Dahi rus şairi Aleksandr Sergeyeviç Puşkinin anadan
olmasının 216-cı ildönümü ilə əlaqədar Səbail Rayon İcra
Hakimiyyəti, Rusiya Federasiyasının ölkəmizdəki
səfirliyi və "Sodrujestvo" cəmiyyətinin birgə
təşkilatçılığı ilə ənənəvi tədbir keçirilib. Böyük rus
şairinin abidəsi önündə keçirilən bu mərasimdə şairin
həyat və yaradıcılığından, öz əsərləri ilə dünya
ədəbiyyatında əbədi iz qoymasından söhbət açılıb.
Öncə şəhərimizin mərkəzində A.S.Puşkinin Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin iştirakı ilə
2001-ci ildə açılmış heykəli önünə tədbir iştirakçıları
adından gül dəstələri və tər çiçəklər qoyuldu.
Tədbiri giriş sözü ilə respublika "Sodrujestvo"
cəmiyyətinin sədri Tatyana Kərimova açaraq belə bir
tədbirin keçirilməsinin Azərbaycan və Rusiya xalqları
arasında dostluq və mədəni əlaqələrin gücləndirilməsində
böyük rolu olduğunu vurğuladı.
Tədbirdə çıxış edən Rusiya Federasiyasının
Azərbaycandakı səfiri Vladimir Doroxin, Səbail Rayon
İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev,
Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, yazıçı
Alina Talıbova və başqaları iki ölkə arasında mədəni
əlaqələrin mövcudluğundan söhbət açdılar. Qeyd edildi
ki, rus ədəbiyyatının formalaşması və inkişafında
misilsiz xidmətləri olmuş A.S.Puşkin təkcə rus xalqı
tərəfindən deyil, dünyanın bütün xalqları tərəfindən
sevilir. Onun çoxsaylı poemaları, şeirləri, nağılları
bir çox xalqların dillərinə tərcümə olunmuş,
yaradıcılığında rus xalqının arzuları, zəkası və
yaradıcılıq qüdrəti öz parlaq ifadəsini tapmışdır.
Puşkinin əsərləri görkəmli Azərbaycan şair və
yazıçılarından Məmməd Səid Ordubadi, Məmməd Rahim,
Mikayıl Müşfiq, Nigar Rəfibəyli, Süleyman Rüstəm, Səməd
Vurğun və başqaları tərəfindən tərcümə olunmuş, Puşkinin
Azərbaycanda sevilməsində bu tərcümələrin böyük rolu
olmuşdur.
Tədbirdə Səbail rayonu 132-134 nömrəli təhsil
kompleksinin və 160 nömrəli klassik gimnaziyanın,
həmçinin paytaxtın digər orta məktəblərinin şagirdləri,
tanınmış mədəniyyət xadimləri və şairlər, Azərbaycandakı
Rus icmasının nümayəndələri çıxış etmiş, ölməz şairin
şeirləri Azərbaycan, rus, ingilis və ispan dillərində
səslənmiş, müxtəlif ədəbi müsabiqələrdə fərqlənən
şagirdlərə hədiyyələr təqdim olunmuşdur.
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |