Ulu
öndər Heydər Əliyevin təməlini qoyduğu milli təhsil
siyasəti ölkəmizdə bu gün uğurla davam etdirilir. Xeyli
müddətdir ki, ölkəmizdə təhsil sahəsində islahatlar
aparılır. Məqsəd təhsildə keyfiyyətin yüksəldilməsi,
ölkəmizin gələcək inkişaf və tərəqqisini təmin edəcək,
tənqidi düşünən, problemləri həll etməyə qadir olan,
sərbəst fikir yürüdən istedadlı və qabiliyyətli gənc
nəsil yetişdirməkdir. Şagirdləri dəyişən həyat şəraitinə
uyğunlaşmağı bacaran şəxsiyyət kimi formalaşdırmaq bu
gün hər bir müəllimin qarşısında duran əsas vəzifədir.
Pedaqoji fəaliyyətə 1983-cü ildə Bakının Nərimanov
rayonundakı 66 nömrəli məktəbdə başlamışam. 1988-ci
ildən 1999-cu ilə qədər Bakı şəhəri 200 nömrəli orta
məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini
işləmişəm. Hazırda həmin məktəbdə (indiki məktəb-lisey
kompleksi) rus dili və ədəbiyyatını tədris edirəm.
Fəaliyyət göstərdiyim kompleks yeniliklərlə nəfəs alır.
Artıq 2008-ci ildən fənn kurikulumunu fəaliyyətimdə
tətbiq edirəm. Kurikulumun tətbiqi müəllimlərdən
dərslərini daha fəal qurmağı tələb edir. Fəal təlim
metodları ilə işləyən bir müəllim kimi kurikulumu tətbiq
etmək mənim üçün o qədər də çətin deyil.
Dərslərimdə İKT-nin imkanlarından da geniş istifadə
etməyim şagirdlərdə idrak fəaliyyətinin artmasına,
məntiqi düşüncənin, nəticə çıxarmaq bacarıqlarının
formalaşmasına kömək edir.
Şagirdlərin keçilən mövzular ətrafında geniş məlumata
malik olması üçün həmin mövzunu tədris etməzdən əvvəl
ekskursiyalar təşkil etmək səmərəli nəticələr verir.
Buna görə də mən "Şəhidlər ölmürlər" mövzusunu
keçməzdən əvvəl şagirdləri Şəhidlər xiyabanına aparıram.
Şagirdlərə vətən uğrunda canlarını qurban verən oğul və
qızlarımız haqqında məlumat verir, onların
qorxmazlığından, şücaətindən danışıram. Onlara deyirəm
ki, şəhidlər vətən uğrunda canlarını qurban vermişlər.
Onların əziz xatirəsi heç vaxt unudulmayacaq. Vətən
onlarla hər zaman fəxr edir.
Şagirdlər də şəhidlərin qəhrəmanlıqlarını tərənnüm edən
şeirlər söyləyir, qəhrəman oğullarımız haqqında
bildiklərini danışırlar.
Bütün bunlar onların qəlbində vətən məhəbbətini, hərbi
vətənpərvərlik ruhunu daha da dərinləşdirir və
gücləndirir.
Keçmişimizlə və bu günümüzlə bağlı mövzuları keçərkən
muzeylər, tarixi abidələr, görkəmli şəxsiyyətlər
haqqında bilikləri genişləndirmək məqsədi ilə Fəxri
xiyabana, ev-muzeylərinə, təbiətlə bağlı müxtəlif
guşələrə ekskursiyalar təşkil edirik. "Bura vətəndir",
"Əgər əsgər olsam", "Biz xalqdan öyrənirik", "Bərəkətli
payız", "Hərəyə bir ağac əkək" və s. mövzulu dərslərdə
şagirdlər fəal iştirak edir, biliklərini
dərinləşdirirlər.
Fəal təlim üsullarından istifadə etdikcə şagirdlərimin
necə dəyişdiyinin şahidi oluram. Belə ki, onlarda
fərziyyələr irəli sürmək, tədqiqat aparmaq, nəticə
çıxarmaq, öz fikrini sərbəst ifadə etmək kimi
bacarıqların formalaşdığını görmək məni sevindirir.
Dövlətimizin təhsilə, müəllimlərə göstərdiyi diqqət və
qayğı bizi ruhlandıraraq, yaradıcılıq baxımından daha
mükəmməl, araşdırmağı, müzakirə etməyi, müqayisə
aparmağı bacaran, əzbərləyərək deyil, düşünərək və
yaradaraq öyrənən yeni nəsil yetişdirilməsi yolunda
daha inamla irəliləməyə sövq edir.
Fayizə HACIYEVA,
Bakı şəhəri Məktəb-Lisey Kompleksinin rus dili və
ədəbiyyatı müəllimi |