Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 İyun - №21

 

Sizə əsa alacağam

 

Ələşrəf  NİFTİYEV,
Yazıçı-publisist, "III dərəcəli Vətənə xidmətə görə" ordenli dövlət qulluğu veteranı
 

Əkbər baba uzun müddət pedaqoji sahədə çalışdığından, uşaq psixologiyasına yaxşı bələd olduğundan müşahidələrinə əsasən onunla birgə yaşayan gənc ailəni müntəzəm başa salaraq hərdənbir danlayırdı ki, uşaqların tərbiyəsi barədə  məşhur pedaqoqların söylədiyi kimi hələ anadan doğulmamışdan ciddi düşünmək lazımdır. Burada  diqqətsizlik, biganəlik və vaxtı itirmək olmaz, əks-təqdirdə gələcəkdə ağır fəsadlar baş verə bilər. Yaşlı müəllim  məsləhət bilirdi ki, əməksevərlik, inandırıcı nümunələr valideynlərin özlərindən başlamalıdır. Zorakılıqdan, təhqirdən, qışqırıb-bağırmaqdan, hədə-qorxu metodlarından çəkinmək lazımdır. Uşaqlarla dost kimi öz dillərində danışmaq, yaş xüsusiyyətlərini nəzərə almaqla onlarla xoş rəftar etmək lazımdır. Rəğbətləndirməyə, ümidverici sözlərə geniş yer verilməlidir.

Babanın bu tövsiyələri tezliklə öz nəticələrini vermirdi. Gənc ailə bu məsələlər üçün hazırlıqlı deyildi. Onlara arxayın olmayıb baba və nənə başladılar əvvəlkindən də artıq uşaqlara vaxt sərf etməyə. Onları vaxtaşırı gəzintiyə çıxarır, həyətdə xırda təsərrüfat və əmək işlərinə cəlb edirdilər. Hətta nəvələrə yavaş-yavaş oyuncaq şəklində buraxılan kürək, çəkic, dırmıx, ağac və kolları suvarmaq üçün balaca su səpən qab və sair alətlər də aldılar. Yaşlılara baxıb nəvələr Əli və Yusif əmək işlərində kiçik alətlərlə iş görməyə, suvarma zamanı şlanqı əllərinə tutmaqla yaxından iştirak etməyə başladılar. Gördükləri haqda və yenə də sabah işləmək istəkləri barədə tez-tez həvəslə danışırdılar. Bir neçə gün söhbətlər şirinləşdi, dərinləşdi, xeyirə və irəliləyişə doğru getdi. Soğan-sarımsağın, kolların, ağacların dibinə peyin verilməsi və suvarılmasında, meyvə dərimində uşaqlar artıq xüsusi fəallıq göstərirdilər: nərdivana dırmaşıb məhsulları dərir, yuyur, ləzzətlə yeyirdilər. Hərəsi öyünərək deyirdi ki, "mən əkmişəm", "mən dərmişəm" və sair. Hətta meyvə ağaclarından, bostan və tərəvəz bitkilərindən dərib mət, şoraba, mürəbbə hazırlanmasındakı cüzi iştirakları da  balacaları çox gümrahlandırmışdı, səliqə-sahmana, iş görməyə bəhsləşmələri və rəqabətləri xeyli artmışdı.  

Əkbər baba və Samirə nənə də bu işlərə görə balacaları tərifləyər, həvəsləndirər və rəğbətləndirərdilər. Ev quşlarına dən-su verməklə yumurtalarını yığmaq, vaxtında bala çıxartmaq üçün  quşların altına düzməkdə və ağacların basdırılmasında, yenicə yumurtadan çıxmış quşciyəzlərə qulluq göstərilməsində bu uşaqlar əsl köməkçiyə çevrilmişdilər. Onlar yavaş-yavaş şüurlu surətdə başa düşürdülər ki, işləyib çalışmasalar, əkib-becərməsələr heç nə götürmək olmaz. Atalar demişkən "Əkiblər yemişik, əkərik yeyərlər".

Yavaş-yavaş aparılan bu tədbirlər uşaqlara elə sirayət etdi ki, birinci sinfi bitirən Yusif hətta bəzən bu və digər işləri görməməkdə və tənbəllikdə ata-anasından gileylənməyə başladı.

İşlər yaxşılığa doğru sürətlə gedirdi. Evin balaca nəvəsi Əli daha səmimi, işgüzar və çalışqan görünürdü. Baba və nəvə bir dəfə yenə də uşaqları həyətə çıxarıb müəyyən əmək işlərinə cəlb etməyə hazırlaşırdılar. Əkbər baba dilləndi ki, nəvələrim, baxın, bu evi, çəpəri, quyunu, hamamı, quş hinlərini - hər şeyi baba alıb tikib sizin üçün.

- Baba, bizim evimizi də sən tikdirmisən?  deyə Əli yaşadıqları evin qonşu otaqları barədə maraqla soruşdu.

- Əlbəttə, əlbəttə, hamısını baba alıb düzəldib.

- Bəs atam-anam tikməyib?

- Yox, Əli, biz bunları edəndə ata-ananız siz boyda idi. Daha biz qocalmışıq, tez-tez xəstələnirik və güclə yeriyirik. Artıq odun yarmağa gücümüz yoxdur. Ağır işlərə girişə bilmirik. Biz sizlərə hər şey almışıq və alırıq. Bəs böyüyəndə siz babaya və nənəyə nə alacaqsınız? - qocalar nəvələrə sual verdilər.

Böyük nəvədən diribaş və hazırcavab olan Əli qardaşını qabaqlayıb gücənə-gücənə dilləndi:

- Oda, ey, o da, mən böyüyəndə, böblə pulum olanda babaya və nənəyə ələ tutulan çəlik, əsa alacağam.

Baba və nənə özünün qəribəçilikləri ilə fərqlənən balaca Əlinin hikmətli sözündən razı qaldılar. Onu qucaqlayıb öpdülər. Bu qoca çağlarında ayaq üstə durmağa taqəti olmayan, hətta otaqdan-otağa keçmək çətinliyi yaşayan, bəzən yıxılmamaq üçün əllərini divarlara və pilləkənə dayayaraq  çətinliklə yeriyən yaşlılara heç olmasa nəvə Əlinin imkanı daxilində belə bir söz və vəd verməsi heç də pis dayaq və köməklik deyildi.

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov