2013-cü
il noyabrın 1-də Heydər Əliyev Mərkəzində Azərbaycanda
ilk dəfə olaraq məktəblilər arasında "Eko rəsm
gündəliyi 2013" beynəlxalq müsabiqəsinin təqdimat
mərasimi keçirilib. Məqsəd gənc nəslin nümayəndələri
arasında ekoloji mədəniyyətin təbliği, fauna və floraya
qayğının aşılanması olub. Bu layihə eyni zamanda
ətraf mühitin və insan sağlamlığının qorunmasında fəal
vətəndaş mövqeyinin formalaşmasına xidmət edib.
Müsabiqənin milli mərhələsi IDEA ekoloji şirkəti,
UNESCO-nun təşkilatçılığı və Heydər Əliyev Mərkəzi,
"Panasonic Marketing" (PMCIS) şirkətinin dəstəyi ilə
keçirilib. Bakı və Gəncə şəhərlərindən olan 5000
iştirakçının gündəliyi tərkibinə IDEA, Heydər Əliyev
Mərkəzi, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin, UNESCO, PMCIS, SMİ və NPO şirkətlərinin
nümayəndələri daxil olan münsiflər heyəti tərəfindən
qiymətləndirilib. Münsiflər heyəti 20 finalçıdan 1 qalib
seçib. Sevindirici haldır ki, bu müsabiqənin qalibi
Bakı Avropa Liseyinin 11 yaşlı şagirdi Fuad Sultanov
olub.
Fuadın eko-gündəliyi layihənin beynəlxalq münsiflər
heyətinin müzakirəsinə göndəriləcək. Müxtəlif ölkələrin
milli qalibləri arasından 6 finalçı seçiləcək. Bu
qaliblər Paris şəhərində keçiriləcək müsabiqənin
nəticələrinin elan edilməsi mərasimində iştirak
edəcəklər.
Qeyd edək ki, Beynəlxalq "Eko rəsm gündəliyi" müsabiqəsi
6 ildir ki, keçirilir və artıq 50-dən çox ölkəni əhatə
edir. |