Göyçay Rayon Təhsil Şöbəsindən aldığımız məlumatda
bildirilir ki, rayonunun Çərəkə kənd 2 nömrəli tam orta
məktəbində 40 il öncə kədər hissi ilə bir-birindən
ayrılan məzunlar yenidən görüşüblər.
Görüşdə maraqlı anlar
yaşanıb. Müxtəlif sahələrdə çalışan məzunların kimisi
paytaxtda, kimisi digər şəhər və rayonlarda həyatlarını
davam etdirir. Amma bu görüş onları uzun illərdən sonra
bir araya gətirib. Məzunlar 40 il öncə olduğu kimi, yenə
də məktəbin zəngi çalındıqdan sonra öz siniflərinə daxil
olublar. On il bir dərs stolu arxasında əyləşdikləri
sinif yoldaşlarının böyük əksəriyyəti burada olsalar da,
bir neçəsi dünyasını dəyişib. Bu görüşə ən çox
sevinənlər həm də keçmiş şagirdlərin qocaman müəllimləri
olub. Məktəbin kimya müəllimi Lalə Eyvazova dərsdə
təkrar davamiyyəti yoxlayıb, gəlməyənlər haqqında
müəllimə məlumat verilib. Sinifdə dərs keçirilib,
olub-keçənlər təkrar xatırlanıb. Lalə müəllim məzun günü
sinfə daxil olarkən 40 il öncəki həyəcanı yaşadığını
deyib. O, ilk buraxılış sinfi olan bu məzunları 40 ildən
sonra təkrar sinifdə görməkdən gözəl hisslərin
olmadığını vurğulayıb.
Sonra zəng çalınıb, dərs bitib, keçmiş məzunlar və
müəllimlər bir süfrə arxasında əyləşiblər. Məktəbin
birinci sinif şagirdləri keçmiş məzunları gül-çiçək,
şeir və mahnılarla təbrik ediblər.
Tədbirdə müəllim və məzunlar çıxış edərək şirin
xatirələrdən söhbət açıblar.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |