Azərbaycan
Respublikası Təhsil Problemləri İnstitutunda "Əlillərin
Cəmiyyətə İnteqrasiyası" İctimai Birliyi və Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Şurasının seminarı
keçirildi. "Zəif eşidən və ağır nitq problemli
məktəbəqədər yaşlı uşaqların reabilitasiyası və inklüziv
təhsilə cəlb edilməsi sahəsində mövcud problemlər və
onların həlli yolları" mövzusunda seminarı giriş sözü
ilə institutun direktoru Qulu Novruzov açdı. Direktor
çıxışında son illərdə ölkədə təhsilin inkişafı
istiqamətində mühüm addımlar atıldığını, sağlamlıq
imkanları məhdud uşaqların təhsil və tərbiyəsinin orta
ümumtəhsil məktəblərində daim diqqət mərkəzində olduğunu
bildirdi. Xüsusi qayğıya ehtiyacı olan bu uşaqların
normal vətəndaş və şəxsiyyət kimi formalaşmasında təhsil
və tərbiyənin rolunun böyük olduğunu və bu uşaqların
dövlət qayğısı ilə əhatə olunduğunu qeyd edən direktor
ümummilli lider Heydər Əliyevin imzaladığı "Sağlamlıq
imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)
haqqında" Azərbaycan Respublikasının Qanununda təsbit
olunmuş əsas tələblərin şəxsiyyətin inkişafına təkan
verən amillərdən olduğunu söylədi. Qulu Novruzov qeyd
etdi ki, qanunun icrasının təmin edilməsi məqsədilə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral
2005-ci il tarixli 20 nömrəli qərarı ilə "Azərbaycan
Respublikasının xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq
imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə
İnkişaf Proqramı" (2005-2009-cu illər) təsdiq edilmiş,
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 25 mart
2005-ci il tarixli, 192 nömrəli əmrinə əsasən İnkişaf
Proqramının icrası ilə əlaqədar fəaliyyət planı işlənib
hazırlanmışdır. Təhsilin normativ-hüquqi bazasının
təkmilləşdirilmiş maddi-texniki təminatı istiqamətində
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
sərəncamı əsasında geniş tədbirlər həyata keçirilmişdir.
Qulu Novruzov təhsilin
keyfiyyətinin
yaxşılaşdırılması üçün, təhsilin idarəetmə sisteminin
yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf
etdirilməsi və müəllim peşəsinin nüfuzunun
artırılmasının zəruriliyini qeyd edərək "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nda nəzərdə tutulan təhsil alanların
istedadının aşkar olunması və inkişafı ilə bağlı xüsusi
qayğıya ehtiyacı olanlar üçün inklüziv təlim
metodologiyasının yaradılmasının öz əksini tapdığını
bildirdi. Direktor çıxışında seminarın "15 iyun -
Milli Qurtuluş Günü" və "18 iyun -İnsan Hüquqları
Günü"nə həsr olunmasını təqdirəlayiq hal olduğunu xüsusi
olaraq vurğuladı.
Tədbirdə "Əlillərin Cəmiyyətə İnteqrasiyası" İctimai
Birliyinin sədri Ramilə Rasimqızı çıxış edərək seminarın
təşkilinə göstərdiyi təşkilati dəstəyə görə Təhsil
Problemləri İnstitutunun rəhbərliyinə təşəkkürünü
bildirdi. O, seminarın əsas məqsədinin zəif eşidən və
ağır nitq problemli məktəbəqədər yaşlı uşaqların
reabilitasiyası və inklüziv təhsilə cəlb edilməsi
prosesinin sürətləndirilməsi, mövcud problemlərin
optimal həll yolları və qabaqcıl təcrübənin öyrənilməsi
olduğunu vurğuladı. R.Rasimqızı rəhbərlik etdiyi
təşkilatın əsas məqsədlərindən, həyata keçirdiyi
tədbirlərdən danışdı.
Seminarda Azərbaycan Respublikasının İnsan Hüquqları
üzrə Müvəkkilinin əlilliyi olan şəxslərin hüquqları üzrə
müşaviri Müqalib Mahmudov 18 iyun - İnsan hüquqları Günü
və Ombudsman tərəfindən elan olunmuş "İnsan hüquqları
aylığı" barədə ümumi məlumat verdi.
Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının
üzvü Gülnarə Hüseynova institutun direktoru Qulu
Novruzova dəstəyə görə bir daha təşəkkür edərək təhsilin
yeni məzmununda, təhsil standartlarında bu sahəyə xüsusi
diqqət ayıracağına və inklüziyanın bütün təhsil
pillələrində əks olunacağına inandığını söylədi və
cəmiyyətdə həmin istiqamətdə maariflənmənin
əhəmiyyətindən danışdı.
Almaniyanın Frankfurt Mayn Universiteti Klinikasının
aparıcı mütəxəssisi, şöbə rəhbəri Murad Şıxəliyev "Ağır
dərəcəli eşitmə zəifliyi olan uşaqların inklüziv təhsil
imkanlarının artırılmasında koxliyar implantasiya
(daxili qulağın protezləşdirilməsi) əməliyyatının rolu
və əhəmiyyəti" mövzusunda geniş və maraqlı təqdimatla
çıxış etdi. M.Şıxəliyev seminar iştirakçılarını
maraqlandıran sualları da cavablandırdı.
Seminarda daha sonra TPİ-nin İnklüziv təhsil şöbəsinin
aparıcı elmi işçiləri Elmira Kərimovanın "Eşitmə
zəifliyi və ağır nitq problemli məktəbəqədəryaşlı
uşaqlarda inklüziv təhsil: mövcud çətinliklər,
səbəbləri və həlli yolları", Dilarə Dostuzadənin
"Eşitmə zəifliyi və ağır nitq problemli
məktəbəqədəryaşlı uşaqlar üçün tədris proqramlarının və
dərs vəsaitlərinin hazırkı vəziyyəti", İnklüziv təhsil
şöbəsinin böyük elmi işçisi Fərid Süleymanovun
"Məktəbəqədər inklüziya: reallıqlar və perspektivlər",
AMEA-nın dissertantı, defektoloq-loqoped Şəfəq
Məmmədovanın "Eşitmə zəifliyi və ağır nitq problemli
məktəbəqədəryaşlı uşaqların reabilitasiyasında və
inklüziv təhsil imkanlarının artırılmasında
müəllim-valideyn əməkdaşlığının rolu" mövzularında
təqdimatları dinlənildi.
Tədbirin davamında "Əlillərin Cəmiyyətə İnteqrasiyası"
təşkilatı adından bir qrup fəala fəxri diplomlar və
təşəkkürnamələr, TPİ-nin direktoru Qulu Novruzova isə
xüsusi təşəkkürnamə təqdim olundu.
Seminarın sonunda mövzu ətrafında geniş müzakirələr
aparıldı və bir sıra təkliflər səsləndi.
Seminarda Azərbaycan Respublikasının İnsan Hüquqları
üzrə Müvəkkilinin əlilliyi olan şəxslərin hüquqları üzrə
müşaviri Müqalib Mahmudov, Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Şurasının üzvü Gülnarə Hüseynova, Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin məsul
nümayəndəsi Xanım Cəbrayılova, Təhsil Nazirliyinin,
ictimai təşkilatların və reabilitasiya mərkəzlərinin
nümayəndələri, TPİ-nin direktor müavinləri, şöbə
müdirləri və əməkdaşları, bağça müdirləri, orta
ümumtəhsil məktəblərinin müəllimləri, mətbuat
nümayəndələri iştirak edirdilər.
TPİ-nin Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsi
|