Azərbaycan
Texniki Universitetinin (AzTU) Layihələrin İdarə
olunması və İnnovasiyalar Mərkəzində "Layihələrin idarə
edilməsi üzrə müasir tələblər" mövzusunda tədbir
keçirilib.
Universitetdən bildiriblər ki, Layihələrin İdarə
Edilməsi Beynəlxalq Assosiasiyası (IPMA) Azərbaycan
nümayəndəliyinin (AzPMA) keçirdiyi tədbir layihə
menecerləri ilə təcrübə mübadiləsi aparmaq, iş
prosesində qarşıya çıxan çətinlikləri aradan qaldırmaq
məqsədi daşıyır. Mərkəzin sertifikatlaşdırma, tədris və
üzvlük klubunda menecerlər arasında belə təcrübə
mübadiləsi müntəzəm aparılır.
Tədbirdə AzPMA-nın prezidenti, IPMA-nın birinci
asessoru, professor İqbal Babayev layihələr idarə
edilərkən nəzərə alınması vacib olan əsas məqamlardan,
layihələri idarə edən ofisin formalaşdırılması
prinsiplərindən, idarəetmə komandasının yaradılması və
resursların müəyyənləşdirilməsi məsələlərindən danışıb.
Müxtəlif şirkət, firma və birlikləri təmsil edən layihə
menecerləri layihələrin idarə edilməsinə müasir yanaşma,
beynəlxalq təcrübənin və Azərbaycan reallıqlarının
nəzərə alınması məsələlərini müzakirə ediblər. Qeyd
olunub ki, Azərbaycanda bu günədək 20-dən çox
irimiqyaslı layihə həyata keçirilib. Menecerlər
layihələrin həyata keçirilməsi ilə bağlı fikir və
mülahizələrini bildirib, düzgün və yanlış məqamları
diqqətə çatdırıblar.
İ.Babayev menecerlərə həyata keçirilməkdə olan
layihələrin zamanın tələblərinə nə dərəcədə cavab
verdiyini daim nəzarətdə saxlamağı tövsiyə edib.
İ.Babayev tədbirdə iştirak edən layihə menecerlərinin
suallarını cavablandırıb, yaranmış vəziyyətdən çıxış
yollarını tapmaq, bəzi çətinlikləri aradan qaldırmaq
üçün zəruri olan adekvat tədbirlərdən danışıb.
Görüşdə bildirilib ki, AzPMA bu günədək 150-dən artıq
yerli və beynəlxalq təlim təşkil edib, ölkənin 80-dən
çox inkişaf etmiş şirkət və müəssisəsinin iki mindən çox
layihə menecerini təlimləndirib. Hazırda Azərbaycanda
217 nəfər IPMA-nın beynəlxalq layihə meneceri statusu
alıb. Onlar beynəlxalq və milli sertifikatlaşdırılmış
layihə menecerləri reyestrində qeydiyyatdan keçiblər. |