Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional
Mərkəzi təhsil müəssisələri arasında nazirliyin
yaradılmasının 10 illik yubileyi münasibətilə "Gənc
xilasedici və yanğınsöndürən" yarışlarının zona
birinciliyini keçirib. Tədbirin açılışında çıxış edənlər
Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Təhsil,
Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən
yarışın əhəmiyyətini vurğulamaqla yanaşı, yeniyetmə və
gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin
yüksəldilməsinin, məktəblilər arasında şəxsi və ictimai
təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin, hərbi
vətənpərvərlik ruhunun aşılanmasının, yanğın və texniki
təhlükəsizlik qaydalarına ciddi əməl etmələrinin, ilkin
tibbi yardımın düzgün göstərilməsi qaydalarının
mənimsənilməsinin vacibliyini diqqətə çatdırıblar.
Aran Regional Mərkəzinin əhatə etdiyi şəhər və
rayonlardan 10 komandanın qatıldığı yarışda Göyçay
şəhər Z.Bünyadov adına 3 nömrəli orta məktəbi I, Ucar
rayon 2 nömrəli Qazıqumlaq kənd orta məktəbi II, Yevlax
rayon Nizami adına 7 nömrəli orta məktəbi III yerləri
tutublar.Yarışda fərqlənmiş komandalar diplom və
qiymətli hədiyyələrlə təltif olunub. I yeri tutan
komanda Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10
illik yubileyi münasibətilə keçiriləcək "Gənc xilasedici
və yanğınsöndürən" yarışlarının respublika mərhələsində
iştirak etmək hüququ əldə edib.
Şakir CƏFƏROV, "Azərbaycan müəllimi"
sh.cafarov@muallim.edu.az |