İdmançılarımız 12 qızıl medal qazanıb
İyunun
12-də möhtəşəm açılış mərasimi ilə start götürmüş
"Bakı-2015" I Avropa Oyunları davam edir. Oyunların
başlanmasından keçən bu müddət ərzində bir sıra idman
növləri üzrə yarışlar artıq başa çatıb. Yarışlarda 93
dəst medal (310 ədəd) oynanılıb.
I Avropa Oyunları ölkəmiz üçün xüsusilə uğurlu olub.
Belə ki, idmançılarımız indiyədək parlaq çıxışlar
nümayiş etdirərək 29 medal əldə ediblər. Medallardan
12-si qızıl, 5-i gümüş, 12-si isə bürüncdür. Bu
göstəricilərə görə ölkəmiz hazırda oyunların reytinq
cədvəlində 2-ci yerdə qərarlaşıb. Sevindirici haldır ki,
bu yarışlarda Azərbaycan Almaniya, Böyük Britaniya,
Fransa, İtaliya kimi böyük idman uğurları və ənənələri
olan dövlətləri geridə qoyub. Cədvəldə birinci yeri isə
oyunlara çoxsaylı heyət və tanınmış idmançılarla gəlmiş
Rusiya Federasiyası tutur. Şimal qonşumuzun idmançıları
indiyədək 45 medal, o cümlədən 25-i qızıl, əldə
ediblər.
İdmançılarımızın ayrı-ayrı idman növləri, xüsusən də
karate, güləş və taekvondo üzrə nəticələri daha
sevindiricidir. Qazanılan medalların təxminən yarıdan
çoxu - 15-i məhz bu idman növlərinin payına düşür.
I Avropa Oyunlarına hazırlıq mərhələsində olduğu kimi
hazırda oyunların keçirilməsi də dövlətimizin başçısı,
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin
Prezidenti İlham Əliyevin diqqət mərkəzindədir.
Prezident İlham Əliyev və birinci xanım, "Bakı-2015" I
Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban
Əliyeva yarışları maraqla izləyir və qalib idmançılara
medallar təqdim edirlər.
Öz çıxışları ilə indiyədək bizə böyük sevinc bəxş etmiş
idmançılarımıza oyunlar çərçivəsindəki növbəti
yarışlarda da uğurlar diləyirik.
"Azərbaycan müəllimi" |