İlk
Avropa Oyunlarının açılış mərasimində Azərbaycanın
birinci xanımı, I Avropa Oyunları Təşkilat Komitəsinin
sədri Mehriban Əliyevanın çıxışı
- Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri
cənab İlham Əliyev!
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki!
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax!
Zati-aliləri!
Avropa Oyunlarının atletləri!
Xanımlar və cənablar!
Hörmətli qonaqlar!
Azərbaycana xoş gəlmisiniz. İlk Avropa Oyunlarına xoş
gəlmisiniz.
Əziz həmvətənlər!
Birinci Avropa Oyunlarının açılışı münasibətilə bütün
Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm.
Bu möhtəşəm bayram müstəqil Azərbaycanın, hər bir
Azərbaycan vətəndaşının qələbəsidir.
Müstəqillik illərində əldə etdiyimiz uğurlar və
nailiyyətlər nəticəsində bu gün burada, gözəl Bakıda
Avropa Olimpiya hərəkatının tarixində yeni səhifə
yazılır.
Bu səhifəni biz yazırıq, Azərbaycan xalqı yazır.
Qoy, Tanrı Azərbaycanı hər zaman qorusun!
Əziz dostlar, bu axşam biz Avropanın idman tarixində
yeni fəsilə başlayırıq.
Azərbaycan fəxr edir ki, ilk Avropa Oyunları Bakıda
keçirilir.
Avropa Oyunlarının məşəli müqəddəs Atəşgah məbədində
alovlandırıldı və yol boyunca hər bir azərbaycanlının
qəlbini iftixar hissi ilə döyündürərək ölkəmizi dolaşdı.
Məşəl bayram, ruhlandırma və birlik mesajını daşıdı.
Məhz alovlanan ruh hamımızı bir araya gətirir.
Mən Avropa Olimpiya Komitəsinə və onun prezidenti Patrik
Hikkiyə minnətdarlığımı bildirmək istəyirəm.
Bu minnətdarlıq onun həm ilk Avropa Oyunlarının
keçirilməsi üçün Bakının seçilməsinə, həm də yadda
qalacaq belə bir tədbirin təşkilinə verdiyi dəstək və
göstərdiyi yardım ilə bağlıdır.
Mən, həmçinin Beynəlxalq Olimpiya Komitəsinin prezidenti
Tomas Baxı və Olimpiya ailəsinin üzvlərini salamlamaq
istəyirəm. Azərbaycanda Olimpiya hərəkatına verdikləri
davamlı dəstəyə görə onlara minnətdaram.
Azərbaycan zəngin tarixə, mədəniyyətə və adət-ənənələrə
malik olan ölkədir. Multikulturalizm və tolerantlıq,
dostluq və qonaqpərvərlik, ahəngdarlıq və həmrəylik
Azərbaycanın həyat tərzinin ayrılmaz hissəsidir.
Bu il biz Avropa Oyunlarını qəbul edirik.
2017-ci ildə biz İslam Həmrəylik Oyunlarını qəbul
edəcəyik.
Bu, Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafında
oynadığı rolu nümayiş etdirir.
Müstəqil dövlət kimi biz gəncik. Cəmi 24 yaşımız var.
Yaşımız bu axşamkı mərasimdə geriyə saymağın məhz həmin
rəqəmdən başlanılması ilə üst-üstə düşür.
Son 24 il ərzində ölkəmizdə sürətli inkişaf, irəliləyiş
və müasirləşmə müşahidə olunub.
Azərbaycanın iqtisadi sabitliyi və davamlı inkişafı bizə
bu cür böyük idman tədbirini keçirmək imkanı yaradır.
İşə sadiqliyimiz və yorulmaz fəaliyyət sayəsində vaxtın
məhdud olduğunu dəf edərək, bu Oyunları cəmi iki il
yarım ərzində hazırladıq.
Mən Oyunları reallığa çevirmək üçün böyük səylə,
sadiqliklə və istəklə çalışan şəxslərin hamısına
təşəkkürümü bildirmək istəyirəm.
Mən, həmçinin bütün beynəlxalq tərəfdaşlarımıza, bir çox
yerli və xarici könüllülərə minnətdarlığımı bildirmək
istəyirəm.
Komandamız qarşılıqlı əməkdaşlığın, anlaşma və dostluğun
bariz nümunəsidir. Bu axşam biz Avropanın 6 min ən yaxşı
atletini ölkəmizdə salamlayırıq.
Hörmətli atletlər, bu Oyunlar sizin üçündür. Siz ilk
iştirakçısınız. Siz Avropa Oyunlarının ilk çempionları
olacaqsınız. Bütün Azərbaycan xalqı Sizə dəstək vermək
üçün bir araya gəlib.
Bakı 17 gün ərzində sizin evinizdən uzaqda ikinci doğma
eviniz olacaq. Bu axşam mən xalqımızdan, əldə etdiyimiz
bütün nailiyyətlərdən fərəh və iftixar hissi duyuram.
Mən bu Oyunlara qəlbən bağlandığınıza görə Sizin
hamınıza təşəkkürümü bildirirəm.
Onu da bildirirəm ki, gələn illərdə Avropa Oyunlarının
məşəli nə qədər uzaqlarda alovlansa da, Azərbaycanın və
"Bakı-2015"-in parlaq ruhunun atəşi orada olacaq.
Avropa Oyunlarının atletləri!
Xanımlar və cənablar!
Əziz qonaqlar!
Sülhü, dostluğu və həmrəyliyi qeyd etmək üçün Bakıya,
Azərbaycana xoş gəlmisiniz! |