2015-ci
ilin 2-9 may tarixlərində İspaniyanın Barselona
şəhərində "Dəniz, günəş, festival" adlı Beynəlxalq
festival-müsabiqə keçirilib. Bu festival-müsabiqədə
ölkəmizi Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının Orta İxtisaslaşdırılmış musiqi
məktəb-studiyasının VI sinif şagirdi Emil Hüseynov
layiqincə təmsil edib. O, violin nominasiyası üzrə
10-12 yaş qrupunda iştirak edib. İştirakçılar arasında
Rusiya, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Yeni
Zelandiya, İndoneziya, Hindistan və s. ölkələrin
nümayəndələri mübarizə aparıb.
Emil uğurlu çıxışı ilə Moskva, Sankt-Peterburq,
Gürcüstan və İspaniyanın dəyərli musiqiçilərindən
ibarət münsiflər heyətinin, dinləyicilərin rəğbətini
qazana bilib. Hətta Gürcüstan və Qazaxıstandan gələn
ifaçılar tərəfindən Emilə müxtəlif hədiyyələr
bağışlanılıb. O da iştirakçılara yadigar olaraq
Azərbaycan bayrağını təqdim edib.
Gənc istedadın repertuarına F.Hendelin 2 nömrəli
sonatası, görkəmli Azərbaycan bəstəkarı A.Məlikovun
"Məhəbbət əfsanəsi" baletindən Məhmənə Banu və vəzir
səhnəsi və proqramdan əlavə ifa etdiyi K.Debüssinin
"Ağır vals"ı daxil edilib. Münsiflər heyəti Emilin
proqramının öz yaş qrupu üçün çox çətin olduğunu
söyləyiblər. O, müvəffəqiyyətlə çıxış edərək Qala
konsertə dəvət alıb. Konsertdən sonra Emilin I yerə
layiq görüldüyü açıqlanıb və onu 2016-cı ildə Berlində
keçiriləcək Beynəlxalq müsabiqəyə dəvət ediblər.
Bu anları gənc musiqiçi belə xatırlayır: "Müsabiqədə
iştirak edən ölkələr ilə birgə Azərbaycan bayrağının
dalğalanması mənə xüsusi fəxarət verdi".
Qeyd edək ki, bu qələbə Emilin ilk uğuru deyil. Bundan
öncə də o bir neçə müsabiqə, festival və konfranslarda
iştirak edib. 2013-cü ildə Bolqarıstanın Albena
şəhərində "Orfeyin varisləri" adlı I Beynəlxalq
müsabiqədə I yer, 2013-cü ildə Qara Qarayevin 95
illiyinə həsr olunmuş gənc musiqiçilərin II Respublika
elmi-ifaçılıq müsabiqəsində laureat, 2015-ci ildə isə
"Üzeyir Hacıbəylinin milli lad sistemi gənc
musiqiçilərin tədris repertuarında" I Respublika
festivalında laureat adını qazanıb.
Sonda gənc musiqiçi onun uğurlarında rolu olan hər bir
kəsə öz təşəkkürünü bildirdi: "Mən yeniyetmə şagird kimi
yüksək səviyyədə Avropanın mərkəzi şəhəri olan
Barselonada doğma Azərbaycanımı təmsil etməyə və
tanıtmağa çalışdım. Mən ölkə başçımızın, BMA-nın
rektorunun, oxuduğum məktəb-studiyanın direktorunun
qayğısını həmişə hiss edirəm. Prezident İlham Əliyev və
Mehriban xanım Əliyeva tərəfindən daim gənclərə böyük
diqqət, dəstək və qayğı göstərilir. Mən uğur əldə
etməyimə çox sevinir və oxuduğum məktəb-studiyanın bütün
kollektivinə təşəkkür edirəm".
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |