Azərbaycan
Dövlət İqtisad Universitetində (ADİU) "İxtisas və yay
istehsalat təcrübələrinin təşkili və təkmilləşdirilməsi"
mövzusunda konfrans keçirilib.
ADİU-nun rektoru, professor Ədalət Muradov ixtisas və
yay istehsalat təcrübələrinin təşkilində görülməsi
zəruri olan tədbirlər barədə söz açıb.
Təcrübə və işədüzəltmə şöbəsinin müdiri Fuad Əliyev
istehsalat təcrübələrinin təşkili ilə bağlı məruzə ilə
çıxış edərək, bu sahədə qarşıya çıxan problemlər
haqqında danışıb. Bildirib ki, əsasən təcrübə müddətində
sığorta və müqavilələrin imzalanması, təhlükəsizliyin
təmin edilməsi kimi problemlərlə qarşılaşırlar. Xüsusi
ilə maliyyə, bank və müxtəlif dövlət təşkilatlarında
təcrübə keçən tələbələrin sənədlərlə və proqramlarla
tanış olunmasında məhdudiyyətlərin və qadağaların
qoyulması diqqətə çatdırılıb.
Müzakirələrdən sonra konfrans iştirakçıları mövcud
problemlərin həlli üçün dünya təcrübəsini nəzərə alaraq
Əmək qanunvericiliyinin bəzi maddələrinə əlavələrin
edilməsi və təkmilləşdirilməsi istiqamətində müvafiq
dövlət strukturları qarşısında məsələ qaldırılması
məqsədi ilə təkliflər irəli sürüblər. |