Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 İyun 2015 - №22

 

Azərbaycanla Estoniya arasında əməkdaşlıq məsələləri müzakirə olunub

 

Böyütmək üçün seçinTəhsil naziri Mikayıl Cabbarov Estoniya Respublikasının Təhsil Nazirliyinin baş katibinin müavini Madis Lepajoeni qəbul edib 

İyunun 19-da Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Estoniya Respublikasının Təhsil Nazirliyinin baş katibinin müavini Madis Lepajoeni qəbul edib.

Qonaq Estoniya ilə Azərbaycanın keçdiyi inkişaf yolunda oxşarlıqların olmasını, hər iki ölkənin təhsil sahəsində bənzər çətinliklərlə üzləşdiklərini və Estoniyanın Avropa İttifaqı üzvlüyü çərçivəsində təhsil islahatları sahəsində əldə etdiyi təcrübəni Azərbaycanla paylaşmaqda maraqlı olduğunu bildirib. O, Estoniya və Finlandiya tərəfindən Azərbaycanda ali təhsil sisteminin inkişafına hədəflənmiş layihənin irəli sürüldüyünü qeyd edərək, bu layihənin uğurlu olacağına ümid etdiyini bildirib.

Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanla Estoniya arasında əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini və Estoniyanın təhsil islahatları sahəsində təcrübəsinin öyrənilməsinin dəyərli olacağını söyləyib, bu təcrübənin Azərbaycanla bölüşmək təşəbbüsünə görə minnətdarlığını ifadə edib.

Eyni zamanda, Mikayıl Cabbarov cari ilin may ayında Estoniyanın Tartu Universitetinin beynəlxalq əlaqələr fakültəsinin tələbə və müəllimlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə icazəsiz səfər etməsinin ölkələrimiz arasındakı mövcud dostluq münasibətlərinin ruhuna uyğun olmadığını və bu kimi halların gələcəkdə təkrarlanmayacağına ümid etdiyini nəzərə çatdırıb.

M.Lepajoe sözügedən səfərdən təəssüfləndiyini bildirərək, Tartu Universitetinin rektorunun Azərbaycanın Estoniyadakı səfirliyinə məktub ünvanlayaraq bununla bağlı təəssüf hissi keçirdiyini ifadə etdiyini və Təhsil Nazirliyi olaraq gələcəkdə oxşar insidentlərin baş verməməsi məqsədilə ölkəsinin ali təhsil müəssisələri ilə müvafiq maarifləndirmə işinin həyata keçiriləcəyini söyləyib.

Görüş zamanı eləcə də Azərbaycanla Estoniya arasında ali təhsil, ilk peşə-ixtisas təhsili, təhsil müəssisələrinin akkreditasiyası, təhsildə keyfiyyətin təmin olunması və akademik mobillik sahəsində mümkün əməkdaşlıq imkanları barədə ətraflı fikir mübadiləsi aparılıb.

M.Lepajoe həmçinin, Avropa Velosiped İttifaqının vitse-prezidenti qismində qurumun Bakıda keçirilən idarə heyətinin iclasına qatılmaq, eləcə də Birinci Avropa Oyunlarını izləmək və medal alan idmançıların mükafatlandırılmasında iştirak etmək üçün ölkəmizə səfər etdiyini bildirib.

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov