"SABAH-ın
könüllüsü" 1-ci Avropa Oyunları müddətində İçərişəhərdə
ölkəmizə gəlmiş turistlərin suallarını cavablandırır və
onları istiqamətləndirir.
Bu istiqamətdə fəaliyyətini davam etdirərək "İçərişəhər"
Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsi və Təhsil
Nazirliyinin SABAH qruplarının tərəfdaşlığı ilə
reallaşan "Ask me" ("Məndən soruş") layihəsi şəhərimizə
təşrif buyurmuş xarici qonaqların İçərişəhərlə bağlı
suallarının cavablandırılması, qonaqların
istiqamətləndirilməsi, onların şəhər infrastukturu və
burada yerləşən qədim abidələrinin tarixi haqqında
ətraflı məlumat almasının təmin edilməsi məqsədilə
həyata keçirilir.
Layihədə Bakı şəhərinin 4 ali təhsil müəssisəsinin (Bakı
Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası,
Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan
Dillər Universiteti) SABAH qruplarının tələbələrindən
ibarət könüllülər iştirak edir. "İçərişəhər" Dövlət
Tarixi Memarlıq Qoruğu İdarəsi tərəfindən 1 ay
müddətində təlim verilmiş könüllülər üzərində "Ask me"
yazılan köynəklər geyinərək əvvəlcədən İçərişəhərdə
müəyyən olunmuş məntəqələrdə fəaliyyət göstərirlər.
Gülərüz könüllülər fəaliyyət dairələrinə yaxınlaşan
turistlərin suallarını cavablandırır, İçərişəhərdə
yerləşən qədim tarixi abidələr, ictimai iaşə obyektləri
ilə bağlı onları məlumatlandırır və
istiqamətləndirirlər. Hər bir turistə fərdi yanaşan
könüllülər onlara Azərbaycan qonaqpərvərliyini nümayiş
etdirir, söhbət əsnasında onlara ölkəmiz haqqında
məlumat verir və ehtiyac duyan qonaqları getmək istədiyi
əraziyə qədər müşayiət edirlər.
"Bakı-2015" 1-ci Avropa Oyunlarını dəstəkləyən, onun
vacibliyini və tələbələrin inkişafına verdiyi faydanı
təbliğ edən SABAH qruplarının tələbələrindən ibarət
könüllülərin Avropa Oyunlarının sonuna qədər
İçərişəhərdə fəaliyyəti nəzərdə tutulub.
Sonda layihə iştirakçıları Azərbaycan Respublikası
Təhsil Nazirliyi tərəfindən sertifikat və "İçərişəhər"
Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsi tərəfindən xüsusi
təşəkkürnamə ilə təltif olunacaqlar.
Məlumat üçün qeyd edək ki, SABAH qruplarında təhsil alan
tələbələrdən ibarət könüllülər və "İçərişəhər" Dövlət
Tarixi Memarlıq Qoruğu İdarəsi tərəfindən 2015-ci ilin
aprel ayından "Bakı-2015" 1-ci Avropa Oyunlarına dəstək
olaraq fəaliyyətə başlayıb. Bakı şəhərinin 7 ali təhsil
müəsisəsinin SABAH qruplarında təhsil alan 100 könüllü
tələbəsinin iştirakı ilə Avropa Oyunlarına dəstək
olaraq, "SABAH-ın Şifrəsi" intellektual komanda oyunu,
300-dən artıq tələbənin iştirakı ilə "SABAHFest" adlı
tədbir təşkil olunub.
"SABAH-ın könüllüsü" proqramı SABAH qruplarının
tələbələrinin, akademik təhsildən ayrılmadan, könüllü
fəaliyyətə cəlb olunmaqla sosial aktivliyini artırmaq və
alınmış biliklərin praktikada tətbiq edilməsi, eləcə də
tələbələrin idarəçilik bacarıqlarının və liderlik
potensialının inkişaf etdirilməsi məqsədi ilə fəaliyyət
göstərir. Hazırda SABAH qrupları 7 ali təhsil
müəssisəsində 34 ixtisas üzrə 755 tələbəni əhatə edir. |