Ukrayna
Milli Texniki Universiteti "Kiyevskaya Politexnika"
Texnologiyalar Parkının baş direktoru Yaroslav
Koloqrivov və "KPİ"-nin İnformasiya Texnologiyaları
İnstitutunun direktoru İnna Malyukova, Azərbaycan
Texniki Universitetinin beynəlxalq əlaqələr üzrə
prorektoru, professor Mustafa Babanlı Gəncə Dövlət
Universitetinin qonağı olublar.
Universitetin əsas binasının akt zalında Ukrayna
mütəxəssisləri ilə seminar-görüş keçirilib. Qonaqları
salamlayan GDU-nun rektoru, professor Yusif Yusibov qeyd
edib ki, respublikamızın hazırkı inkişafı dövründə,
dünya təcrübəsindən bəhrələnməyə, elmi biliklərin,
istedadların aşkarlanmasına geniş yol açıldığı bir
vaxtda startap layihələri olduqca ciddi əhəmiyyətə
malikdir. Bu layihələrin reallaşması üçün kreativ
gənclər yetişməlidir ki, bu da startap məktəblərin
yaradılmasını şərtləndirir. Məhz Azərbaycanın qərb
zonası üzrə Gəncə Dövlət Universitetinin nəzdində belə
məktəblərin yaradılması nəzərdə tutulmuşdur.
Rektor Yusif Yusibov Ukraynanın startap layihələri
müəlliflərinin azərbaycanlı həmkarları ilə sıx
əməkdaşlıq yaratmaq istəklərini xüsusilə qiymətləndirib,
belə bir fəaliyyətin hər iki ölkə üçün faydalı olacağını
söyləyib.
"KPİ"-nin İnformasiya Texnologiyaları İnstitutunun
direktoru İnna Malyukova və Ukrayna Milli Texniki
Universiteti "Kiyevskaya Politexnika" Texnologiyalar
Parkının baş direktoru Yaroslav Koloqrivov çıxış edərək
startap layihələrinin mahiyyətindən, təmsil etdikləri
qurumların fəaliyyətindən və əldə edilən uğurlardan
danışıb, bu layihələrin hazırlanması və tətbiq edilməsi
sahəsində azərbaycanlı həmkarları ilə əməkdaşlığın bəhrə
verəcəyinə inandıqlarını bildiriblər. O da xüsusi
vurğulanıb ki, Gəncə Dövlət Universiteti də daxil
olmaqla Azərbaycanda mövcud startap məktəbi ekosistem
yaratmağa diqqətin artırılması yeni iş yerlərinin
yaranmasına imkan verəcək.
Gəncə Dövlət Universitetində yaradılacaq Startap
məktəblərinə əsasən müasir elmin inkişafının önündə
gedən, texnologiyalara və texniki biliklərə yiyələnməyə
səy göstərən kreativ tələbələr, magistrlər, gənc
doktorantlar, hətta orta məktəb şagirdləri cəlb
olunacaqlar. Kreativ gənclərə hesablanmış bu layihə
bütün Azərbaycan gəncliyini əhatə edəcək.
Seminar-görüşün sonunda rektor Yusif Yusibov startap
layihələrinin hazırlanması sahəsində Azərbaycanla
Ukrayna, həmçinin Gəncə Dövlət Universiteti arasındakı
əməkdaşlıq nəticəsində yeni layihələrin meydana
gəlməsinə, uğurlu nəticələr əldə edilməsinə inandığını
bildirərək, ukraynalı mütəxəssislərə kollektiv adından
təşəkkür edib.
Maqbet ƏHMƏDOV,
GDU-nun Mətbuat xidmətinin rəhbəri |