Fondun vitse-prezidenti Leyla Əliyeva şənlikdə iştirak
edib
İyunun
24-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evləri
və Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin
sakinləri üçün növbəti dəfə şənlik təşkil olunub.
Şənlikdə Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak
edib.
Bu dəfə Heydər Əliyev Fondu uşaqları paytaxtın
dənizkənarı istirahət məkanlarından birində bir araya
topladı. Şənliyə xüsusi avtobuslarla gətirilən uşaqları
nağıl qəhrəmanları qarşıladılar. Nizami rayonundakı 1,
Xətai rayonundakı 3, Suraxanı rayonundakı 2 nömrəli uşaq
evlərinin və Daun Sindromlu Uşaqların Reabilitasiya
Mərkəzinin sakinləri Xəzərin sahilindəki bu məkanda yay
mövsümünün xoş ovqatını, günəşli günlərin qayğısız
anlarını yaşadılar.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da
övladları ilə birlikdə uşaqların şənliyinə qoşuldu.
Balacalara xas hədsiz səmimiyyət və sevinclə əylənən
uşaq evlərinin sakinləri və xüsusi qayğıya ehtiyacı olan
uşaqlar bu isti yay günlərində Fondun onlar üçün
hazırladığı çimərlik geyimlərində hovuzda üzdülər,
müxtəlif oyunlarda iştirak etdilər, ətrafdakılarla
sevinclərini bölüşdülər.
Leyla Əliyeva uşaqlarla söhbət etdi, onlar üçün təşkil
olunan bu şənliklə bağlı fikirləri ilə maraqlandı. Uşaq
evlərinin və Daun Sindromlu Uşaqların Reabilitasiya
Mərkəzinin sakinləri təəssüratlarını bölüşdülər, burada
yeni dostlar qazandıqlarını söylədilər, iştirak
etdikləri oyunlar, əyləndikləri attraksionlar barədə
danışdılar. Bununla da xeyriyyəçiliyi, böyüməkdə olan
nəslin hərtərəfli qayğı ilə əhatə olunmasını, müxtəlif
humanitar aksiyaları fəaliyyətinin prioritet
istiqamətləri kimi müəyyənləşdirən Heydər Əliyev Fondu
paytaxtdakı uşaq müəssisələrinin sakinlərinə növbəti
hədiyyəsini bəxş etdi, mənalı və unudulmaz bir gün
yaşatdı.
Tədbirdə balacalar üçün əsl bayram ab-havası yaradıldı.
Uşaqlar müxtəlif rəqslər, mahnılar ifa etdilər,
məharətlərini göstərdilər. Heydər Əliyev Fondunun həyata
keçirdiyi çoxşaxəli fəaliyyətin bir hissəsi olan bu
şənlik uşaqları sevindirdi.
Uşaqlarla bağlı Fondun himayəsi altında həyata keçirilən
aksiyalar ilk növbədə məcburi köçkün ailələrindən olan
uşaqlara kömək, diabet və talassemiya xəstəliklərindən
əziyyət çəkən balacalara yardım, respublikadakı uşaq
evlərinin və internat məktəblərinin əsaslı şəkildə
yenidən qurulmasına, yeni məktəb binalarının tikilməsinə
yönəlib.
Uşaq evlərinin sakinlərinə və xüsusi qayğıya ehtiyacı
olanlara hər zaman həssaslıqla yanaşan Heydər Əliyev
Fondu bu dəfə də balacaları hədiyyələrlə sevindirdi.
AZƏRTAC |