Azərbaycan Respublikası son illər ərzində çox sayda
nüfuzlu beynəlxalq və regional xarakterli tədbirlərə
yüksək səviyyədə ev sahibliyi edib və bu tədbirlər
çərçivəsində hər hansı ölkənin iştirakçılarına
münasibətdə ayrı-seçkilik nümayiş olunmayıb.
Mövcud təcrübə deməyə əsas verir ki, Azərbaycanda
keçirilən beynəlxalq tədbirlərdə vətəndaşlığından asılı
olmayaraq, bütün iştirakçıların təhlükəsizliyinin təmin
olunması üçün lazımi tədbirlər görülür.
Məhz bu səbəbdən Ermənistan elm və təhsil nazirinin
ölkəsini təmsil edən idmançıların Bakıda keçirilən
birinci Avropa Oyunlarında tam təhlükəsiz şəraitdə
iştirak etdiyi dövrdə bəyanat verməsi isə təəccüb və
təəssüf doğurur.
Məlum olduğu kimi, 47-ci dəfə keçirilən Beynəlxalq Kimya
Olimpiadasının reqlamentində iştirakçı ölkələr üçün
xüsusi təhlükəsizlik zəmanətinin təmin olunması nəzərdə
tutulmayıb. Bu qayda cari ilin 20-29 iyul tarixlərində
Moskva Dövlət Universitetinin Bakı filialının
təşkilatçılığı ilə Bakıda baş tutacaq Beynəlxalq Kimya
Olimpiadasına da aiddir.
Hər bir beynəlxalq yarışda iştirak və ya iştirakdan
imtina istənilən ölkənin öz seçim hüququdur. Birinci
dəfə deyil ki, müxtəlif yarışlarda iştirak məsələsi
ətrafında Ermənistanın rəsmi dairələri tərəfindən
sui-istifadə hallarına yol verilir. Məktəblilərin
iştirak etdiyi bu yarışı siyasiləşdirmək cəhdi də
təəssüf hissi doğurur. Azərbaycan tərəfi 47-ci
Beynəlxalq Kimya Olimpiadasının keçirilməsinə dair
üzərinə düşən bütün öhdəlikləri tam həcmdə yerinə
yetirir. |