Naxçıvan
Dövlət Universitetində tibb fakültəsinin ənənəvi məzun
günü keçirilib. Əvvəlcə aparıcı tibb fakültəsində
təhsilin səviyyəsi, fundamental tədris bazası, muxtar
respublikanın tanınmış həkimlərinin buradakı uğurlu
pedaqoji fəaliyyətləri, tələbələrə göstərilən diqqət və
qayğı barədə məlumat verib, muxtar respublika və
universitet rəhbərliyinə məzunlar adından minnətdarlıq
edib.
Rektor, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi Saleh
Məhərrəmov Azərbaycanda tibb təhsilinin özünəməxsus
inkişaf yolundan, muxtar respublikada səhiyyənin
inkişafı, ali təhsilli tibbi kadrların hazırlanması
istiqamətində görülən işlərdən danışıb. Qeyd olunub ki,
bu yaxınlarda Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin Sədri Vasif Talıbovun iştirakı ilə tibb
fakültəsinin müasir tələblərə cavab verən yeni xəstəxana
binasının istifadəyə verilməsi, xəstəxananın ən müasir
tibbi avadanlıqlarla təchiz olunması səhiyyənin
inkişafına göstərilən dövlət qayğısının parlaq
təzahürüdür. Rektor, cəmiyyətin sağlam gələcəyinin
savadlı həkimlərdən asılı olduğunu, həkim məzunların bu
şərəfli işin öhdəsindən layiqincə gələcəklərinə inamını
ifadə edərək onları təbrik edib, uğurlar arzulayıb.
Tibb fakültəsinin dekanı, dosent Bəhruz Məmmədov hesabat
xarakterli məruzəsində fakültənin inkişaf yoluna nəzər
salıb. Məlumat verilib ki, 1999-cu ildə "Pediatriya"
ixtisası ilə təməli qoyulan fakültədə 2007-ci ildə
"Tibbi profilaktika" və 2011-ci ildə "Müalicə işi"
ixtisasları açılıb. Tələbələr nəzəri biliklərini və
praktiki vərdişlərini təkmilləşdirmək məqsədilə Naxçıvan
Muxtar Respublikasının müasir xəstəxanalarında və
Türkiyə Cümhuriyyətinin tanınmış universitetlərindəki
səhiyyə ocaqlarında təcrübə keçirlər. Fakültə
məzunlarından bir neçəsi ölkəmizdə, qardaş Türkiyənin
ali təhsil müəssisələrində tibb təhsilinin rezidentura
pilləsi üzrə təhsillərini uğurla davam etdirirlər.
Universitetdə tibb təhsilinin yüksək səviyyədə
qurulmasının nəticəsidir ki, bu gün Azərbaycanın digər
bölgələrindən, hətta müxtəlif xarici ölkələrdən burada
ali tibb təhsili almaq istəyənlərin sayı artmaqdadır.
Belə ki, fakültədə 326 tələbə, o cümlədən 54 xarici ölkə
vətəndaşı təhsil alır. 2014-2015-ci tədris ilində 31
nəfər məzun olaraq müqəddəs həkimlik peşəsinə yiyələnib.
Naxçıvan MR səhiyyə naziri, Azərbaycan Respublikasının
əməkdar həkimi Niyazi Novruzov ümummilli lider Heydər
Əliyevin səhiyyənin inkişafı istiqamətində apardığı
siyasətin Azərbaycanda, o cümlədən muxtar respublikada
uğurla davam etdirilməsindən, regionda yüksək ixtisaslı
mütəxəssislərin hazırlanmasında tibb fakültəsinin
rolundan, muxtar respublika rəhbərliyi tərəfindən həkim
məzunların iş yerləri ilə təmin olunmasına göstərilən
qayğıdan, çoxsaylı müasir səhiyyə ocaqlarının əhalinin
sağlamlığının xidmətində dayanmasından danışıb.
NDU-nun tibb fakültəsinin yaradılmasında və
fəaliyyətində özünəməxsus rolu olan, Azərbaycan Tibb
Universitetinin I uşaq xəstəlikləri kafedrasının müdiri,
akademik Adilə Namazova da tibb fakültəsinin inkişaf
yolundan söz açıb, məzunları təbrik edərək onlara
uğurlar arzulayıb.
Sonra həkim məzunlar Hippokrat andı içibər. Məzun günü
konsert proqramı ilə yekunlaşıb. Tədbirdə fakültənin 16
illik fəaliyyəti ilə bağlı slaydlar da nümayiş olunub.
Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri |