Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 İyun - №21

 

Mənim anam...

 

Hekayə 

Ələşrəf  NİFTİYEV,
Yazıçı-publisist, "III dərəcəli Vətənə xidmətə görə" ordenli dövlət qulluğu veteranı
 

Balaca Həsənbala doğulduğu ailədə anasının əməksevərliyinə və hədsiz qayğıkeşliyinə elə isinmişdi ki, adi iş üçün həyətə düşəndə, mətbəxə gedəndə onun əlindən yapışıb ardınca yollanardı.                                                                                     

Bir dəfə 8-9 yaşında ikən televiziyaya birgə baxarkən 26 fevral - Xocalı faciəsi günü ilə əlaqədar veriliş gedirdi. Anaların və uşaqların naləsi, qışqırtısı, göz yaşları, qar və buz üstündə yalın ayaqlarının donması, erməni vəhşilikləri ilə körpələrə və böyüklərə xüsusi amansızlıqla işgəncə verilərkən ufultuları və ağlaşmaları Həsənbalanın da xısın-xısın göz yaşları tökməsinə səbəb oldu. Körpələrin gözü qarşısında analara zülm edilib öldürülməsindən bəhs edən səhnələrə baxarkən babası uşağın necə təlaş və həyəcan keçirdiyinin şahidi oldu. O, nəvəsinin diqqətini bu qəmli mənzərələrdən yayındırmaq məqsədilə söhbəti başqa istiqamətə yönəltməyə çalışdı.

Bir neçə müddətdən sonra uşağın növbəti gəlişi zamanı babasının keçən dəfəki qadağasına baxmayaraq qonşu otaqda dayısı uşaqları ilə Rusiya televiziyası kanalında verilişə tamaşa edirdi. Burada ikinci cahan müharibəsinin qanlı səhifələrindən bəhs edən döyüş səhnələrində faşistlərin uşaq və qadınları zorakılıqla girov götürüb amansızcasına güllələməsi, aclıqdan və xəstəlikdən üzülmüş uşaq və qocaların qabırğaları görünən fraqmentlər nümayiş etdirilirdi. Əsir uşaqların və valideynlərinin qaz kameralarında diri-diri yandırılması epizodlarına tamaşa edən uşaq sarsılıb dəhşətə gəlmişdi. Verilişin növbəti gedişində Leninqradın mühasirəsi zamanı aclıqdan və şaxtadan donmuş cəsədlərin kirşə ilə daşınması, ölümcül halda ayaq üstə durmaq taqətində olmayanların birdən yerə sərilib dünyasını dəyişməsindən bəhs edən səhnələr göstərilirdi. Bütün bu səhnələr balaca Həsənbalada güclü qorxu və təlaş yaratmışdı. Anaların naləsini, uşaqların çığırtısını eşidən nəvə qonşu otaqda rahatlıq tapmayıb bir azdan babasının istirahət etdiyi otağa gəlir. Gördüyü amansızlıqları və qəddarlıqları  dili dolaşa-dolaşa ona nəql edir.

Mustafa kişi, nəvəsi uşaq olsa da, onun zəkasına və ağlına yaxşı bələd idi. Baba ailə üzvlərinin hüzurunda sakitcə öyüd-nəsihətə başladı ki, ay bala, dünya elə əzəldən belə qurulub. Dolub-boşalır, çox şey bəzən artır, sonradan tükənir və yenisi yaranır. Bir şeyin başlanğıcı varsa, sonu da var. İnsanlar da doğulur, yaşayır, sonda xəstələnir, qocalır və nəhayət dünyasını dəyişir, ancaq yeri boş qalmır, dünyaya yeni körpə gəlir, insan nəsli artır və davam edir.  Bala, görürsən də, babaların və nənələrin də artıq qocalıblar. Tez-tez xəstələnir, güclə dirənib yeriyirlər. Vaxt gələcək bizlər də dünyadan köçəcək və dünyamızı dəyişəcəyik. Sən uşaqsan, belə fikirlərlə işin olmasın, bu barədə düşünmə, dərslərinlə məşğul ol. Hamı öləcək, bu dünyada heç kəs qalmayaçaq..,  deyə kövrək səslə qoca sözünü bitirdi.

Babasının fikrini tamamlamağa macal verməyib, nəvə ilk dəfə olaraq xüsusi  kobudluqla, ucadan səbrsiz halda qışqırıb, hönkürtü salıb ağlaya-aylaya:

Yox, mənim anam ölməyəcək, heç vaxt ölməyəcək. Mən buna imkan verməyəcəyəm, razı olmayacağam...,  deyə uşaq hiddətindən coşdu.

Əlbəttə, bu sözün qarşısında azyaşlı uşağa belə məqamda başqa əks-təsirli məsləhət və ya söz demək qeyri-mümkün idi.

...Həmin dövrdən illər keçib. Anasının sevimlisi, babalarının və nənələrinin ağıllı-kamallı, dərrakəli və zikrli yeniyetmə nəvəsi Həsənbala bu mövzularda rast olunan söhbətlərin əsnasında daha həmin kəlməni işlətmir. Axı böyüyüb və yaxşı anlayır ki, dünyaya övlad gətirən, gecə-gündüzünü, gözünün nurunu, qəlbinin hərarətini, cansağlığını və ömrünü bala yolunda qurban verməyə hazır olan analar əbədi yaşayır. Onlar ölmürlər, dünyalarını dəyişirlər. Anaların müqəddəs amalları və ruhları qarşısında övladlıq borcu isə daimi və dəyişməzdir.

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov