Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 İyun 2015 - №22

 

Adı "Qızıl kitab"a yazılan rəqqasə

 

Çinarə Quliyeva  1994-cü ildə Bakıda anadan olub. Paytaxtdakı  158 nömrəli tam orta  məktəbində dörd il  təhsil aldıqdan sonra  Bakı Xoreoqrafiya Məktəbinə qəbul olub. 2013-cü ildə məktəbi fərqlənmə diplomu ilə bitirərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olub və  hazırda həmin ali təhsil ocağında oxuyur. Çinarə ilə söhbətimiz qısa olsa da çox maraqlı keçdi. O, bu günədək qazandığı uğurlar barədə danışaraq dedi:  

- Oxumaqla yanaşı, Bakı Xoreoqrafiya Məktəbində tarixi-məişət rəqsləri üzrə dərs aparıram. Tələbələrimdə rəqsə sevgi oyatmağa çalışıram. Onlar bütün rəqsləri məharətlə ifa edirlər. 4 yaşım olarkən T.İsmayılov adına Uşaq- Gənclər Yaradıcılıq  Sarayında "Cücələrim" ansamblına qəbul oldum və ilk addımlarımı bu ansamblda atdım.

Səhnəyə ilk çıxışım 1999-cu ildə Heydər Əliyev Sarayında olub. Əlimdə gəlincik  ulu öndərə  şeir söyləyib, rəqs etdim. Səhnə həyatımda (fəaliyyətimdə) mən ulu öndəri bir neçə dəfə təbrik edib, gözəl anlar yaşamışam. Bu hisslər ürəyimdə böyük bir iz buraxıb. 6 yaşımda isə respublikanın xalq artisti Təranə Muradovanın rəhbərliyi altında "Səyyar" uşaq ansamblına getmişəm.  9 yaşında Türkiyədə keçirilən 23 Aprel uşaq bayramında iştirak etmişəm.

Bakı Xoreoqrafiya Məktəbində təhsil alarkən  xalq artisti Yusif Qasımovun rəhbərliyi altında məktəbin nəzdində olan "Bakı ulduzları" ansamblına da yazılmışdım. Yusif müəllimdən rəqs dərsləri alırdım və onun rəğbətini qazanmağa çalışırdım. Məktəbdə hər il keçirilən Q.Almaszadə adına "Gənc xoreoqrafların müsabiqəsi"ndə  hazırladığım rəqs nömrələri ilə fəal iştirak edirdim. 2010-cu il martın 12-də Bakı Xoreoqrafiya Məktəbində keçirilən gənc xoreoqrafların VII müsabiqəsində uğurlu çıxışıma görə I dərəcəli diplomla təltif olundum. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə bir çox xarici ölkələrdə - Fransa, Belçika, Avstriya, Hollandiya, Sloveniya, Slovakiya, Türkiyə, Rusiya və başqa ölkələrdə milli rəqslərimizi layiqincə təmsil edib, dünya xalqlarına tanıtmışam. UNESCO-nun təşkilatçılığı ilə keçirilən "Azərbaycanın Xoşməramlı Mələkləri" adlı konsertdə maraqlı və yaddaqalan çıxışlar etmişəm.

Həyatımda ən əlamətdar günlərdən biri də Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev cənablarının müvafiq sərəncamı ilə  2009-cu ildə adımın Azərbaycanın gənc istedadlarının "Qızıl kitab"ına yazılması  və xüsusi aylıq təqaüdə layiq görülməyim olub. Bu, məsuliyyətimi daha da artıraraq  böyük qələbələr naminə  səylə hazırlaşmağıma geniş meydan yaratdı. Belarusun Mozır şəhərində keçirilən 26 dövlətin təşkil etdiyi rəqs müsabiqəsində iştirak edərək "Qran-Pri" mükafatı qazanmışam. 1-15 fevral 2015-ci il tarixlərdə biz rəqqaslar və rəssamlar Hindistanda XXIX Beynəlxalq "Surajkund" festivalında iştirak etmişik. Bu festivalda hind rəqslərinin necə zəngin olduğunu yaxından öyrəndik.  Hindistanda olarkən dünya möcüzələrindən biri olan Tac-Mahal məbədini ziyarət etdik. Tac-Mahal məbədi öz gözəlliyi ilə bizi heyran etmişdi. Divarları bəzəyən brilliant qaşlar sanki göz yaşlarını xatırladırdı.

Bu il martın 17-də Fransada Azərbaycan səfirliyində Novruz bayramını qeyd etdik. Bu,  çox maraqlı bir görüş idi. Parisin meri də həmin tədbirə qatılmışdı.  Yarım saat davam edən  milli rəqslərimiz fransızları heyran etmişdi. Onlar Azərbaycan rəqslərinin möhtəşəmliyinə və rəqqasların hərəkətlərinə olan heyranlıqlarını gizlədə bilmirdilər.

Rəqs mənim üçün həyatdır. Rəqs insana müsbət enerji verir. Rəqsin hərəkətləri ilə rəqqas öz daxili aləmini tamaşaçıya təqdim edir.

Arzum Azərbaycan milli rəqslərini daha da mükəmməl öyrənərək respublikamızdan kənarda, dünya səhnələrində  nümayiş etdirməkdir.

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov