Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 İyun - №21

 

Müəllimlər yay tətilini harada və necə keçirəcək?

 

Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi"  

Böyütmək üçün seçinOrta məktəbdə oxuduğumuz vaxtlar üçaylıq yay tətili bitib, yeni tədris ili başlayanda ədəbiyyat müəllimimiz inşa mövzusu verərdi: "Mən yay tətilini necə keçirdim?". Biz də həvəslə yazardıq. Yayımızı elə gözəl təsvir etməyə çalışardıq ki...

Budur, yenə də yay tətili qapımızdadır. Buna görə də həmişə şagirdlərdən tətilini necə keçirdiklərini soruşan müəllimlərə, bu dəfə biz "Yay tətilini harada və necə keçirəcəksiniz" sualını ünvanladıq. Sualımızı  həm paytaxt Bakının, həm də müxtəlif bölgələrin təhsil ocaqlarında çalışan müəllimlər cavablandırdı.

Solmaz Əsgərova, Bakı şəhər 6 nömrəli məktəb-liseyin fizika müəllimi, əməkdar müəllim: - Yay tətili üçün biletimi qışdan alıb hazır etmişəm. İyun ayının sonunda balaca nəvəmin doğum günü olduğu üçün ikihəftəlik Türkiyəyə gedəcəyəm. Xızıda kiçik yay evi hazırlayırıq. Türkiyədən qayıdandan sonra Xızıya gedəcəyik, həm evin işlərini tamamlamaq, həm də istirahət etmək üçün. İyul və avqust aylarını da Xızıda olacağam. Mənim yay tətili üçün planlarım bundan ibarətdir.

Hüseyn Şahbəndəyev, Avropa Azərbaycan Məktəbinin Azərbaycan dili və ədəbiyyat kafedrasının rəhbəri, əməkdar müəllim: - Azərbaycanda mənalı istirahət üçün saysız imkanları olan turizm məkanları var. Mən də builki yay tətilində bu məkanlarda dincəlməyə üstünlük verəcəyəm. Buna görə də yay tətili günlərində istirahətlə bağlı iki istiqamət nəzərdə tutmuşam. İyul ayında ailəmizlə birgə cənub bölgəsində, Xəzəryanı istirahət məkanlarının birində dincəlmək fikrindəyəm.

Avqustun əvvəllərindən Qəbələdə iki həftə dincəlmək, təbiətlə baş-başa olmaq istəyirəm. Açığını desəm, bu rayonda keçən il təlimçi-ekspert kimi ongünlük kurikulum təlimi dövründə tanıdığım yerli müəllim dostlarımın təkidli tələbi bu arzumu bir qədər də artırır.

Qarşıdan gələn tətil dövründə hər bir müəllimə yüksək səviyyədə istirahət etmək şansları arzulayıram.

Aliyə Əhmədova, Sumqayıt şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin fizika müəllimi, "Əyləncəli fizika kurikulumu"  bloqunun yaradıcısı,  V "Elektron təhsil" müsabiqəsinin qalibi: - Əvvəlcə qeyd  edim ki,  2014-2015-ci tədris ili mənim üçün çox məhsuldar keçib. Tədris ili boyunca müxtəlif müəllim və şagird müsabiqələrində, təlim və seminarlarda, Sumqayıt şəhərinin ictimai həyatındakı müxtəlif tədbirlərdə iştirak etmişəm. Məhz buna görə də həm müəllim, həm də ailə sahibi kimi yay tətilində istirahətə ehtiyac duyuram. Bununla belə heç vaxt passiv istirahətin tərəfdarı olmamışam. Yay aylarında istirahətimizin estafeti Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarına tamaşaçı kimi qatılmaqla başlayacaq. Düşünürəm ki, bu, övladlarımı sağlam həyat tərzinə və idman növlərindən birinə istiqamətləndirmək üçün çox gözəl vasitə olacaq. Yaradıcı və öyrənmək həvəsi olan müəllimlər yay aylarını səbirsizliklə gözləyirlər, çünki məhz bu dövrdə müxtəlif təlimlərə start verilir. Bu baxımdan təlimçisi olduğum LabDisk Physio təlimlərində iştirakı planlaşdırıram. Yay tətili ərzində dəvət aldığım təhsillə bağlı tədbirlərdə də iştirak edəcəm. Yay istirahətimi  hər il olduğu kimi, ata- baba yurdu  səfalı Quba-Xaçmaz bölgəsində keçirməyi planlaşdırıram.

Məhəmməd Qarakişiyev, Balakən rayon akademik Zərifə Əliyeva adına 3 nömrəli tam orta məktəbin ingilis dili müəllimi,"Ən yaxşı müəllim" (2014) müsabiqəsinin qalibi, "Dünya Müəllimi Mükafatı"nın 50 ən yaxşı namizədindən biri: - Biz müəllimlər hər zaman şagirdlərimizə deyirik ki, yay tətilinizi səmərəli keçirin. Bunun üçün onlar yay düşərgələrinə, dil kurslarına və təhsil yönümlü təlimlərə qoşulmaq imkanı əldə etməlidirlər. Bu yolla istirahətlərini həm maraqlı, həm də faydalı keçirə bilərlər. Bəs müəllimlər özləri bu haqda nə düşünürlər? Bir müəllim olaraq çalışıram ki, yay tətilimi səmərəli keçirim. Bunun üçün qoşulacağım bir sıra treninq və proqramlar vardır ki, sırf ixtisasımla bağlıdır. Məsələn, British Council-in təşkilatçılığı ilə "Müəllimlər üçün kurs"da iştirak etmək istəyirəm. Amma sırf istirahət məqsədilə gedəcəyim yer də var.  Yaşadığım Balakən rayonuna yaxın Gürcüstanda ailəmlə birlikdə istirahət etmək istəyirəm. 

Sonda qarşıda bizi gözləyən yay tətili günlərində bütün təhsil işçilərinə xoş istirahət və yeni tədris ilinə daha səbrli və açıq hafizə ilə başlamalarını arzu edirəm.

Elnur Hacıyev,  Göygöl şəhər 1 nömrəli tam orta məktəbin tarix müəllimi, "Ən yaxşı müəllim" müsabiqəsinin  qalibi (2014) - 13 ildən artıqdır  ki, müəllim işləyirəm. Bu illər ərzində yay tətili zamanı istirahətə ayırdığım vaxtlar o qədər də çox olmayıb. 2006-cı ilə qədər yay tətilində istirahətimi fərqli keçirirdim. Demək olar ki, yayda davamlı olaraq normal istirahət edə bilmirdim. Ailə və uşaqlar olduqdan sonra övladlarım istirahət etmək üçün məni düşünməyə məcbur edir. Planım belədir. Yay məktəbləri təşkil olunsa onlara qoşulacağam.  Son illərdə Gürcüstana da gedirəm. İmkan etsəm ailəmlə getmək planım var. Dağda çadır qurub, 10 gün təbiət qoynunda yaxşı istirahət etməyi də düşünürük. Bizim Göygölün təbiəti dincəlmək üçün çox əlverişlidir.

Sevinc Əliyeva, Bakı Modern Məktəbinin ibtidai sinif müəlllimi, metodist, Təhsil Nazirliyinin "Mentorluq dəstəyi" layihəsi üzrə mentor, təlimçi, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi (2012) - Hazırda Təhsil Nazirliyinin "Mentorluq dəstəyi" layihəsi üzrə mentorluq fəaliyyətimi başa vurduqdan sonra iyunun 2-ci yarısında,  aldığım dəvətə əsasən Rusiya Federasiyasının Altay diyarında keçiriləcək "İdarəetmədə informasiya texnologiyalarının rolu" adlı  IV konfransda iştirak etməyi düşünürəm. Ondan sonra fənn kurikulumlarının tətbiqi ilə bağlı təlimlər də planlarımda var. Tətil müddətində hər il olduğu kimi iki  xarici ölkədə beynəlxalq təlimə qatılaraq öz dünyagörüşümü və təcrübəmi artıracağam. Bu təlimlər və topladığım təcrübə mənim yeniliklər etməyimə kömək olur. Xarici təcrübə əsasında keçirilən "Master klas" dərslər  daha effektli olur. Yay tətili müddətində vaxt tapdıqca günün ikinci yarısı ingilis dili danışıq kurslarında iştirak edərək sərbəst danışıq üzrə öz üzərimdə iş aparıram. İyul ayında multi media - fleş tapşırıqların hazırlanması üzrə işlər və onlardan istifadə qaydasının müəllimlərə başa salınması üzrə aparılacaq təlimlərdə iştirak etmək planlarımda var. İstirahət üçün  Balakən, Masallı, İsmayıllı rayonlarını nəzərdə tutmuşam. Fransaya və Altaya həm istirahət, həm konfrans, təlim məqsədi ilə gedəcəyəm. Türkiyə və Avstriyaya, əgər vaxt qalsa sırf  istirahət üçün getmək istəyirik.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov