Asif HACIYEV,
pedaqogika üzrə fəlsəfə doktoru, dosent,
ARTPİ-nin Dərslik və dərs vəsaitlərinin metodologiyası
şöbəsinin müdiri
Müasir
dərslik təhsil standartlarında nəzərdə tutulmuş bilik və
bacarıqların reallaşmasını təmin edən ən mühüm
informasiya qaynağı olub təlim prosesinin təşkilində
başlıca vasitə rolunu oynayır. O, konkret fənn üzrə
sistemləşdirilmiş təlim materialını özündə əks
etdirməli, sinfin anlam səviyyəsinə uyğun olmalı və
şagirdlərin özünütəhsilinə xidmət etməlidir. Dərsliyin
strukturu məntiqi, məqsədyönlü ardıcıllıqla elə dəqiq
qurulmalıdır ki, təlim prosesinin yaradıcı,
motivasiyaedici və inteqrativ formada təşkilində
müəllimin başlıca yardımçısı olsun. O, eyni zamanda
şagirdlərin elmi dünyagörüşünün formalaşmasında və
həyati əhəmiyyət kəsb edən praktik vərdişlərə
yiyələnməsində müstəsna rol oynamalıdır. Bununla belə,
nəzərə alınmalıdır ki, informasiya texnologiyasının
yüksək sürətlə inkişaf etdiyi hazırkı mərhələdə dərslik
biliklərin yeganə mənbəyi deyil, onların əldə
olunmasında ötürücü funksiya daşıyan vasitələrdən
biridir.
Məhz buna görə də "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"nda səriştəyə
əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması
ilkin strateji istiqamət kimi götürülmüş və konkret
hədəflər göstərilməklə şərh olunmuşdur. Yaxın onillik
üçün dəqiqliyi ilə müəyyənləşdirilən belə hədəflərdən
biri də "kurikuluma əsaslanan yeni dərsliklərin
yaradılması, şagird və müəllimlərin müvafiq dərslik
seçiminin təmin olunması"dır.
Təhsil mühitinin məqsəd, prinsip, məzmun və
texnologiyasından asılı olaraq dərsliklər bilikyönlü və
şəxsiyyətyönlü olmaq üzrə təsnif edilir. Əgər bilikyönlü
dərsliklər fənnin müvafiq elm sahəsinin məntiqinə uyğun
informativ məlumatlar məcmusu kimi hazırlanırsa,
şəxsiyyətyönlü dərsliklər strukturca bu məqsədin həyata
keçirilməsini təmin edən fəaliyyət növləri üzərində
qurulub, keçilən fənnin, onun əhatə etdiyi hər bir
mövzunun mahiyyəti, qaldırılan problemlərin həlli
yollarını müstəqil fəaliyyət prosesində açıqlamağa,
tədqiqatçılıq yolu ilə şagirdlərdə ümumiləşdirmə,
sistemləşdirmə, tətbiqetmə bacarıqları formalaşdırmağa
xidmət edir. Bu tipli dərsliklərdə müasir dərsin bütün
mərhələləri praktik şəkildə əksini tapmalıdır.
Məktəbin şəxsiyyətyönlü dərsliklərlə təmin edilməsi bu
sahədə xüsusi təcrübəsi olan nəşriyyatların peşəkar
müəllif heyəti ilə səmərəli iş qurmasından əlavə,
pedaqoji ekspertizanın obyektiv aparılmasından asılıdır.
Araşdırmalar göstərir ki, dərsliklərlə bağlı ekspert
qruplarının təşkili müxtəlif ölkələrdə fərqli qurumlar
tərəfindən həyata keçirilir. Qabaqcıl təhsil sisteminə
malik bir neçə ölkənin təcrübəsini nəzərdən keçirək.
Rusiya Federasiyasında dərsliklərin elmi və pedaqoji
ekspertizası Rusiya Təhsil Akademiyası və Rusiya Elmlər
Akademiyası tərəfindən keçirilir. Ekspert üzvləri
konkret elm sahəsində tanınmış alimlər içərisindən
seçilir. Məhz buna görə də dərsliklərin dövlət
standartlarına nə dərəcədə cavab verməsi problemi çox
zaman açıq qalır. Qiymətləndirmə mexanizminin bu formada
təşkilinin effektli olmadığını söyləyən mütəxəssislər
ekspert qrupunun Rusiya Elm və Təhsil Nazirliyi
tərəfindən keçirilməsini məqsədəuyğun sayırlar (Bu
mənada Azərbaycanda tətbiq edilən mexanizmi uğurlu
saymaq mümkündür). Bundan əlavə, həmin ölkədə
dərsliklərin ictimai ekspertizası da aparılır.
Ukrayna Elm və Təhsil Nazirliyində dərsliklərin
qiymətləndirilməsi ilə əlaqədar ekspert qrupları
yaradılsa da, onların fəaliyyəti səmərəli hesab edilmir.
Belə ki, dərsliklərin seçimi və keyfiyyət
göstəricilərinin yüksəlməsində bu qurumun iştirakı
lazımi nəticələrin alınmasına imkan yaratmır. Ona görə
də həmin qurumun ləğv edilməsi şərtilə, dərsliklərin
elektron variantının geniş ictimaiyyətə təqdim olunması
və daha çox bəyənilən dərsliklərin nəşr edilərək
məktəblilərin ixtiyarına verilməsi məsələsi
qaldırılmışdır.
Belarusda dərsliklərin ekspertizası bu məqsədlə
yaradılmış komissiya tərəfindən dərs ilinin başlanmasına
3 ay qalmış həyata keçirilir. Ekspert qrupunun tərkibi
Dərslik və dərs vəsaitləri Elmi-metodik Mərkəzinin
direktorunun əmri ilə müəyyənləşir. Ekspert qrupu bütün
il ərzində fəaliyyət göstərir və onların fəaliyyət
dairəsi daha geniş olub, həm də təlim-tərbiyə prosesini
əhatə edir.
Moldovada dərsliklərin qiymətləndirilməsi ilə bağlı
ekspert qruplarının təşkili hökumət tərəfindən təsdiq
olunmuş Əsasnamə əsasında tənzimlənir. Belə ki, həmin
sənədin V bölməsi ekspert qrupunun təşkili, VI bölməsi
isə müsabiqəyə təqdim edilən dərsliklərin
qiymətləndirilmə meyarlarını açıqlayır. Qeyd edilir ki,
ekspert qrupu tərkibində nəzəri və pedaqoji elm
sahələrini təmsil edən 5 səriştəli mütəxəssis olmaqla
təşkil olunur. Ən maraqlı fakt odur ki, həmin
mütəxəssislər dərsliklərin ekspertizası ilə bağlı
müəyyən hazırlıq kursundan keçməli və müstəqil
olmalıdırlar.
Qazaxıstan Respublikasında dərslik və dərs vəsaitləri
komplektinin ekspertizası "Dərslik" elmi-metodik
mərkəzində yaradılan və Respublika komissiyasına tabe
olan ekspert qrupu tərəfindən aparılır. Dərsliklərin
ekspertizası 60 təqvim günü müddətinə yerinə yetirilir,
lakin bir dərsliyin ekspertizasına ən çoxu 30 gün ayrıla
bilər. Bundan əlavə, dərsliklərin ekspertizası Milli
Təhsil Akademiyası, Milli Elmlər Akademiyası, həmçinin
Texniki və peşə təhsilinin inkişafı üzrə Respublika
Elmi-Metodk Mərkəzində həyata keçirilir.
ABŞ-da tədris materiallarının seçilməsi 2 mərhələdə
aparılır. Birinci mərhələ Daimi komitələrin
səlahiyyətinə aiddir. Onlar dərsliklərin qəbul edilməsi
prosesinin düzgün və qanuni olmasına nəzarət edirlər.
İkinci mərhələyə xüsusi komissiyalar nəzarət edirlər ki,
onlar tədris materiallarının seçimi, standartlara və
digər meyarlara nə dərəcədə uyğun olması məsələlərinə
baxan ekspertlərdən təşkil olunur. Bu ekspertlər fənni,
normativ sənədləri dərindən bilən mütəxəssislər
arasından seçilir. Həmçinin buraya təhsil
departamentinin mütəxəssisləri, tədris müəssisələrinin
direktorları və ictimaiyyətin nümayəndələri də daxil
edilir.
Cənubi Koreyada dərsliklərin ekspertizası Qiymətləndirmə
və Rəyvermə Şurası tərəfindən aparıldıqdan sonra
Elmi-Tədqiqat İnstitutunda yerinə yetirilir. Yalnız
bundan sonra Təhsil Nazirliyi onların nəşrini həyata
keçirir. Dərsliklər müəllimlərin təklif və rəyləri
nəzərə alınmaqla mütəxəssis alimlər tərəfindən yazılır.
Avstriyada dərsliklərin ekspertizası və onların ödənişi
federal nazirliklər tərəfindən həyata keçirilir.
Müəllimlər üçün vəsait isə ekspertizadan keçmir,
nəşriyyatlar onu pulsuz yayırlar. Bu ölkədə müxtəlif
istiqamətlər üzrə 31 ekspert komissiyası mövcuddur. Hər
bir fənn üzrə komissiya nazirlik tərəfindən dörd il
müddətinə təyin olunmuş 5 əsas və 5 köməkçi ekspertdən
ibarət olur. Dərsliklər üzərində dörd ay müddətində
birgə iclaslarda ekspertiza aparılır və bunun nəticəsinə
uyğun olaraq komissiya "bəyənilmişdir, dəyişikliklər
nəzərə alınmaqla bəyənilmişdir (zəruri dəyişikliklər
göstərilməklə), bəyənilməmişdir" qərarlarını verir.
Yenidən işlənilmiş dərsliklər iki ay və ya bir il
ərzində komissiyaya təqdim edilir.
Böyük Britaniya və Fransada dövlət ekspertizası yoxdur.
Dərsliklərin ekspertizası müəllimlər və valideynlər
tərəfindən yerinə yetirilir, yararsız dərsliklər
istifadədən çıxarılır.
Ölkəmizdə bu sahədə müəyyən təcrübə əldə edilməsinə
baxmayaraq, optimal variant müəyyənləşdirilməmişdir.
Məhz buna görə də yeni dərsliklər Təhsil Nazirliyi
nəzdində yaradılmış Dərslikləri Qiymətləndirmə Şurası
ilə yanaşı, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, eləcə
də bəzi ali məktəblərin müvafiq kafedraları tərəfindən
ekspertizadan keçirilərək qiymətləndirilir. Bununla
belə, hələ də müasir tələblərə cavab verməyən
dərsliklərin məktəblərə yol açdığı müşahidə
olunmaqdadır. Bu danılmaz faktdır və bir neçə amillə
izah edilə bilər:
birincisi, dərslik müəlliflərinin peşəkarlıq səviyyəsi
kifayət dərəcədə yüksək deyil və onlar qoyulan bütün
göstəricilərə əməl etməkdə çətinlik çəkirlər;
ikincisi, dərslikləri ekspertizadan keçirən təcrübəli
mütəxəssislərin indiki mərhələdə azlığıdır;
üçüncüsü, pedaqoji ekspertizanın aparılmasının işlək
optimal variantının müəyyənləşdirilməməsidir.
Əgər bu sahədə xüsusi marağı olan nəşriyyatların maliyyə
dəstəyi ilə təşkil edilən təlim kursları vasitəsilə daha
keyfiyyətli mütəxəssis: müəllif və ekspert hazırlığına
nail olmaq mümkündürsə, ekspertizanın artıq bir neçə
ildir ki, fəaliyyət göstərən və təcrübədə müəyyən
dərəcədə özünü doğruldan təşkili formasını qabaqcıl
təhsil sisteminə malik ölkələrin təcrübəsinə
uyğunlaşdırmaqla təkmilləşdirmək mümkündür.
Ekspertizanın təşkili formasının təkmilləşdirilməsinə
gəlincə, öncə dərsliklərin məzmun, struktur və metodik
işlənilməsi ilə bağlı standartlar və hər bir standartın
qiymətləndirilmə meyarları hazırlanmalıdır. Müəyyən işçi
qrupu tərəfindən hazırlanan bu standartlar və
qiymətləndirmə meyarları hər bir məktəb dərsliyinin
ümumi (didaktik) və xüsusi (metodik) tələblər baxımından
obyektiv dəyərləndirilməsinə imkan yaratmalıdır. Bütün
standartların qiymətləndirmə meyarlarının vahid şkala
üzrə aparılması da dərsliyin elmi əsaslar üzrə təhlil
edilib dəyərləndirilməsini təmin edərdi. Məsələn:
Standart: (məzmunu
№ |
Qiymətləndirmə meyarları
|
0 |
1 |
2 |
3 |
4 |
1.1 |
|
|
|
|
|
|
1.2 |
|
|
|
|
|
|
1.3 |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Bu
şkalada
hər
bir
bal
müəyyən
keyfiyyət
göstəricisini
əks
etdirir.
Məsələn:
0 - "qane etmir";
1 - "qismən qane edir";
2 - "müəyyən şərtlər daxilində qane edir";
3 - "əsasən, qane edir";
4 - "tam qane edir".
Hər bir standartın yekun balı qiymətləndirmə meyarları
üzrə verilmiş balların toplanaraq onların ümumi sayına
bölünməsi ilə çıxarılır. Məsələn, Standart 1-də 4
qiymətləndirmə meyarı varsa, onların balları toplanaraq
4-ə bölünür, yaxud Standart 2-də 6 qiymətləndirmə meyarı
varsa, yenə də qiymətləndirmə meyarlarının balları
toplanaraq alınmış cəm 6-ya bölünür. Dərsliklərin (və
yaxud müəllim üçün metodik vəsaitlərin) ümumi balı hər
bir standart üzrə alınmış balların toplanmasına əsasən
çıxarılmalıdır. Belə olduqda bəzən subyektiv səciyyə
daşıyaraq heç bir arqumentlə əsaslandırıla bilinməyən
qiymətləndirmə nümunələrinə yol verilməz. Ekspertlərin
verdiyi rəy isə konkretləşdirilmiş standartlar və
qiymətləndirmə meyarlarına əsasən yazılıb yekun ballarla
təsdiqlənər.
Deyilənlərə əsasən belə bir qənaətə gəlmək mümkündür ki,
şəxsiyyətyönlü məktəb dərsliklərinin hazırlanması müasir
didaktik tələblərə nə dərəcədə əməl edilməsindən və
pedaqoji ekspertizanın obyektiv aparılmasından asılıdır. |