Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 İyun 2015 - №22

 

Ən yaxşı müəllimin dərs nümunəsi

 

Xuraman HÜMMƏTOVA,

Bakı şəhər Heydər Əliyev adına liseyin Azərbaycan dili və ədəbiyyat  müəllimi,"Ən yaxşı müəllim" müsabiqəsinin (2011) qalibi 

VI SİNİF

AZƏRBAYCAN DİLİ FƏNNİ 

Müasir dərsə verilən tələblərə görə şagirdlər dərs prosesində fəal, yaradıcı olmalı,   başqa dərslər zamanı aldıqları bilik və bacarıqlarını inteqrasiya yolu ilə bir-biri ilə əlaqələndirməyi bacarmalı, təhlillər  etməli, tədqiqat aparmalı, nəticə çıxarmağı bacarmalı və bu yolla da idraki qabiliyyətlərini ortaya qoymalıdırlar.

Müasir dərs prosesində müəllim sadəcə nəzarətçi, istiqamətləndirici və əlaqələndirici rolunu oynayır. İstər müəllim, istərsə də şagirdlər dərsdə müasir təlim metodlarından, İKT-dən, internet resurslarından məqsədyönlü istifadə etməklə, qarşıya qoyduqları məqsədi reallaşdıra bilərlər.

Mövzu:  "Əlif Hacıyev".

Standartlar:

2.2.1,                        3.1.2,                     2.1.1,                     1.1.2,                     1.2.4.

Təlim nəticələri ( məqsədlər):

1. Verilmiş mətndəki  qəhrəmanın  həyatı haqqında  bəzi məqamları  şagirdlərə  yada salmaq şəklində xatırlatmaq.

2. Mətnin məzmununa uyğun olaraq   başqa milli qəhrəmanlar, Xocalı  soyqırımı  haqqında məlumat vermək.

3. Mətndə yeni sözlərin mənasını  izahlı  lüğətlə müqayisə edib, mətn daxilində həmin  sözlərin  yerində işlənib-işlənmədiyinə aydınlıq gətirmək.

4. Şagirdlər  milli qəhrəmanlar haqqında, Xocalı  soyqırımı ilə bağlı bildiklərini tezisvari şəkildə ifadə edir.

5. Diskussiya zamanı onlar qohum-əqrabalarının bu faciənin qurbanlarından olması,  böyüklərdən eşitdiklərini nəql edirlər.

İnteqrasiya: Ədəbiyyat, Azərbaycan tarixi, coğrafiya.

Təlim forması: Əqli hücum, kollektiv iş, qruplarla iş.

Təlim üsulu:  Əqli hücum, proqnozlaşdırılmış oxu, müzakirə.

Resurs:  Dərslik, Xocalıya aid film, slaydlar, Əlif Hacıyev haqqında film, kompüter  və s.

Dərsin gedişi: Salamlaşmaq, təmizliyə nəzər salmaq.

Ev tapşırığının yoxlanılması:  müəllim bir neçə şagirddən ev tapşırığını   soruşur və onlar icra etdikləri tapşırığı təqdim edirlər.

Müəllim yeni dərsin  mövzu və məqsədini izah edir.

Motivasiya:  Xocalıya aid  faktik materialları nümayiş etdirmək. Qanlı  Yanvar hadisələrindən fraqmentlərə baxmaq. Şagirdlərin  yaddaşlarını yoxlamaq məqsədi ilə bu hadisələrin nə zaman baş verdiyini soruşmaq. Sonra isə işğal olunmuş rayonlar haqqında  şagirdlərdən cavab almaq.

Tədqiqat sualı: Qarabağ  müharibəsi haqqında nə bilirsiniz?  Qəhrəmanlar nəyə görə vuruşmuşlar və biz onlardan nəyi öyrənməliyik?

Tədqiqatın aparılması:

Əvvəlcə beyin həmləsi tətbiq olunur. Qəhrəmanların  arasında Əlif Hacıyevin adı çəkilərsə, BİBO cədvəli çəkilir.

Sinif  3 qrupa bölünür. Qruplar mövzuya uyğun  olaraq "Xocalı", "Qarabağ", "Azərbaycan" adlandırılır. Müəllim şagirdlərə istiqamət vermək məqsədiylə mətni hissələrə  bölərək  oxumağı tapşırır. Hər qrup bir hissəni oxuyur (standart 2.2.1).

Mətndə tanış olmayan sözlərin  mənasını müəyyənləşdirmək  şagirdlərə tapşırılır (standart 2.1.1). 

Mətnin oxunması: dərslikdə verilmiş "Əlif Hacıyev" mətni hissələrə bölünərək şagirdlər tərəfindən oxunur. Hər hissənin sonunda Əlif Hacıyevin  göstərdiyi qəhrəmanlıq əyani  surətdə şagirdlərə slaydlarda    qısa fraqmentlərlə  təqdim olunur. 

Oxu zamanı mətndə tanış olmayan "ekstremist", "terrorçu", "dispetçer", "soyqırım"  kimi sözlər şagirdlər tərəfindən müəyyənləşdirilir.

Siniflə iş:  şagirdlərə mətndə onlara  tanış olmayan bu sözlərin mənasının araşdırılması tapşırılır.

Şagirdlər  araşdırma apararaq müəyyənləşdirirlər ki, ekstremist - siyasətdə  ifrat tədbirlər tərəfdarı, terrorçu- fərdi terror tərəfdarı və iştirakçısı,  dispetçer-nəqliyyatın hərəkətini, yaxud müəssisənin işinin gedişini bir  mərkəzi məntəqədən idarə edən işçi, soyqırımı- bir xalqın  günahsız yerə  qətlə yetirilməsi anlamında işlədilən sözlərdir.

Bütün bunlardan sonra şagirdlərlə müstəqil iş təşkil olunur.

 1. "Xocalı" qrupuna Əlif Hacıyevin doğulub boya-başa  çatdığı Xocalı və orada yerləşən  strateji əhəmiyyətli yerləri təhlil etmək tapşırılır.

2. "Qarabağ" qrupuna Qarabağda ermənilərin törətdiyi vəhşilikləri, orada yaşayan azərbaycanlıların başlarına gətirilən müsibətləri araşdırmaq tapşırılır.

3. "Azərbaycan" qrupuna isə  1992-ci  il 26 fevralda  baş verən hadisələri araşdırmaq tapşırılır.

Sonra şagirdlər mətndə göy rəngdə verilmiş əvəzliklərin hansı nitq hissəsini əvəz etdiyini və məna etibarı ilə nəyə xidmət  etdiyini müəyyənləşdirirlər.

Qruplar bir neçə dəqiqədən sonra hazırladıqları  cavabların təqdimatını edirlər.

 Müəllim sinfə müzakirə üçün suallar verir:

- Əlif Hacıyev və onun qəhrəmanlığı haqqında nə bilirsiniz?

- O, nəyə görə Minskdən vətənə qayıtdı?

- Əlif Hacıyevi ermənilər nəyə görə həbs etdilər?

- Sonra ermənilər  niyə Əlifin başına mükafat təyin etdilər?

- Əlif Hacıyevin son döyüş yeri harada oldu?

Bütün bu suallar ətrafında sorğular aparılır və nəticələr çıxarılır (standart 1.1.2).

Nəticə və ümumiləşdirmə: Müəllim əsas vurğunu tədqiqat sualına yönəltməlidir (Qəhrəmanlar nəyə görə vuruşmuşlar və biz onlardan nəyi öyrənməliyik).

1. Müasir dövrümüzdə  Azərbaycan dövlətinin onlara münasibəti necədir? Nəticədə belə qənaətə  gəlinir ki, vətən uğrunda canından keçən  qəhrəmanlarımız unudulmur, onlar göstərdiyi  qəhrəmanlıqlara görə dövlətimiz tərəfindən yüksək bir ada - Milli Qəhrəman  adına layiq görülürlər.

2. Biz də vətənimizə Əlif Hacıyev, Mübariz İbrahimov kimi  oğullar olmaq istəyirik.

Yaradıcı tətbiqetmə: həm mətnlə, həm də Xocalı soyqırımı ilə bağlı kiçik bir  esse yazmaq, "genosid" sözünün izahını araşdırmaq.  Xocalıdan başqa   düşmən əlində olan rayonlarımız haqqında məlumat toplamaq.

Qiymətləndirmə tərtib olunmuş    xüsusi cədvəl üzərində aparılır. Qiymətləndirmə zamanı aşağıdakı bacarıqlar əsas götürülür.

- Mətni oxuyub ümumiləşdirmə çıxara bilməsi.

- Mətndə tanış olmayan sözlərin izahını lüğət vasitəsi ilə  müəyyənləşdirmək bacarığının olması.

- Dinlədiyi və oxuduğu mətndən faktları ümumiləşdirmək bacarığının olması.

- Yazdığı mətndə fikrini ardıcıllıqla ifadə etməsi.

 
 
 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov