"Elm" nəşriyyatı tərəfindən "Məhərrəm Əli oğlu
Məmmədyarov: biblioqrafiya" kitabı nəşr olunub.
"Azərbaycanın elm və mədəniyyət xadimləri" seriyasından
olan nəşr AMEA, Yusif Məmmədəliyev adına Neft-Kimya
Prosesləri İnstitutu və Mərkəzi Elmi Kitabxana
tərəfindən hazırlanıb. Kitab AMEA Rəyasət Heyətinin
qərarı ilə nəşr olunub və onun elmi redaktoru akademik
Vaqif Abbasovdur. Kimya elmləri doktoru, professor,
AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Dövlət
mükafatı laureatı Məhərrəm Məmmədyarovun biblioqrafiyası
1954-2014-cü illəri əhatə edib. Bu biblioqrafiyada
alimin Azərbaycan, rus və ingilis dillərində çap olunmuş
elmi əsərlərinin, monoqrafiyaların, məqalələrin
siyahısı, həmçinin, müxtəlif konfrans və simpoziumlarda
akademikin məruzələrinin və çıxışlarının mövzuları
daxildir. Biblioqrafiyada, həmçinin, Məhərrəm
Məmmədyarovun həyat və fəaliyyətinin əsas tarixləri,
elmi, elmi-təşkilati və pedaqoji fəaliyyəti haqqında
qısa oçerk, elmi əsərlərinin, rəhbərlik etdiyi və
məsləhətçi olduğu dissertasiyaların siyahısı, alimin
elmi fəaliyyəti haqqında aparıcı mütəxəssislərin fikir
və mülahizələri daxildir. Üzvi kimya, neft-kimya
sintezi, biotexnologiya sahələrində elmi fəaliyyəti ilə
tanınan Məhərrəm Məmmədyarov Azərbaycanda kimya elminin
inkişafında xidmətlərinə görə Prezident İlham Əliyevin
sərəncamı ilə "Şərəf" ordeni ilə təltif edilib. |