Atamın əziz ruhuna
Bu ulu dağların qoca qartalı
Bir gün oylağına yaralı düşdü.
Zil qara geyindi baxtı-yığvalı,
Qanadı göylərdən aralı düşdü.
Qəfil almayanda üstünü ölüm
Başını qaldırıb göylərə baxdı.
Tufan arzuladı qan olan könlü-
Xəyalı özünü şimşəyə çaxdı.
Dəyişmişdi dünya, dayanmışdı vaxt,
Zəhimli gözləri hey nəmlənirdi.
Ona yaraşmırdı döşəli qalmaq-
Ölüm ləngidikcə o, qəmlənirdi.
Yurdu əzəl gündən zirvəydi, göydü,
Süzüb dolanırdı yel atı kimi.
Gərək ölümü də qəfil gələydi,
Gələydi şığıyan qanadı kimi.
Susmaq bilmədikcə qanlı yarası,
İmdad diləyirdi uca göyündən.
Buludda qalmışdı axır murazı-
Qartal utanırdı gec ölməyindən... |