Bu
günlərdə Gəncə Dövlət Universiteti üçün əlamətdar bir
hadisə olub. 1975-ci ildə universitetin kimya ixtisasını
bitirmiş məzunlar 40 ildən sonra onlar üçün unudulmaz
olan doğma təhsil ocağında görüşüblər. Məzunları öncə
universitetin humanitar məsələlər üzrə prorektoru,
dosent Asif Cavadov və biologiya-kimya fakültəsinin
dekanı, dosent İsfəndiyar Alverdiyev salamlayıb, keçən
müddət ərzində universitetin və fakültənin qazandığı
uğurlardan, maddi-texniki bazanın möhkəmləndirilməsi,
təhsilin dünya standartlarına çatdırılması istiqamətində
görülən işlərdən, xarici əlaqələrin
genişləndirilməsindən danışıblar.
Məzunlar auiditoriyaları gəzdikcə universitetin,
həqiqətən, tanınmaz dərəcədə dəyişdiyinə şahid olublar.
Laboratoriyaların yenidən qurulması, geniş tədqiqat
imkanlarına malik yeni tipli laboratoriyanın
yaradılması, ulu öndər Heydər Əliyevin anadan olmasının
92-ci ildönümünə həsr edilmiş "Müasir biologiya və
kimyanın aktual problemləri" mövzusunda elmi-praktik
konfransın keçirilməsi, şəhər ictimaiyyətinin
nümayəndələrinin iştirakı ilə "açıq dərs"lərin təşkili
onlarda iftixar hissi doğurub. Görüşün
təşkilatçılarından olan Sabirabad rayonunun Təkilər kənd
tam orta məktəbinin kimya müəllimi Xanoğlan Məmmədov,
Gəncə şəhərindən Murad Muradov, humanitar kollecin
müəllimi Südabə Nik-nicat və başqa məzunlar öz
çıxışlarında universitetin uğurlarından, istər təhsil
sahəsində, istərsə də tələbələr üçün yaradılan
şəraitdən razı qaldıqlarını və sevindiklərini
bildiriblər.
Azərbaycanın bütün rayonlarında, Gürcüstanda yaşayıb
orta məktəblərdə, icra strukturlarında, bələdiyyələrdə
fəaliyyət göstərən, lakin həmişə müəllim adını uca tutan
və böyük həvəslə görüşə gəlmiş 45 nəfər məzun öz
xahişləri ilə qocaman müəllim Fizuli Bayramovun "açıq
dərs"ini dinləyiblər. Görüşün sonunda məzunlarla xatirə
şəkilləri çəkdirilib.
Maqbet ƏHMƏDOV,
GDU-nun Mətbuat xidmətinin rəhbəri |