"Naxçıvan"
Universiteti respublikamızın bir çox ali məktəbləri ilə
yanaşı, çoxsaylı xarici universitetlər və beynəlxalq
qurumlarla da əməkdaşlıq müqavilələri imzalamışdır ki,
bu əməkdaşlıqlar ortaq elmi proqramların və
konfransların keçirilməsinə, tələbə mobilliyinin
artırılmasına, müəllim, tələbə mübadilələrinin həyata
keçirilməsinə yüksək təsir göstərmişdir. Hazırda
universitetin Avropanın və eyni zamanda Türkiyənin bir
sıra universitetləri ilə sıx əməkdaşlıq əlaqələri
mövcuddur. "Naxçıvan" Universitetinin beynəlxalq
əlaqələr şöbəsinin müdiri Gülşən Orucovanın rəhbərliyi
ilə universitetlərarası əməkdaşlıq bir neçə istiqamət
üzrə davam və inkişaf etdirilir. Belə ki, "Naxçıvan"
Universitetində yenicə açılan alman dili ixtisası ilə
əlaqədar Almaniyanın Münhen şəhərinin Lüdviq Maximilian
Universitetinin 2 nümayəndəsi ali məktəbdə olub. Görüş
zamanı ali təhsil ocağının rektor, professor İsmayıl
Əliyev "Naxçıvan" Universitetinin keçdiyi inkişaf
yolundan ətraflı danışıb. Rektor qonaqların diqqətinə
çatdırıb ki, universitetin beynəlxalq əlaqələri bu ali
məktəbdə təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına,
onun struktur quruluşunun idarəetmə metodlarının, tədris
proqramlarının məzmununun, texniki təchizatının və
təhsil prosesinin beynəlxalq standartlara uyğun şəkildə
qurulmasına və inkişafına yönəlmişdir.
Lüdviq Maximilian Universitetinin əməkdaşları Ferran
Suner və Jorge Roche hər iki universitet arasındakı
əməkdaşlıqdan, fakültələrarası imzalanacaq akademik
mübadilə üzrə məsələlərdən, proqramın icrası üçün
maliyyə məsələlərindən danışıblar. Bundan başqa,
ixtisasartırma kurslarında iştirak edəcək müəllimlər
üçün LMU tərəfindən ediləcək güzəştlər və digər
məsələlər də müzakirə edilib. 2015-2016-cı akademik il
ərzində alman dili müəllimlərinin 1 il müddətinə
Münhenə ixtisasartırma kurslarına göndərilməsi nəzərdə
tutulub. Həmçinin həmin müddət ərzində LMU-dan ixtisaslı
kadrların 1 və ya 2 semestrlik "Naxçıvan" Universitetinə
dəvət olunması, müxtəlif təlim kursları və workshopların
keçirilməsi sahəsində də danışıqlar aparılıb. Bu
məsələlərlə əlaqədar universitetin tədris şöbəsi və
xarici dillər kafedrasının heyəti ilə görüş olub. Onu da
qeyd edək ki, LMU-nun əməkdaşları ali təhsil ocağında
dil tədrisi sahəsində yeni metodların tətbiqi üzrə
treninqlər də təşkil ediblər.
"Naxçıvan" Universitetində yeni açılan alman dili
ixtisasının proqram və tədrisinin təkmilləşdirilməsi
üçün Alman Akademik Mübadilə Xidmətinin Azərbaycandakı
təmsilçisi də "Naxçıvan" Universitetində olub.
DAAD-ın Bakı informasiya mərkəzinin direktoru Stefani
Defaux çıxışında Almaniya universitetlərindən olan
akademik heyətin DAAD-ın təlimçilər üçün həyata
keçirdiyi "Qısamüddətli təlim" proqramı vasitəsi ilə
"Naxçıvan" Universitetində minumum 4 həftə, maksimum 6
ay ərzində dərs keçmələri üçün təşəbbüs göstərmələrini
söyləyib, alman dili üzrə dərsliklər və digər dərs
vəsaitləri ilə universitetin təmin olunmasına, eləcə də
Almaniya səfirliyi ilə ikitərəfli əlaqələrin yaradılması
və alman dili ixtisası üzrə səfirliyin dəstək olmasını
irəli sürüb.
Nuray CƏFƏROVA |