Füzuli rayonunun Kərimbəyli kənd tam orta məktəbini 30
il əvvəl bitirən məzunlar doğma təhsil ocağında yenidən
toplanıblar. Redaksiyamıza daxil olan məlumatda
bildirilir ki, məktəbin 1985-ci il məzunları onlara
"Əlifba"nı öyrədən müəllimləri ilə görüşüb, sinif
otağında vaxtilə oturduqları partalarda əyləşiblər.
Müəllim içəri girərək 30 il əvvəl olduğu kimi dərsin
başlandığını elan edib. O, şagirdlərinin qazandıqları
uğurlara, Vətən üçün gördükləri işlərə görə sevincini
ifadə edib, bu günün onun üçün ən fərəhli bir gün
olduğunu deyib. Məzunlar məktəb illərinin xoş
xatirələrini bölüşüb, qazandıqları uğurlara görə
müəllimlərinə borclu olduqlarını bildiriblər. Məzunlar
bir vaxtlar onlara bilikləri öyrədən müəllimləri və bu
gün görüşə gələ bilməyən sinif yoldaşlarını da yaddan
çıxarmayıblar. Onlar dünyasını dəyişən müəllimlərinin və
sinif yoldaşlarının məzarlarını, həmçinin Vətən uğrunda
canlarından keçmiş həmkəndlilərinin xatirəsinə ucaldılan
abidəni ziyarət ediblər. |