Çağdaş
Azərbaycan mətbuatında özünəməxsus yeri və rolu olan
"Tumurcuq" qəzeti 20 yaşını qeyd etməyə hazırlaşır.
Azərbaycan uşaq mətbuatının yaşı bir əsrdən çoxdur.
1906-cı ildə nəşrə başlayan "Dəbistan" (1906-1908) və
"Rəhbər" (1906-1907), ilk sayı 1911-ci ildə işıq üzü
görən "Məktəb"(1911-1920 ) uşaq mətbuatımızın
qaranquşlarıdır. Həmin məcmuələr görkəmli Azərbaycan
ziyalılarının qayğısı sayəsində yaşamış, uşaq
ədəbiyyatının balacalara çatdırılmasında böyük rol
oynamışlar.
Sovet dövründə nəşr edilən "Azərbaycan pioneri"
("Savalan") qəzeti, "Göyərçin", "Günəş" junallarının da
həm ədəbiyyatın təbliğində, həm yeni nəsil yazarların
yetişməsində, həm də uşaqların bədii-estetik zövqünün
formalaşmasında mühüm xidmətləri olmuşdur. Mir Mehdi
Seyidzadə, Mikayıl Rzaquluzadə, Mirvarid Dilbazi, Yusif
Əzimzadə, Teymur Elçin, Hikmət Ziya, İlyas Tapdıq, Tofiq
Mahmud, Zeynal Cabbarzadə, Xanımana Əlibəyli, Eynulla
Ağayev və digərləri ilk dəfə bu mətbuat orqanlarında çap
olunmuş və tanınmışlar.
"Tumurcuq" qəzeti Azərbaycan ikinci dəfə müstəqillik
qazandıqdan sonra respublikamızda latın qrafikası ilə
nəşr edilən ilk mətbu orqandır. Sələfləri kimi bu qəzet
də öz səhifələrində uşaq ədəbiyyatı nümunələrinə geniş
yer verir.
"Tumurcuq" 1996-cı ilin mart ayında balalarımızla ilk
görüşə gəlib. Bəlkə də baharda dünyaya gəldiyindən və
belə demək mümkünsə, həmişə uşaq və yeniyetmələrlə daim
nəfəs-nəfəsə olduğundan "Tumurcuq" daim bahar təravətli,
xoşməramlı olub. İlk sayından oxucuların ürəyinə yol
tapdığından, ünvanımıza qucaq-qucaq məktub, teleqram
gəlib. O məktublarda balacaların qəlbindən, gözlərinin
nurundan kağıza süzülən arzu dolu, duyğulu yazılar
qəzetimizin bəzəyinə çevrilib. Balaca oxucularımızın
istəyi ilə xalq şairi Bəxtiyar Vahabzadə, xalq yazıçısı
Anar, akademik Vasim Məmmədəliyev, professor Tofiq
Hacıyev, filologiya elmləri doktorları, şair Zahid
Xəlil, Məhərrəm Qasımlı, tanınmış şairlərimiz Musa
Yaqub, Fikrət Sadıq, Oqtay Rza, İlyas Tapdıq və
başqaları "Tumurcuq"un məsləhətçiləri və yazarları
olublar. Əlbəttə, bu məşhur insanlarla yanaşı, fidan
balalarımız da istək və arzularını, təklif və iradlarını
bildirməklə qəzetimizin daha da oxunaqlı olmasına kömək
ediblər. Məktəblilərin bizə ünvanladığı hər bir
məktubda onların ürək döyüntülərini, kövrək addımlarının
səsini duymuş, qəzetin hər bir sayının rəngarəng,
maraqlı olmasına səy göstərmişik. Bu çalışmalarımız və
uşaqlarımızın bizə verdiyi dəstək "Tumurcuq"u Azərbaycan
uşaq mətbuatının öncülünə çevirib.
İndiyədək "Tumurcuq" haqqında söylənən və yazılan xoş
sözləri toplasaq bəlkə də bir kitab yaranar. Onu da
deyək ki, "Tumurcuq" ölkəmizdə latın qrafikalı ilk qəzet
olmaqla yanaşı, müstəqilliyimizin ilk illərində onun
yazılarından məktəblilər sinifdənxaric oxu materialı
kimi də geniş istifadə ediblər. Bununla yanaşı, ötən
illər ərzində "Tumurcuq"un kitabxanası" seriyasından
ondan çox kitabı balaca oxucularımıza hədiyyə etmişik.
Bu işdə gözəl qələm sahibi, qəzetin ilk redaktoru Əli
Çərkəzoğlunun xidmətləri böyükdür.
Qeyd edim ki,"Tumurcuq"un fəaliyyətinə ən düzgün və
dəyərli qiyməti ümummilli liderimiz Heydər Əliyev verib.
Ulu öndərin söylədiyi "Tumurcuq" uşaqlar üçün çox zəngin
və dəyərli mənbədir" sözləri bizi sevindirməklə yanaşı,
daim məsuliyyətli olmağa sövq edir. Xalq şairi Bəxtiyar
Vahabzadə qəzetin 100-cü sayı ilə bağlı yazdığı məqalədə
"Tumurcuq"un mətbuatımızda və yetişməkdə olan nəslin
inkişafındakı xidmətlərini belə qiymətləndirib:
"Tumurcuq" qəzeti nəşrə başlayanda ona xeyir-dua
verənlərdən biri mən olmuşam. Ötən illər ərzində
"Tumurcuq" saydan-saya inkişaf edərək, gənc nəslin
yetişməsində mühüm rol oynaya bildi. Qəzetin dizaynı çox
gözəldir. Səhifələri boğucu, yorucu deyil. Yazıların
dili səlisdir. Hiss edirsən ki, bu qəzetin yazarları
demək istədiklərini az sözlə çatdırmağa çalışır, oxucunu
yormaq istəmirlər. Bu, mətbuat üçün çox əhəmiyyətli
keyfiyyətdir.
İnanıram ki, "Tumurcuq"u oxuyanlar xalqının tarixi
dostunu və düşmənini yaxşı tanıyarlar".
"Tumurcuq"u oxuduqdan sonra redaksiyaya məktub yazan və
ya görüşümüzə gələn hər bir alim, yazıçı, müəllim, idman
ulduzu, valideyn əsasən qəzetimizin ünvanına xoş sözlər
söyləyib və bizimlə həmişə əlaqə saxlamağa, bizə dəstək
olmağa çalışıb.
Dediyim kimi, "Tumurcuq" öz səhifələrində çağdaş uşaq
ədəbiyyatı nümunələrinə geniş yer verir. Özü də biz
yalnız müasir uşaq yazarlarımızın deyil, həm klassik
uşaq ədəbiyyatımızın, həm də dünyada tanınan və çox
oxunan yazarların yaradıcılığından nümunələri oxuculara
təqdim edirik. Dünya uşaq ədəbiyyatı ilə bağlı
səhifələri görkəmli şairimiz, professor Zahid Xəlilin
təqdimatı ilə oxuculara çatdırırıq. Müxtəlif
saylarımızda çap etdiyimiz dünya xalqlarının
nağıllarının xeyli hissəsini şair-alim Rafiq
Yusifoğlunun tərcüməsində balaca oxucularımıza təqdim
edirik. Çağdaş uşaq ədəbiyyatımızdan az şair və yazıçı
tapmaq olar ki, onun əsəri "Tumurcuq"da çap olunmasın.
Türk dünyasının görkəmli uşaq ədəbiyyatı yazarlarından
da xeyli yazıçı və şairin- Mövlanə Cəlaləddin Ruminin,
Ömər Seyfəddinin, Levent Ərtəkinin, Fəxrəddin Bozdağın,
Bəstami Yazqanın, Üzeyir Gündüzün və başqalarının
yaradıcılığına dönə-dönə müraciət etmişik. Sevinirik ki,
"Tumurcuq" yazarlarla azyaşlı oxucular arasında körpüyə
çevrilib.
"Tumurcuq"da respublikamızın ayrı-ayrı bölgələrindən
çoxlu oxucu məktubları çap olunur. Çoxunu da təhsil
işçiləri, məktəblilər yazırlar. Uşaqların şeir və
hekayələrini də bol-bol dərc edirik.
Düzdür, bəzən bizə uşaqların yaradıcılıq nümunələrinin
zəif olmasını irad tuturlar. Amma unutmayaq ki, bu
yazıları yazanların çoxu aşağı sinif şagirdləridir. Bu
yazılar onların kövrək qəlblərinin, düşüncələrinin
məhsuludur. O yazıların çoxu istər məzmun, istərsə də
heca və qafiyə baxımından qüsurludur. Ancaq təmiz
hisslərdir. Buna görə də o yazıların nisbətən
xoşagələnini çap edirik. Biz istəyirik ki, uşaqlar hər
hansı mövzuda öz düşüncələrini bizə yazmaqdan
çəkinməsinlər. Bu məsələ ilə bağlı balaca oxucularımıza
məsləhət və tövsiyələrimizi də qəzet vasitəsilə
çatdırırıq.
Qəzetin səhifələrində müxtəlif informasiyalardan, əsasən
tarixi gün və hadisələrin qeyd olunmasından, keçirilən
yubileylərdən, uşaqların özləri və oxuduqları məktəblər
haqqında yazılardan da bol-bol istifadə edirik.
Ölkəmizin həyatı üçün xüsusi önəm daşıyan hadisələr
haqqında yazıları dərc edirik. Bir sözlə, ayda bir dəfə
24 səhifə həcmində nəşr olunan qəzet öz oxucularına
onların bilməli olduğu hər şeydən yazır, hətta
biliklərini yoxlamaq üçün testlər də verir. Ümumiyyətlə,
çalışırıq ki, balaca oxucularımız bizdən heç vaxt narazı
qalmasınlar, qəzetimizi əllərindən yerə qoymasınlar, öz
biliklərini bizim yazdıqlarımız əsasında daha da
zənginləşdirsinlər.
Səməd MƏLİKZADƏ,
"Tumurcuq" qəzetinin redaktoru |