühüm elmi problemlərin araşdırılması, alınan nəticələrin tədrisə tətbiqi yollarının müəyyən edilməsi istiqamətində qurulub.

Universitetdə elmi-tədqiqat və elmi-metodiki iş əsas etibarı ilə kafedralarda cəmlənib. Bu işin əhəmiyyətli bir hissəsi də burada fəaliyyət göstərən elmi-tədqiqat laboratoriyaları tərəfindən yerinə yetirilir. Elmi-tədqiqat fəaliyyəti perspektiv və cari planlar əsasında aparılır. Həmin planlar kafedra və ya laboratoriya iclaslarında, fakültə və universitet elmi şuralarında təsdiq edilir. Kafedralarda və ETL-də aparılan elmi-tədqiqat işlərinin koordinasiyası, onların icrasının təmin edilməsi və görülən işlərin ekspertizasının təşkili, alınan elmi nəticələrin təbliği, universitetdə istehsal olunan elmi məhsulların müasir standartlara uyğunluğunun təmin edilməsi məqsədi ilə universitetdə Elm və elmi-tədqiqat laboratoriyaları və Elmi nəşrlər şöbələrinin bazasında Elmi tədqiqatlar və innovasiyalar şöbəsi yaradılıb. Doktorantura və dissertantura şöbəsi isə fəlsəfə və elmlər doktoru proqramları üzrə elmi-pedaqoji kadrların hazırlanması işini əlaqələndirir, doktorant və dissertantların nail olduqları elmi nəticələrin təşviqi sahəsində iş aparır.  Ötən il elmi-tədqiqat işləri 5 əsas istiqamət üzrə aparılıb. Ümumilikdə 516 elmi-tədqiqat işi barədə hesabat və ya nəticələr təqdim olunub. Nəşr olunmuş elmi işlərin ümumi sayı 818 , məqalələrin ümumi sayı 350-dir. Onlardan 260-ı respublikada, 90-ı (o cümlədən 2-si impakt-faktoru olan jurnallarda - 2) xaricdə dərc olunub.

BSU-nun professor-müəllim heyətinin 2014-cü ildə yerinə yetirdiyi ETİ-nin nəticələri bilavasitə tədris prosesində tətbiq olunub. Hazırlanmış dərslik, dərs vəsaitləri, metodik işləmələr və tövsiyələr, müxtəlif tipli lüğətlər universitetdə tədris olunan fənlərin tələbələr tərəfindən daha dərindən və hərtərəfli mənimsənilməsinə yönəlib. İl ərzində BSU-da 4 elmi konfrans keçirilib. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan "Azərbaycanşünaslığın aktual problemləri" V Beynəlxalq elmi konfransı universitetin xarici əlaqələri, elmi tədqiqatları və tədris fəaliyyəti üçün müstəsna əhəmiyyət kəsb edib.     

 Tələbələrin elmi-tədqiqat işinin təşkili 

Tələbə Elmi Cəmiyyəti  (TEC) tələbələrin bilik və bacarıqlarının, elmi-tədqiqat fəaliyyətinin inkişafına təsir göstərən, müasir elmin müxtəlif sahələrini əhatə edən tələbə elmi konfransları, elmi seminarlar keçirir. Tələbə elmi tədqiqatlarının nəticələri tematik məcmuələrdə və tezis toplularında dərc olunur.

2014-cü ildə tələbələrin həm Bakı Slavyan Universiteti, həm də digər universitetlərdə təşkil olunmuş konfrans, forum, müxtəlif seminar və "dəyirmi masa"larda iştirakı təmin olunub.

2014-cü təqvim ilində universitetin magistratura pilləsində təhsil alan tələbələr  ixtisaslarına müvafiq olaraq, magistr dissertasiyaları çərçivəsində elmi-tədqiqat işini yerinə yetirməklə yanaşı, universitetin elmi həyatında da fəal iştirak ediblər.

2015-ci il 15-16 may tarixlərində Sumqayıt Dövlət Universitetində keçirilən Magistrantların XIV Respublika elmi konfransına BSU magistrantlarının 134 tezisi göndərilib və bölmə iclaslarında maraqlı məruzələri dinlənilib.

Tələbə Elmi Cəmiyyətinin üzvləri universitetin təşkil etdiyi beynəlxalq elmi konfransların təşkilati işlərinə fəal şəkildə cəlb edilirlər. 

Kitabxana 

1946-cı ildən fəaliyyətə başlayıb. Əsas tədris korpusu ilə yanaşı, II tədris korpusunda da qiraət zalı və tədris ədəbiyyatı şöbəsi fəaliyyət göstərir. Kitabxananın ümumi fondu - 411603 nüsxədir. 2014-cü ildə buraya 3032 nüsxə kitab daxil olub. Bunlardan 554 nüsxə elmi, 1423  nüsxə dərslik, 780 nüsxə bədii ədəbiyyat olub. Kitabxana fondunun böyük hissəsi rus dilində olan kitablardır. Burada həmçinin Azərbaycan, ingilis, yunan, polyak, slovak, çex, türk, alman, fransız, Ukrayna və s. dillərində olan ədəbiyyatlar var.

Cari tədris ilində yeni ixtisaslar üzrə elmi-metodiki ədəbiyyatlar əldə olunub, tədris ehtiyacları üçün vacib olan xarici mətbuat orqanlarının abunəsinə diqqət yetirilib.

Ədəbiyyat kafedraları ilə birgə kitabxana 10 ildən artıq bir müddətdə universitetdə reallaşmaqda olan və bütün fakültələri əhatə edən "Bədii oxu" layihəsinə də dəstək verir.  

 Elmi jurnalların nəşri 

Elmi-tədqiqat işlərinin informasiya təminatı Bakı Slavyan Universitetində dərc olunan elmi jurnalların və keçirilən elmi konfransların köməyilə, eləcə də əməkdaşların BSU-nun tərəfdaşlıq etdiyi ali məktəb və elmi müəssisələrə elmi məzuniyyətləri,  başqa informasiya mübadiləsi imkanlarından istifadə yolu ilə həyata keçirilir. 

Bu sahədə əhəmiyyətli vasitələrdən biri də nəşriyyat fəaliyyətidir. BSU-da başqa sadalanan və bundan sonra adları çəkiləcək nəşrlərlə yanaşı, nəşri 2004-cü ildə bərpa olunmuş "Bakı Slavyan Universitetinin Elmi əsərləri" (bundan sonra "Elmi əsərlər") toplularıdır.

"Elmi əsərlər"in həm  "Dil və ədəbiyyat" seriyasının, həm də "İctimai və siyası elmlər" seriyasının ildə 2 nömrəsi işıq üzü görür. BSU alimlərinin işləri ilə yanaşı, Azərbaycanın digər elm və tədris ocaqları əməkdaşlarının, xarici ölkələrdən, o cümlədən, Rusiya, Ukrayna, Finlandiya, Polşadan olan tanınmış mütəxəssislərin məqalələri də çap üçün qəbul olunur.

"Elmi əsərlər"in hər iki seriyası Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının "Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması üçün tövsiyə edilən elmi nəşrlərin siyahısı"na daxildir.

BSU-nun "Elmi əsərlər"inin əsas istiqamətlərindən biri müxtəlif elmi təşkilat və dünya universitetləri ilə birgə layihələrin həyata keçirilməsidir. Bununla əlaqədar universitet dünyanın digər ali məktəbləri ilə birlikdə müştərək elmi jurnallar nəşr edir. Növbəti illərdə bu təcrübə davam etdiriləcək.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi nəşrlər arasında universitetin "Tağıyev oxuları" elmi məcmuəsini, BSU-nun iştirakı ilə buraxılan "Humanitar elmlərin aktual problemləri" ali məktəblərarası elmi məqalələr toplusunu qeyd etmək olar.

BSU tərəfindən nəşri həyata keçirilən "Azərbaycanda rus dili və ədəbiyyatı" elmi-metodiki və mədəni-ictimai jurnalı xüsusi əhəmiyyət kəsb edir.    

 Beynəlxalq əlaqələr

 Bakı Slavyan Universiteti 21 ölkənin 85 universiteti ilə əməkdaşlıq edir. 2014-cü ildə xarici ölkələrin 7 ali məktəbi ilə ikitərəfli müqavilələr imzalanıb. 2014-cü ildə bir sıra xarici ölkə universitetlərindən tanınmış alimlər, xarici ölkələrin dövlət və hökumət adamları, səfirlər Bakı Slavyan Universitetinin qonağı olub, doktorant və dissertantlar, magistrant və tələbələr üçün mühazirələr oxuyub, elmi seminar və ustad dərsləri keçiblər.

Xarici ali məktəblərlə birgə həyata keçirilən beynəlxalq proqramların sayı 7-dir. Bunlar  TEMPUS (QATMİ, CURDEUS), Erasmus Mundus (IANUS I, IANUS II), Youth in Action, Azərbaycanda jurnalistikanın tədrisinin inkişafına dəstək, Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu, MDB-nin Şəbəkə Universiteti, "Mövlanə" mübadilə proqramıdır.  2014-2015-ci tədris ilində  IANUS I layihəsi üzrə  BSU-nun 5 nəfər tələbəsi, IANUS II layihəsi üzrə  isə 6 nəfər tələbəsi xaricdə təhsil alır.

2014-cü ildə tələbələrimiz Bolqarıstanın Müqəddəs Kliment Sofiya Universitetində, Çexiyanın Olomouts Universitetində və Çexoslavak Xarici Universitetində, Yunanıstanın İoannina Universitetinin Yunan dili və Mədəniyyəti Mərkəzində "Yay Seminar"larında iştirak ediblər.

Tərəfdaş xarici universitetlərin tələbə və müəllimləri (Rusiya, Ukrayna, Yunanıstan, Polşa və s. ölkələrdən) BSU bazasında yay məktəblərinə, stajkeçməyə, seminar-treninqlərə cəlb olunub.

Bakı Slavyan Universiteti əməkdaşları da universitet bazasında və xaricdə bir sıra elmi-tədqiqat,  ixtisasartırma və stajkeçmə kurslarında, seminar-treninqlərdə iştirak ediblər.

1. Slavyan dilləri, slavistika üzrə stajkeçmə, ixtisasartırma kurslarında iştirak (Çexiya  Respublikası, Ostrava Universiteti, 2014; Çexiya, Karlov Universiteti, 2014);

2. Rus dilinin tədrisi üzrə ixtisasartırma kurslarında iştirak (Moskva, Puşkin adına Rus Dili İnstitutu, 2014; Bakı Slavyan Universiteti bazasında Moskva hökumətinin dəstəyi ilə elmi-praktik konfrans, 2014);

3. Xarici dillər üzrə (Böyük Britaniya, London, 2014; Bakı Slavyan Universitetinin bazasında AZETTA-nın təşkilatçılığı ilə, 2014, 2015; Rumıniya, Yassı Universiteti, 2014);

4. Germanşünaslıq üzrə layihələrdə iştirakla bağlı seminarlarda iştirak, ixtisasartırma kursları (Avstriya, Vyana və Leybnits şəhərləri universitetləri, 2014 və s.);

5. Tərcüməçilik üzrə (Moskva, Moskva Dövlət Linqvistik Universiteti, 2014);

6. Beynəlxalq münasibətlər üzrə (Rusiya, Volqoqrad Dövlət Universiteti, 2014);

7. Jurnalistika üzrə (Bakı, Bakı Slavyan Universiteti bazasında aparıcı Rusiya jurnalistlərinin iştirakı ilə ustad dərsləri və seminar-treninq, 2014).

 Tədris-mədəniyyət mərkəzləri 

Rusiya Tədris-Mədəniyyət Mərkəzi Rusiyanın Azərbaycandakı səfirliyinin köməyi ilə  2002-ci ildə yaradılıb. Mərkəz müasir texniki avadanlıqla - kompüterlər, mini-kinoteatr, interaktiv lövhə, həmçinin zəngin kitabxana fondu ilə təchiz olunub. "Moskva auditoriyasında" tələbələrlə müntəzəm olaraq rus dili, ədəbiyyatı və mədəniyyəti ilə bağlı məşğələlər keçirilir.

Mərkəzin kitabxanasından həm müəllimlər, həm də tələbələr istifadə edir. Mütəmadi olaraq kitabxana yeni nəşrlərlə təzələnir.  Mərkəz bu ölkənin dövlət xadimləri, ictimai və mədəni həyatının nümayəndələri ilə hər il keçirilən görüşlərin təşkilində vasitəçi olan Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi və Rusiya Mədəniyyət-İnformasiya Mərkəzi ilə daim sıx əlaqədədir. Mərkəz səfirlik tərəfindən təşkil olunan bütün tədbirlərdə fəal iştirak edir.

Ukrayna Tədris-Mədəniyyət Mərkəzi. 1998-ci ildən etibarən Bakı Slavyan Universitetində Ukrayna dili tədris olunur. 2001-ci ildən isə mərkəz fəaliyyət göstərir.

Mərkəzin bazasında regionşünas tələbələr Ukrayna dili və ədəbiyyatını öyrənirlər. Mərkəzdə müxtəlif mədəni-kütləvi tədbirlər keçirilir, Ukrayna tarixi və mədəniyyəti ilə bağlı yubiley gecələri qeyd olunur.

Mərkəz Ukraynanın Azərbaycan Respublikasındakı səfirliyi, ölkəmizdə  T.Şevçenko adına Ukrayna icması, Azərbaycanın Ukraynadakı səfirliyi ilə sıx əməkdaşlıq edir.

Türkiyə Araşdırmaları Mərkəzi Bakı Slavyan Universiteti ilə Türkiyə Cümhuriyyəti Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu, Atatürk Kültür Mərkəzinin maddi və mənəvi dəstəyi və əməkdaşlığı ilə 2004-cü ildə yaranıb. Mərkəzin açılmasında əsas məqsəd Türkiyəni Azərbaycanda və universitetin əməkdaşlıq etdiyi ölkələrdə ən doğru şəkildə təqdim etmək, eyni zamanda Türkiyə və türk dünyası ilə maraqlanan insanları, onların araşdırmalarını Türkiyə elminə və ictimaiyyətinə yaxından tanıtmaqdır. Hazırda burada elmi seminarlar, müxtəlif aktual mövzularda "dəyirmi masa"lar təşkil olunur. Mərkəz 500-ə yaxın kitabı olan kitabxana və müasir texniki avadanlıqlarla təchiz olunub. Universitetin Türkiyə və Balkan ölkələri üzrə təhsil alan tələbələri, Türkiyə, onun dünya sistemindəki yeri, Türkiyə və Azərbaycanın tarixi və inkişaf perspektivləri ilə maraqlananlar bu imkanlardan istifadə edirlər.

Müasir Yunan Dili və Mədəniyyəti Mərkəzi Yunanıstan hökuməti və Yunanıstanın Azərbaycandakı səfirliyinin köməyi ilə   yaradılıb. Mərkəz 2004-cü il iyunun 22-də açılıb. Mərkəz özündə dörd tədris otağını birləşdirir. Yunanıstanın tarixinə, mədəniyyətinə, ədəbiyyatına, müasir dövrdə Yunanıstan-Azərbaycan əlaqələrinə dair 1000-ə yaxın qəzet, jurnal, kitab, dərslik, audio-video materiallar mərkəzin kitabxanasında cəmlənir. Mərkəz mütəmadi olaraq Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirliyi vasitəsilə yeni kitablarla, jurnallarla, dərs vəsaitləri ilə təchiz olunur. Tələbələrin mərkəzin kitabxanasından istifadə qrafiki azaddır. Bundan başqa, mərkəzdən ölkələri üzrə ixtisaslaşan tələbələr, Azərbaycan-Yunanıstan əlaqələri ilə maraqlananlar istifadə edirlər. Mərkəzdə mütəmadi olaraq mədəni-kütləvi tədbirlər keçirilir.    

Bolqar dili və Mədəniyyəti Mərkəzi Bolqarıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə 2004-cü ildə açılıb.    

Mərkəzin əsas vəzifəsi Azərbaycan və Bolqarıstan arasında mədəni əlaqələri inkişaf etdirmək, gənclərin hər iki ölkənin mədəniyyətinə, təhsilinə, maarifinə və elminə marağını artırmaq və həmçinin universitetdə bolqarşünaslıq istiqaməti üzrə tədris prosesinin təkmilləşdirilməsinə kömək etməkdir. Mərkəz bolqar dili, mədəniyyəti və tarixinin yayılmasına geniş imkanlar yaradır. Mərkəz müasir texniki avadanlıqlarla təchiz edilib. Bundan əlavə, mərkəzin nəzdində kitabxana fəaliyyət göstərir. Hazırda kitabxana fondu 300-ə yaxın kitabdan - bolqar dilində dərsliklər, vəsaitlər, lüğətlər, bədii ədəbiyyat, Bolqarıstan tarixi, dini, mədəniyyəti və iqtisadiyyatı haqqında və bolqar dili üzrə materiallardan ibarətdir. Mərkəzdə oxucular bolqar dilində jurnallar və qəzetlər, video və audio kasetlərlə də təmin olunur.     Burada tədris-metodiki, elmi-tədqiqat və mədəni-kütləvi bölmələr fəaliyyət göstərir. Mərkəzin nəzdində danışıq dilinin mükəmməlləşdirilməsi məqsədilə bolqar dili dərnəyi yaradılıb.

V.Humbolt adına Alman Tədris və Mədəniyyət Mərkəzi 2008-ci ildə fəaliyyətə başlayıb. Mərkəzin əsas məqsəd və vəzifələri Azərbaycan və Almaniya arasında  elm və mədəni əlaqələrin inkişafı, tələbələrin alman dilinə marağının artırılması, həmçinin almanların Azərbaycan mədəniyyəti və təhsili ilə yaxından tanış olmasıdır. Mərkəzdə həm alman dili, həm də alman filologiyası və mədəniyyəti ilə bağlı dərslər keçirilir.

V.Hüqo adına Fransız Dili və Mədəniyyəti Mərkəzi də 2008-ci ildən fəaliyyət göstərir və əsasən tədris ehtiyaclarına xidmət edir. 

 Azərbaycanşünaslıq xarici universitetlərdə 

Moskva Dövlət Linqvistik Universiteti nəzdində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi. Bakı Slavyan Universitetinin təşəbbüsü və dəstəyi ilə 2007-ci ildən Moskva Dövlət Linqvistik Universitetində Azərbaycan dili tədris olunur. Azərbaycanşünaslığın öyrənilmə səviyyəsini yüksəltmək məqsədilə 2009-cu ilin aprel ayında Moskva Dövlət Linqvistik Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb. Mərkəz BSU-nun birbaşa yardımı ilə ən son texniki avadanlıqlarla, o cümlədən kompüter dəsti, geniş ekranlı mini-kinoteatr, sənədli və bədii filmlərdən ibarət disklər, Azərbaycanın siyasi, fiziki və iqtisadi xəritələri, yazıçı və şairlərimizin, mədəniyyət xadimlərimizin portretləri, rusca-azərbaycanca lüğətlər, milli geyim nümunələri, milli bayramlarımızı və tarixi günlərimizi əks etdirən təqvim və s. ilə təchiz olunub.

Mərkəzin fəaliyyəti tədris və mədəniyyət istiqamətləri üzrə aparılır. Tədris istiqaməti çərçivəsində mərkəzdə Azərbaycan dili üzrə tədris-metodik vəsaitlər və proqramlar hazırlanır. 2010-cu ildə Azərbaycan dili üzrə praktik kurs, müntəxəbat və müəllimlər üçün kitab olmaqla 3 hissədən ibarət dərs vəsaiti nəşr olunmuşdur.

Mərkəzdə təhsil alan tələbələr mütəmadi olaraq Bakı Slavyan Universitetinin, eləcə də Moskva Dövlət Linqvistik Universitetinin təşkil etdikləri beynəlxalq elmi konfranslarda, müxtəlif yönümlü tədbirlərdə iştirak edir, həmçinin universitetin "Azərbaycanşünaslıq" tədris-mədəniyyət mərkəzində təcrübə  keçmə imkanı əldə edirlər.

Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi 2010-cu il dekabrın 9-da BSU-nun və BDPU-nun əməkdaşlıq müqaviləsi əsasında rektorların iştirakı ilə açılıb. Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin əsas vəzifəsi Azərbaycan və Belarus arasında mədəni əlaqələri inkişaf etdirmək, tələbələrin hər iki ölkənin mədəniyyətinə, təhsilinə, maarifinə və elminə marağını artırmaq və həmçinin universitetdə azərbaycanşünaslıq istiqaməti üzrə tədris prosesinin təkmilləşdirilməsinə kömək etməkdir.

Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi. Mərkəzin  yaradılması haqqında razılaşma 24 may 2013-cü ildə imzalanıb. 25 sentyabr 2013-cü ildə  mərkəzin açılışı olub.

Mərkəz Azərbaycan dili, mədəniyyəti və tarixinin Bolqarıstanda yayılmasına geniş imkanlar yaradır. 31 oktyabr 2013-cü il tarixindən Sofiya Universitetinin Klassik və yeni filologiya fakültəsində türkologiya ixtisasının tələbələri üçün "Azərbaycan dili" seçmə fənni üzrə dərslər keçirilir.

Mərkəzdə Azərbaycanın tarixi, mədəniyyəti və adətləri ilə bağlı tədbirlər, foto və kitab sərgiləri, Azərbaycan haqqında filmlərin nümayişi, bu ölkənin dövlət, mədəniyyət və elm xadimləri ilə görüşlər təşkil edilir. Mərkəz Azərbaycanın dövlət xadimləri, ictimai və mədəni həyatının nümayəndələri ilə hər il keçirilən görüşlərin təşkilində vasitəçi olan Azərbaycan Respublikasının Bolqarıstandakı səfirliyi ilə daim sıx əlaqədədir.

Poltava İqtisadiyyat və  Ticarət Universitetinin Azərbaycan Mədəniyyət-Tədris Mərkəzi. Mərkəzin açılması ilə əlaqədar müqavilə 2008-ci ildə imzalanıb. Hazırda Mərkəz nəinki Poltava İqtisadiyyat və  Ticarət Universiteti, həmçinin Poltavanın digər ali təhsil ocaqları tələbələrinin beynəlxalq görüşləri, Poltava və Poltava vilayəti məktəblərinin buraxılış sinif şagirdləri üçün peşəyönümü işinin və ekskursiyaların təşkili yerinə çevrilib. Mərkəz ən yeni avadanlıq, metodik və əyani vəsaitlərlə təchiz edilmişdir. Mərkəzdə  kitabxana fəaliyyət göstərir.

2014-cü ildən fəaliyyətə başlayan Ural Federal Universiteti nəzdində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi təkcə bu ali təhsil ocağında deyil, bütün regionda təhsil və mədəniyyət layihələri həyata keçirir.    

 Tələbə Həmkarlar İttifaqı Komitəsi  

Hər bir universitetdə olduğu kimi, bu ali təhsil ocağında da Tələbə Həmkarlar İttifaqı Komitəsi tələbələrin sosial problemlərinin həllinə, tələbələr arasında maarifləndirmə istiqamətində işin aparılmasına, tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsinə, tələbələrin hüquqlarının təmin edilməsinə kömək edir. Respublikanın daxilində və xaricində keçirilən müsabiqələrdə, olimpiadalarda, festivallarda istedadlı və yaradıcı tələbələrin iştirakının təmin edilməsi, tələbələr arasında narkomaniya, alkoqolizm, cinayətkarlıq və digər neqativ meyillərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi, tələbələrin iştirakı ilə müsabiqələrin, seminarların, festivalların, forumların, toplantıların, sərgilərin, aksiyaların, "dəyirmi masa"ların, elmi konfransların, təlim kurslarının, kütləvi təbliğat kampaniyalarının, diskussiya klublarının, müzakirələrin, simpoziumların, görkəmli şəxslərlə görüşlərin təşkil edilməsi, ictimai işlərə cəlb edərək bu istiqamətdə formalaşmasında, yataqxana ilə təmin olunmalarında, ehtiyacı olanlara maddi yardım göstərilməsində, universitetin yeməkxanasında pulsuz yeməklə təmin edilməsində, istedadlı tələbələrin üzə çıxarılmasında, ictimai işlərdə və elmdə fərqlənən fəalların mükafatlandırılmasında, asudə vaxtlarının, yay istirahətlərinin təşkili istiqamətində fəaliyyət göstərir.

Tələbə Həmkarlar İttifaqı Komitəsi milli və dini bayramların, tarixi günlərin qeyd olunmasında fəal iştirak edir, rayon, şəhər və respublika səviyyəsində universitet tələbələrinin iştirakı ilə təşkil olunan tədbirləri dəstəkləyir.

Bakı Slavyan Universitetinin könüllüləri hazırda Azərbaycanda keçirilən birinci Avropa Oyunlarında yaxından iştirak edirlər.  

Tələbə Gənclər Təşkilatı 

Bakı Slavyan Universitetinin Tələbə Gənclər Təşkilatı (TGT) "Ali və orta ixtisas təhsil müəssisələrində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatının əsasnaməsi"nə uyğun fəaliyyət göstərir. Əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin və ayrı-ayrılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai, mədəni, sosial, elmi həyatında onların fəal iştirakını təmin etməkdir.

Tələbə Gənclər Təşkilatı "Heydər Əliyev dərsləri"ndə, universitetdə keçirilən tədbirlərdə, elmi konfranslarda, tələbələrin asudə vaxtının təşkilində, tələbə özünüidarəetmə gününün keçirilməsində fəal iştirak edir, universitetdə təhsil alan hər bir gəncin ölkənin layiqli vətəndaşı kimi formalaşmasına təkan verir.

Tələbə Gənclər Təşkilatının  tədris və elm şöbəsi öz işini Tələbə Elmi Cəmiyyəti və Tələbə Gənclər Təşkilatı ilə birgə planlaşdırır. Bu şöbənin əsas fəaliyyəti universitetdə əla və yaxşı qiymətlərlə oxuyan tələbələri elmi işlərə cəlb etməkdən ibarətdir. İl ərzində universitetdə və başqa ali məktəblərdə keçirilən elmi konfranslarda iştirak etmək və yaxşı nəticələrə nail olmaq hər bir əlaçı tələbə üçün əsas meyardır. İdeoloji şöbə öz işini universitetin tərbiyə işləri üzrə prorektoru və dekanlarla planlaşdırır. Tədris ili ərzində tələbələrin təlim-tərbiyəsi, dərsə davamiyyətinə nəzarət edir, universitet daxilində və xaricində, yataqxanalarda onların ictimai və siyasi fəallığını artırmaqla məşğul olur.

Tələbə Gənclər Təşkilatı tələbələrin idmanla məşğulluğu, onların universitet, şəhər, respublika və beynəlxalq miqyaslı idman yarışlarında iştirakına dəstək verir. BSU tələbələrinin idman yarışlarındakı fəallığı təsadüfi deyil.  

Tələbə Həmkarlar İttifaqı Komitəsi, Tələbə Gənclər Təşkilatı və s. tələbə təşkilatları ilə yanaşı, 2014-cü ildən fəaliyyətə başlamış Tələbə Müşavirlik Xidmətinin də rolu xüsusilə qeyd olunmalıdır. Tələbə Müşavirlik Xidməti sosial məsələlər, İKT, kütləvi tədbirlərin təşkili istiqamətində ciddi işlər görür. 

Özfəaliyyət 

Tələbələrin asudə vaxtının səmərəli təşkili üçün universitetdə dil kursları, kompüterlə təmin olunmuş oxu zalları mövcuddur  və onların tələbə həyatını daha da maraqlı etmək üçün  intellektual yarışlar, müxtəlif müsabiqə, idman yarışları və viktorinalar təşkil olunur. Tələbələr  universitetin "Tələbə dünyası" qəzetinin nəşrinə, "Heydər Əliyev Məktəbi" Tələbə Teleradio Studiyasında proqramların hazırlanmasına cəlb olunurlar. Tələbələr üçün rəqs və özfəaliyyət dərnəkləri fəaliyyət göstərir, yaradıcı tələbələr yaradıcılıq fakültəsində təhsil ala bilərlər. Universitet tələbələri Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar Təşkilatına, Tələbə Elmi Cəmiyyətinə, Magistrantlar Şurasına üzv ola və öz asudə vaxtlarını Kölgə Kabinetinin nəzdində fəaliyyət göstərən,"İntellekt" Tələbə Klubunda, Tələbə Xeyriyyə Fondunda, Tələbə Ekoloji Klubunda keçirə bilərlər.

Universitetdə "Sfera" Tələbə-Şagird Teatr Studiyası, "Totem" Tələbə Teatr Dərnəyi, rəqs və toxuculuq dərnəkləri, vokal və xor qrupları fəaliyyət göstərir. Tələbələr Azərbaycan və dünya yazıçılarının əsərlərini səhnələşdirir, rəsm sərgiləri keçirir, müxtəlif tədbirlərdə konsert proqramları ilə çıxış edirlər.

"Sfera" Tələbə Teatrı universitet yarandığı gündən fəaliyyət göstərir. Tələbələri teatr sənətinin özəllikləri ilə tanış etməklə yanaşı, onların nitq mədəniyyətinin inkişafı, istedadlı gənclərin üzə çıxarılması, onlara gələcək peşə fəaliyyətlərində gərəkli ola biləcək bədii zövqün aşılanması istiqamətində xüsusi rol oynayır. Teatr kollektivinin məşğələləri tələbələrin fəallığını artırır, onları yaradıcı fəaliyyətə sövq edir.  

Yaradıcılıq fakültəsi 

Akademik təhsil aparılan fakültə olmayan Yaradıcılıq fakültəsi unikallığı ilə seçilir. Açıq və sərbəst təhsil formasıdır və burada tələbələr yalnız dinləyicidirlər. Burada iki il boyunca təhsil alan şəxslərə "Ədəbi işçi" sertifikatı verilir. 9 ildir fəaliyyət göstərən fakültədə təkcə BSU-nun tələbələri yox, orta məktəbi bitirənlər də təhsil ala bilər. Burada oxumaq istəyən şəxslərin işlərinə xüsusi komissiya tərəfindən baxılır və əgər işləri bəyənilibsə, onlara iki il boyunca xüsusi proqram əsasında dərslər keçilir. 

"Bir günlük Xəlifə" 

Bakı Slavyan Universiteti tələbələrinin müstəqil idarəçilik qabiliyyətinin inkişafına təkan vermək, intellektual səviyyələrini, işgüzar bacarıq və vərdişlərini yoxlamaq, onlar tərəfindən verilən uğurlu təklifləri təhlil edib həyata keçirmək məqsədilə gerçəkləşən layihə ilk dəfə 2002-ci il dekabrın 13-də reallaşıb.

Tələbələr "xəlifəlik" etdikləri bir gün ərzində BSU-da həmişəki iş rejimi gözlənilir. Rəhbər vəzifələri icra edən 30 tələbə gün ərzində öz vəzifələrini məharətlə yerinə yetirməyə çalışır. Onların qəbul etdikləri qərarlar Elmi şurada müzakirə və təsdiqdən sonra rektor tərəfindən əmrləşdirilir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov