Ötən
günlərin söhbətidir. Qax Rayon İcra Hakimiyyəti
başçısının şəhər nümayəndəsi, gənc olmasına baxmayaraq
şəhərin abadlaşmasında, problemlərinin həllində
məqsədyönlü işlər aparan Elbrus Tağıyevlə küçədə
görüşdük. Söhbətimiz əsnasında E.Tağıyev küçənin qarşı
səkisi ilə gedən qadını görcək:
- Məni bağışlayın, indi qayıdıram,- deyərək məndən
aralandı.
Az sonra qayıtdı. "İncimədiniz ki?" - dedi: "O mənim
həyatımda mühüm yeri olan, mənə valideynlərim qədər əziz
bir insandır. Qazandığım uğurlara görə valideynlərimlə
birgə həm də o xanıma borcluyam", - deyə əlavə etdi.
- Qax şəhər 4 nömrəli orta məktəbin 5-ci sinfinə
keçmişdik. Sinfimizdə yaxşı oxuyan şagirdlər çox idi.
Ona görə də məktəb rəhbərliyi sinfimizi diqqət
mərkəzində saxlayırdı. Bir gün direktor sinfimizə
tanımadığımız gənc bir müəllimlə daxil oldu. Hamımız
həyəcanlı idik.
Direktor: -Məhruzə müəllim sizin sinif rəhbəriniz
olacaq. Elə edin ki, müəlliminizlə birlikdə qazandığınız
nailiyyətləri 11-ci sinfə qədər qoruya biləsiniz, -
dedi. Direktor getdi. Amma bizim həyəcanımız keçmədi...
İlk baxışdan ciddi, sərt baxışlı Məhruzə müəllim
sonradan bizim yaxın dostumuz, müəllimimiz,
məsləhətçimiz, həm də böyük bacımız oldu. Sinfimizə
yeni nəfəs gətirdi. Bizi daim ruhlandırdı, mübarizəyə,
bir-birimizlə yarışa səslədi. Çətinə düşəndə köməyimizə
yetdi. İxtisasca riyaziyyat müəllimi olsa da hər sahədə
mükəmməl biliyə malik olması ilə bizim dadımıza çatdı.
Əslində riyaziyyat fənnini mənə sevdirən də məhz
Məhruzə müəllim oldu. Azərbaycan Dövlət İqtisad
Universitetinə qəbul imtahanı zamanı ən yüksək nəticəm
də elə riyaziyyat fənnindən idi. Bu yalnız mənim deyil,
həm də Məhruzə müəllimin uğuru idi. 2004-cü ildə
universitetin maliyyə-kredit fakültəsini
müvəffəqiyyətlə bitirdikdən sonra ixtisasım üzrə
rayonun müxtəlif təşkilatlarında çalışdım. Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında ikinci ali təhsil aldım. 2013-cü ildən bu
vəzifədəyəm. Və bütün bunlara görə o gözəl insana -
Məhruzə müəllimə minnətdaram.
Elbrus müəllim bir anlıq susdu. Sonra uzaqlaşan
müəlliminin arxasınca baxaraq gülümsündü:
- Axı, o mənim müəllimimdir,- dedi.
E.Tağıyev sanki mənə yeni bir mövzu verdi.
Mənim Məhruzə Yusifova haqqında yazı yazmaq fikrim belə
yarandı.
Qax Rayon Təhsil Şöbəsinin riyaziyyat fənni üzrə
metodisti Təranə Həşimova ilə görüşdüm. Məhruzə
müəllimlə bağlı yazı yazmaq istəyimi bildikdə:
- Məhruzə müəllim rayonumuzun savadlı, sənətinin
vurğunu, fənninin incəliklərini dərindən bilməklə
bərabər bir an belə öyrənməkdən və öyrətməkdən
yorulmayan bir pedaqoqdur. Rayon təhsil şöbəsinin
riyaziyyat fənni üzrə göstəricilərində M. Yusifovanın
xüsusi yeri vardır. O, yorulmaq bilməyən müəllimdir.
Məktəbdə və rayon miqyaslı keçirilən tədbirlərdə, bilik
yarışlarında, olimpiadalarda... hər yerdə onun və
yetirmələrinin izi görünür. Yalnız Qax şəhərində
deyil, rayonun bütün kəndlərində onun yetirmələri var.
Belə bir müəllim ilə fəxr etməyə dəyər. Məhruzə xanımla
Qax şəhər 4 nömrəli tam orta məktəbdə görüşdük.
M.Yusifova 1961-ci ildə Qax şəhərində anadan olub.
Şəhər 1 nömrəli orta məktəbini əla qiymətlərlə bitirib.
İlk müəllimi Fatma Babayeva və riyaziyyat müəllimi
Müslümət Xəlilovanın "sən yaxşı riyaziyyatçı olacaqsan,
qızım" ifadəsini bir an belə unutmayan Məhruzə
Yusifova sənədlərini 1978-ci ildə N. Tusi adına
Azərbaycan Dövlət Pedaqoji Universitetinə verir. Həmin
il imtahanlardan müvəffəq qiymətlər alan Məhruzə
riyaziyyat fakültəsinin tələbəsi olur.
- 1978-ci ildə ADPU-ya qəbul olundum. Riyaziyyat
müəllimi olmağın çətinliyi və gözəlliyini
müəllimlərimdən öyrəndim. Başlıcası - riyaziyyatın
həyatın özü olduğunu anladım. 1982-ci ildə ilk dəfə
müəllim kimi rayonumuzun Almalı kəndində əmək
fəaliyyətinə başladım. Az sonra Qax şəhər 4 nömrəli orta
məktəbinə təyin edildim.
Həm sinif rəhbəri, həm də yuxarı sinif şagirdlərinin
müəllimi oldum. İllər çox sürətlə ötüb keçdi... bu
illərdə şagirdlərimlə bağlı o qədər xatirələr qalıb
ki... Şagirdlərimdən "əla" alanları da olub, zəif
oxuyanı da...
Amma xoşbəxt müəlliməm ki, şagirdlərim şəxsiyyət kimi
həyata atılıblar. Hər dəfə onlarla rastlaşanda qürur
duyuram.
Müəllim adı müqəddəsdir. Bu adın əzəmətini dərk eləmək
lazımdır. Müəllim öz biliyi, şəxsiyyəti ilə
şagirdlərinin qəlbinə yol tapmağı bacarmalıdır.
Məktəblərimizdə şəxsiyyətyönümlülüyün təbliğinə imkan
verən kurikulum sisteminin müsbət nəticələrini gələcək
göstərəcək. Bəzi dərs vəsaitlərində çatışmazlıqların
olmasına baxmayaraq bu sistemin üstünlükləri çoxdur.
Məhruzə müəllim qazandığı uğurlardan, aldığı
təltiflərdən, olimpiadalarda yetirmələrinin uğurlarından
danışmaq istəmədi. Zəng səsi söhbətimizi sonlandırdı.
Xudahafizləşib ayrıldıq. Onun "Müəllim adı müqəddəsdir"
və E.Tağıyevin "o, mənim müəllimimdir"- ifadəsi sanki
bir-birini tamamlayırdı. Və bu tamlıq və bütövlükdə
şagirdlərinin sevimlisi - müəllim şəxsiyyəti görünürdü.
Nadir Ziyadlı Qıpçaq,
Qax şəhəri |