Eynşteynin məktubları 420 min dollara satılıb
Dahi
fizikin 27 məktubu hərraca çıxarılıb
Dahi fizik, Nobel mükafatı laureatı Albert Eynşteynin
məktubları Amerikadakı "Profiles in History" hərrac
evində satılıb. İlkin mərhələdə məktubların 500 min və
1 milyon dollar arasında alıcı tapacağı gözlənilirdi.
Hərraca fizikin 27 məktubu çıxarılıb. Məktubların
bəziləri onun öz əli ilə yazılıb. Məktublar 420 min
dollara satılıb. A.Eynşteynin 1945-ci ildə oğluna
yazdığı məktublardan biri 62 min 500 dollara alınıb.
Məktubda nisbilik nəzəriyyəsi ilə İkinci Dünya
müharibəsi zamanı Yaponiyaya atılan atom bombası
arasındakı əlaqədən bəhs edilirdi. Alimin daha 2
məktubu 62 min dollara satılıb. Bu məktublarda
A.Eynşteyn ateist olmadığını etiraf edir və təbiət
qanunlarının bizim dərk etməyimiz üçün çox mürəkkəb
olduğunu düşündüyünü bildirir.
Qeyd edək ki, alman fiziki A.Eynşteyn 1879-cu ildə
anadan olub. Nisbilik nəzəriyyəsinin banisi 1921-ci
ildə nəzəri fizikaya töhfəsi və fotoelektrik təsir
hadisəsini izah etməsinə görə fizika sahəsində Nobel
mükafatına layiq görülüb.
Almaniyalı qoca 102 yaşında doktorluq işini müdafiə edib
O
bu anı həsrətlə gözlədiyini deyib
Almaniyada yaşayan 102 yaşlı İnqeborq Rappoport 77 il
öncə yazdığı doktorluq işini müdafiə edə bilib.
"Uçitelskaya qazeta"nın məlumatına əsasən, İ.Rappoport
mətbuata açıqlamasında dünyada doktorluq dərəcəsi alan
ən yaşlı qadın olduğunu bildirib. O, difteriya
mövzusuna həsr etdiyi doktorluq işini 1938-ci ildə
Hamburq Universitetində təhsil alarkən yazıb. Müharibə
vaxtı 25 yaşlı İnqeborq Hamburqdakı yəhudi
xəstəxanasında həkim köməkçisi işləyib. Almaniyanın o
vaxtkı Hitler rejimi İ.Rappoportun anası yəhudi olduğu
üçün onun doktorluq işindən imtina edib. Lakin Hamburq
Universiteti bu yaxınlarda İ.Rappoporta ikinci imkan
yaradıb və o öz işini ali məktəbin tibb fakültəsində
uğurla müdafiə edə bilib. İ.Rappoport uzun illər Şərqi
Berlindəki "Şarite" klinik korpusunda professor kimi
çalışıb və çoxsaylı mükafatlara layiq görülüb. Onun baş
tutmayan doktorluq müdafiəsi haqqında ilk dəfə
universitetin dekanı xəbər tutub və ahıl qadına
imtahan verməyi təklif edib. Nəticədə 77 ildən sonra
İ.Rappoport imtahan verərək doktor elmi dərəcəsi alıb.
İ.Rappoport doktorluq dərəcəsi almasına görə çox
sevinib və bu anı onilliklər boyu həsrətlə gözlədiyini
bildirib.
Müəllimlərə hansı texnologiyalar lazımdır?
Hazırda
təhsil texnologiyaları bazarı milyon dollarlarla
ölçülür. Lakin müəllimlər bu vaxta qədər nəyə görə
məhz onlara lazım olan texnologiyaları ala bilmirlər?
Bill və Melinda Geyt Fondunun (Bill Geyt ailəsi)
uzunillik tədqiqatları bu suala cavab tapmağa xidmət
edir. Fondun əməkdaşları son 2 il ərzində bütün
dünyada on minlərlə müəllim və məktəbli arasında sorğu
aparıblar. Layihənin əsas məqsədi ondadır ki, təhsil
texnologiyalarını işləyib hazırlayanlar bu işi görərkən
öz intuisiyalarına deyil, real göstəricilərə
əsaslanmalıdırlar.
Tədqiqatın nəticələri düşünməyə əsas verir: sorğuda
iştirak edən müəllimlərin yarısı etiraf ediblər ki,
sinifdə tətbiq etdikləri rəqəmsal texnologiyalar ideal
təsəvvürlərdən uzaqdır. Bununla belə, müəllimlər
yenilikdən qorxmurlar. Onlar istəyirlər ki, təhsil
texnologiyaları ənənəvi vasitələr kimi çox effektiv
olsunlar. Məktəblilər isə sorğu gedişində bildiriblər
ki, texnologiyaların effektivliyi onun yaratdığı
maraqdan fərqli olaraq onlar üçün ikiqat vacibdir.
Fondun əməkdaşları təhsil texnologiyalarını
hazırlayanların xüsusilə diqqət yetirməli olduqları
sahələri müəyyən ediblər- ibtidai məktəblər üçün ingilis
dili, sosial elmlər, yuxarı siniflər üçün riyaziyyat.
ABŞ-da əcnəbi tələbələr daha çox mühəndisliyi seçir
Yeni
rəqəmlər açıqlanıb
Amerikada əcnəbi tələbələr arasında mühəndislik
ixtisasına meyil güclənməkdədir. Əcnəbi tələbələr üçün
mühəndislik uğurlu karyera vəd edir. Aparılmış
tədqiqatlara əsasən, Amerikada əcnəbilər arasında
mühəndislik ixtisasının populyarlığı son 4 il ərzində
(2010-2014-cü illər) stabil və davamlı qalmaqda davam
edib. Mühəndislik ixtisasında oxuyan tələbələrin sayı
ölkədəki əcnəbi tələbələrin 18-19 faizini təşkil edir.
Lakin tələbələrin oxuduqları ərazilər arasında
bərabərsizlik mövcuddur. Təbiət elmləri, mühəndislik,
texnologiya və riyaziyyatı öyrənən tələbələr daha çox
Kaliforniya, Nyu-York və Texasda cəmləşib. Məlumata
görə, təhsillərini başa vuraraq Amerikada əlavə
praktika (Optional Practical Training - OPT) keçən
əcnəbi tələbələrin 45 faizi işləmək üçün ölkə ərazisində
qalır. Təbiət elmləri, mühəndislik, texnologiya və
riyaziyyat üzrə ixtisaslaşan əcnəbi tələbələr 17 aylıq
OPT kurslarından yararlana bilərlər ki, bu da onların
Amerikada işə düzəlmək şansını artırır.
Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
xarici mətbuat materialları əsasında |