Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 İyun 2015 - №22

 

I AVROPA OYUNLARINDA QIZIL MEDAL QAZANMIŞ İDMANÇILARIMIZ

 

RƏFAEL  AĞAYEV 

1985-ci ildə Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhər 21 nömrəli tam orta məktəbdə təhsil alıb. Karate ilə məşğul olmağa yeddi yaşında başlayıb. Uşaqlıqda dəcəl olduğu üçün valideynləri karate ilə məşğul olmağına qərar veriblər.  1994-cü ildən karate üzrə keçirilən yarışlarda iştirak edir. "Qəbələ" idman klubunun yetirməsidir. İndiyədək iştirak etdiyi bütün yarışlarda I yer qazanıb. 2004-cü ildən 2013-cü ilədək keçirilmiş karate üzrə Avropa Çempionatının 5 dəfə, Dünya Çempionatının 4 dəfə qalibi olub. 2013-cü ildə ayağından zədə aldığı üçün 2014-cü ildə keçirilmiş yarışlara qatıla bilməyib. Azərbaycan, rus, türk dillərini bilir. Avropa Karate Federasiyasının prezidenti Antonio Espinos Rəfael Ağayevi əfsanəvi karateçi adlandırıb.

R.Ağayevin dediklərindən: "Ən böyük şərəf  qızıl medalı qazanmaq, həm də onu qorumaqdır. Nə qədər bacarıramsa, Azərbaycanın Dövlət himnini səsləndirəcəyəm. Bu qələbəmi Azərbaycan xalqına və anama həsr edirəm".


FİRDOVSİ  FƏRZƏLİYEV 

1993-cü ildə Abşeron rayonunda anadan olub. Altı yaşında karate ilə məşğul olmağa başlayıb. Onda bu idman növünə maraq filmləri seyr etdikdən sonra yaranıb. Hər döyüşdən əvvəl dua edir. Azərbaycan millisinin heyətində "Bakı-2015" I Avropa Oyunlarında ilk qızıl medalı qazanan idmançı olub. 60 kq çəkidə rəqib tanımayan karateçi bildirib ki, uğurunun təməlində yorulmadan etdiyi məşqlər və özünəinam dayanır. 2014-cü ildə Qətərdə keçirilən 3-cü beynəlxalq turnirin qalibi olub. Üzgüçülük onun ən böyük hobbisidir.

Firdovsi Fərzəliyevin dediklərindən: "Mən komandamıza ilk qızıl medalı qazandırdığıma görə çox xoşbəxtəm. Bu yarış, bayrağımızı qaldırmaq bizim üçün çox önəmli idi. Çünki biz öz Vətənimizdə yarışırdıq. Mənim fikrimdə ancaq bayrağımızı dalğalandırmaq idi".


ELVİN  MÜRSƏLİYEV 

1988-ci ildə Bakıda anadan olub. 75 kq çəki dərəcəsində idmanın yunan-Roma güləşi ilə məşğul olur. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunudur. Detektiv hekayələrin mütaliəsini çox sevir. "Neftçi" İdman Klubunun üzvüdür. Məşqçisi Əfsər Namazəliyevdir. 2014-cü ildə Daşkənddə 75 kq çəki dərəcəsinə malik idmançılar arasında Dünya Çempionatında - 3-cü yeri, Vantaada keçirilən Avropa Çempionatında 3-cü yeri, 2010-cu ildə Bakıda keçirilən Avropa Çempionatında 2-ci yeri, 2008-ci ildə İstanbulda gənclər arasında Dünya Çempionatında 1-ci yeri tutub. Fərid Mansurov və Rövşən Bayramov sevimli idmançılarıdır. Güləşlə yanaşı, gimnastika və ağırlıqqaldırma ilə maraqlanır.

"Bu, ilk Avropa Oyunlarıdır. Hər bir idmançı istəyər ki, bu Oyunlarda qızıl medal qazansın. Xoşbəxtəm ki, mən də qızıl medal qazanaraq adımı Azərbaycan idmanının və Avropa Oyunlarının tarixinə yazdım". Bu sözləri jurnalistlərə açıqlamasında Elvin Mürsəliyev deyib.


İRİNA  ZARETSKAYA 

1996-cı ildə Ukraynanın Çernovidskaya vilayətində anadan olub. 68 kq çəki dərəcəsində karatenin kumite növü ilə məşğul olur. Yeniyetmələr arasında 3 qat Avropa çempionu, böyüklər arasında Avropa və dünya çempionatlarının bürünc mükafatçısı olub. Uşaq yaşlarından karateyə böyük həvəs göstərir.

İrinanın dediklərindən: "Öncədən demişdim ki, bu yarışda qızıl medal qazanacağam, fəxri kürsüyə çıxacağam və himnimizi oxuyacağam. Bu da oldu: Azərbaycan himnini oxudum və bununla fəxr hissi duyuram".


AYXAN  TAĞIZADƏ 

1996-cı ildə anadan olub. 68 kq çəki dərəcəsində idmanın taekvando növü ilə məşğul olur. Bakıdakı 53 nömrəli tam orta məktəbi bitirib. Hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman  Akademiyasının tələbəsidir. "Neftçi" İdman klubunun üzvüdür. Məşqçisi atası Avaz Tağıyevdir. 2013-cü ildə Portoda keçirilən Gənclər arasında Avropa Çempionatında gümüş medal qazanıb. Qardaşı Fərid Tağızadə Azərbaycan milli taekvando komandasının keçmiş üzvüdür.  Atası  Azərbaycanın Para-Taekvando üzrə Milli komandasının baş məşqçisidir.

"Məğlub olmağı düşünmürdüm. Həmişə qələbə üçün mübarizə aparırdım. Final qarşılaşmasında da belə oldu. Sadəcə, hesabda 9:5 öndə olduğum vaxt baş zərbəsi aldım və xallar bərabərləşdi. Şükürlər olsun ki, qızıl xalla qələbəyə nail oldum".


XETAQ  GAZYUMOV 

1983-cü ildə Rusiyanın Alaniya vilayətində anadan olub. 97 kq çəki dərəcəsində güləşin sərbəst növü ilə məşğuldur. "Ata Sport Baku" klubunun üzvüdür. Məşqçisi Marik Tedeyev və Məhəmməd Əliömərovdur. Aktivində bir çox qızıl və gümüş medal olan idmançı həmçinin olimpiya oyunlarının ikiqat bürünc medalçısıdır (2008, 2012). Xetaqın dediklərindən: "Prezident İlham Əliyevin final görüşümü izləməsi məni qürurlandırdı. Bu, olduqca çətin və məsuliyyətli görüş idi. Yarışın əvvəlində həyəcanlı idim. Öz evimdə, doğma azarkeşlər qarşısında uduzmaq mənim üçün çox çətin olardı".


RƏSUL  ÇUNAYEV

 1991-ci ildə Balakən rayonunun Qabaqçöl kəndində anadan olub. Orta məktəbi anadan olduğu kənddə bitirib. Uşaqlıqdan idmana böyük həvəsi olub. "Neftçi" İdman Cəmiyyətinin üzvüdür. İlk məşqçisi İsmayıl Çopsiyevdir. 2008-ci ildə yunan-Roma güləşi üzrə Avropa çempionu və Azərbaycan çempionu adlarını qazanıb. 17 yaşlı yeniyetmə olmasına baxmayaraq bu qələbəni böyüklər arasında keçirilən yarışda qazanıb. 15 iyul 2013-cü ildə Rusiyada keçirilən yunan-Roma güləşi üzrə Tələbələrin 27-ci Ümumdünya Universiadasının qalibidir. Hazırda yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının üzvüdür.  

"Özümə inanırdım ki, qızılı qazanacağam. Nə qədər medalımız olsa, bir o qədər başımız ucadır, Azərbaycan adına fəxrdir. Mən fəxr edirəm ki, azərbaycanlıyam, mən fəxr edirəm ki, məhz qədim idman növü olan güləşlə məşğulam". Bu sözləri I Avropa Oyunlarının qızıl medalçısı Rəsul Çunayev deyib.


AYXAN  MAMAYEV

 1991-ci ildə Bakı şəhərində anadan olub. 271 nömrəli tam orta məktəbi bitirib. Ali təhsilini Bakı Dövlət Universitetində başa vurub. 84 kq çəki dərəcəsində idmanın karate növü ilə məşğuldur. Azərbaycan, ingilis, rus və türk dillərini bilir. "Qara Kaplan" klubunun üzvüdür. Məşqçisi Şahin Xudaverdiyevdir. 2011-ci ildə Malayziyada keçirilən  21 yaşına çatmış idmançılar arasında dünya çempionatının qalibidir. Bundan başqa, 2012-ci ildə Parisdə keçirilən  Dünya Çempionatında 3-cü yer, Tenerifede keçirilən Avropa Çempionatında  2-ci yer, 2013-cü ildə Palembanqda İslam Həmrəyliyi Oyunlarında 1-ci yer və 2015-ci ildə Türkiyədə keçirilən Avropa Çempionatında  2-ci yeri tutub. Brus Li və keçmiş ağır çəki üzrə boksçu Mayk Tayson onun qəhrəman obrazlarıdırlar.  O, Rəfael Ağayevə hörmət bəsləyir və onunla eyni komandada məşq etdiyi üçün fəxr edir.


MARİYA  STADNİK 

1988-ci ildə Ukraynanın Lvov şəhərində anadan olub. 48 kq çəki dərəcəsində idmanın güləş növündə sərbəst üsulla məşğul olur. "Ata Sport Baku" klubunun üzvüdür. Məşqçiləri Andrey Stadnik və Əjdər Cəfərovdur. Naxışvurma və xizəksürmə ən böyük hobbisidir. İki övladı var- bir qız, bir oğlan. Həyat yoldaşı Andrey Stadnik isə onun məşqçisidir. 2014-cü ildə Daşkənddə keçirilən Dünya Çempionatında 3-cü yer, Vantaada keçirilən Avropa Çempionatında 1-ci yer, 2012-ci ildə Londonda keçirilən Olimpiya Oyunlarında 2-ci yer, 2011-ci ildə İstanbulda keçirilən Dünya Çempionatı 2-ci yer, 2011-ci ildə Dortmundda keçirilən Avropa Çempionatında 1-ci yer, 2009-cu ildə Danimarkada keçirilən Dünya Çempionatında 1-ci yer, 2008-ci ildə Pekində keçirilən Olimpiya Oyunlarında 3-cü yer, Vilnüsdə keçirilən Avropa Çempionatında 1-ci yeri tutub.

M.Stadnik: "Avropa Oyunlarının qalibiyəm. Buna görə çox xoşbəxtəm. Çox razıyam ki, bu gün məni bu qədər tamaşaçı dəstəklədi. Onlara minnətdaram. İlk növbədə, Prezident İlham Əliyev və onun ailəsinə minnətdarlığımı bildirirəm".


MİLAD BEİQİ HARÇEQANİ

 1991-ci ildə İranın İsfahan şəhərində doğulub. 80 kq çəki dərəcəsində idmanın taekvando növü ilə məşğuldur. "Gilan" Teakvando klubunun üzvüdür.  Məşqçisi Rza Mehmandousdu. 2015-ci ildən etibarən Azərbaycan milli taekvando komandasına cəlb olunub.

İdmançımız finaladək keçirdiyi görüşlərdə serbiyalı Damir Fejziçə, böyük britaniyalı Lutalo Muhammada və portuqaliyalı Julio Ferreiraya qalib gəlib.

Miladın dediklərindən: "Hələ yarışdan öncə sizləri sevindirəcəyimə söz vermişdim. Sözümün üstündə dayandım və qızıl medalı qazandım. Hamınıza təşəkkür edirəm".


TOĞRUL  ƏSGƏROV 

1992-ci ildə Gəncədə anadan olub. Gəncədə 7 nömrəli tam orta məktəbi bitirib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb. 65 kq çəki dərəcəsində güləşin sərbəst növü ilə məşğuldur. "Neftçi" İdman klubunun üzvüdür. Məşqçisi Elçin Zeynalovdur. At çapmağa böyük həvəsi var. 2003-cü ildə ilk dəfə özünü cüdo yarışında sınayıb. Lakin məşqçisi onu bir ildən sonra güləşə istiqamətləndirib. Toğrul güləşin sirləri ilə tanış olan kimi, bu idman növünə vurulub. Nəticədə, bir neçə ay keçdikdən sonra o, ölkənin milli çempionu olub. Bu sadəcə başlanğıc idi. Ən böyük uğurunu 2012-ci ildə London Olimpiya Oyunlarında qazanıb. Bundan başqa bir sıra beynəlxalq yarışların qalibi olub.

Toğrul Əsgərov qalib olduqdan sonra jurnalistlərə açıqlama verib: "Qazandığım bu qələbəni ilk növbədə dövlətimə həsr edirəm. Olimpiadadan sonra çıxışlarım uğursuz idi, buna görə çox şeyi dəyişmək istəyirdim. Xoşbəxtlikdən, qızıl medal qazana bildim".


ANJELA  DOROQAN 

1989-cu ildə Moldovanın Kişinyov şəhərində anadan olub. 53 kq çəki dərəcəsində güləşin sərbəst növü ilə məşğul olur.

Tamaşaçılara ona verdiyi möhtəşəm dəstəyə görə dərin təşəkkürünü bildirən A.Doroqan qalib elan ediləndən sonra hərəkətlərinin emosional olaraq baş verdiyini deyib: "Bu mənim karyeramda qazandığım ilk qızıl medaldır. Etiraf edim ki, əslində çempionluq haqqında düşünmürdüm. Ona görə də birinci yerə çıxanda sevincimdən heç bilmirdim nə edim. Sevincimdən atılıb düşürdüm".

  Hazırladı: Niyazi RƏHİMOV

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov