İyunun 08-12 tarixlərində Şamaxı rayon Uşaq-Gənclər
Şahmat Məktəbində keçirilən Milli Qurtuluş Gününə
həsr edilmiş məktəbli şahmatçılar arasında ənənəvi
rayon birinciliyi keçirilib. Yarış öncəsi turnir
iştirakçıları Heydər Əliyev parkında ümummilli
liderin abidəsi önünə gül dəstələri düzüblər.
Turnirdə 88 şahmatçı İsveçrə sistemi üzrə mübarizə
aparıb. Yarış əsasnaməyə uyğun olaraq 5 yaş qrupu
üzrə oğlanlar və qızlar arasında keçirilib.
9 turdan 8 xal toplayan Şamaxı şəhər 9 nömrəli
tam orta məktəbin VIII sinif şagirdi Ramazan
Məcidov ümumi turnirin qalibi olub.
Yaş qrupları üzrə oğlanlar arasında şəhər 2
nömrəli tam orta məktəbin şagirdləri Toğrul
Kərimov (8 yaş), Cavanşir Ağaməhəmmədov (10 yaş),
şəhər 9 nömrəli tam orta məktəbin şagirdi Mənsur
Sərxanov (12 yaş), Şamaxı Humanitar liseyinin şagirdi
Rəfael Məmmədov (16 yaş) çempionluq sevinci
yaşayıblar.
Qızlar arasında şəhər 2 nömrəli tam orta məktəbin
şagirdi Əminə Şirəliyeva (8 yaş), Sabir qəsəbə tam
orta məktəbinin şagirdi Nurtəkin Əhmədova (10 yaş),
2 nömrəli tam orta məktəbin şagirdi Aytac
Şirəliyeva (12 yaş), Şamaxı Avropa liseyinin
şagirdləri Səbinə Nəbizadə (14 yaş), İzzət Ağayeva
(16 yaş) birinci olublar.
Qaliblərə diplomlar və mükafatlar təqdim edilib.
Yarış təsnifat xarakterli olduğundan şahmatçılara
müvafiq idman dərəcələri də verilib.
Yarışın nəticələrinə görə iyul ayında yeniyetmə
şahmatçıların Respublika şahmat olimpiadasında
iştirak edəcək şahmatçıların da adları məlum olub.
Asif AĞAYEV,
Şamaxı Rayon Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru,
əməkdar müəllim, fəxri bədən tərbiyəsi və idman
işçisi |